Şəbnəm Həsənli Azərbaycanlı gənc alim, Filologiya üzrə elmlər doktoru, dosent[mənbə göstərin]
Şəbnəm Həsənli-Qəribova | |
---|---|
Şəbnəm Rasim qızı Həsənli-Qəribova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Türkologiya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | Dosent |
İş yeri | AMEA Nəsimi adına Dilçilik İnstitutu |
Filologiya elmləri doktoru Şəbnəm Rasim qızı Həsənli-Qəribova 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur[1]. 2004-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. Birinci kurs tələbəsi ikən AMEA Nəsimi adına Dilçilik İnstitutu Bakı dilçilik məktəbinin keçirdiyi "Gənc dilçilərin müsabiqəsi"ndə "Türk dünyasının ilk ensiklopediyası" adlı məruzə ilə çıxış edərək birinci dərəcəli Fəxri diploma layiq görülmüşdür. 2008-ci ildə Türk dili və ədəbiyyatı ixtisasının bakalavr pilləsini Mirzə Kazımbəy adına təqaüdlə bitirmişdir. 2008–2010-cu illərdə BDU Şərqşünaslıq fakültəsində Türk dili ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. Magistr dövründə Bakı Dövlət Universitetində 90 illiyinə həsr olunmuş "50+50" qrant layihəsinin qalibi olmuş və 2 il müddətinə bu layihəni həyata keçirmişdir. 2009-cu ildə "M. Kaşğarinin Divanü-luğat-it-türk" əsərində feilin zamanları" mövzusunda məruzəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Ən yaxşı tələbə elmi-tədqiqat işi" müsabiqəsinin qalibi olmuşdur. 2009-cu ildən AMEA Nəsimi adına Dilçilik İnstitutunda elmi fəaliyyətə başlamış, laborant, baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2012-ci illərdə BDU Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2011–2014-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktoru pilləsi üzrə doktoranturada təhsili almış, "XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası" mövzusunda müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2017-ci ildə gənc alim kimi uğurlu fəaliyyətinə görə Azərbaycan Gənc alimlərinin I Qurultayına nümayəndə olaraq seçilmişdir. 2018-ci ildə AAK-ın qərarı ilə Türk dilləri ixtisası üzrə dosentlik elmi adına layiq görülmüşdür. 2019-cu ildə AMEA Rəyasət Heyətində keçirilən "Gənc qadınlar elmdə" müsabiqəsində göstərdiyi elmi fəaliyyətə görə ikinci yerə layiq görülmüş və Fəxri diplom ilə təltif olunmuşdur.[2]. 2019–2021-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Dilçilik araşdırmaları" elmi jurnalının məsul redaktoru olmuşdur. 2017-ci ildən AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin elmlər doktorluğu üzrə dissertantı olmuşdur. 2022-ci ildə "XIII-XVI əsrlər Türk dillərində elmi üslubu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2023-cü ildə Türk dilləri ixtisası üzrə filologiya elmlər doktoru elmi dərəcəsi almışdır. Dilçiliyin müxtəlif sahələrinə, xüsusilə, türkologiya, türk dillərinin tarixi-müqayisəli tədqiqi, leksikologiya, dil tarixi, dil nəzəriyyəsi və dil əlaqələri ilə bağlı 6 monoqrafiyanın, 6 lüğətin, 3 kitabın, 140-a yaxın məqalənin müəllifidir[3]. Tədqiqatlarında XI–XII əsrlər türk dillərinin etnoqrafik leksikası, orta əsrlərdə elmi üslubun formalaşması, türk dillərində söz yaradıcılığı prosesi, müasir türk dillərinin leksik-qrammatik xüsusiyyətləri araşdırılmışdır. O, Türkiyə, Qazaxıstan, İtaliya, Almaniya, Rumıniya, Əfqanıstan, Polşa və s. ölkələrdə beynəlxalq konfranslarda iştirak etmişdir.