Şəmsəddin Qurban oğlu Sultanov (1917, Pirquluoba, Quba qəzası – 20 oktyabr 1976, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1954), "Azərittifaq"ın sədri (1974–1976).
Şəmsəddin Sultanov | |
---|---|
22 fevral 1954 – 1955 | |
Əvvəlki | Salam Aydınbəyov |
Sonrakı | Nadir Axundov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 1976 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
|
|
Təltifləri |
|
Şəmsəddin Qurban oğlu Sultanov 1917-ci ildə hazırkı Xaçmaz rayonunun Pirquluoba kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 16 yaşında kolxozun hesabdarı kimi başlamışdır.[1]
1938-ci ildə Bakı Xalq Təsərrüfatı Uçotu Texnikumunu bitirdikdən sonra Voronej Dövlət Universitetinə daxil olan Şəmsəddin Sultanov Böyük Vətən müharibəsi başlandığı üçün təhsilini bitirə bilməmişdir. 1941-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Ordudan tərxis edildikdən sonra o, təhsilini və əmək fəaliyyətini davam etdirmiş, 1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.[1] Rayon partiya komitəsinin təbliğatçısı, şöbə müdiri, katibi, Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin şöbə müdiri, "Azərneft" Birliyi rəisinin müavini vəzifələrində çalışmışdır.[2]
Şəmsəddin Sultanov 1952-ci ildən ömrünün axırınadək təsərrüfat və sovet orqanlarında rəhbər vəzifələrdə olmuşdur.[1] O, istehsal kooperasiyası, Azərbaycan SSR Ticarət Nazirliyi və Dövlət Plan Komitəsi sistemlərində çalışmışdır. Azərbaycan SSR ticarət nazirinin müavini, ticarət naziri, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı idarə heyəti sədrinin müavini, Bakı Şəhər Ticarət İdarəsinin rəisi, Dövlət Plan Komitəsində şöbə rəisi, nazirin birinci müavini vəzifələrini daşımışdır. 1968-ci ildən "Vostokintorq" Birliyi sədrinin müavini, Azərbaycan SSR Nazirlər Sovetinin şöbə müdiri vəzifələrində işləmişdir. 1974-cü ildən "Azərittifaq"ın idarə heyətinin sədri olmuşdur.[2]
Şəmsəddin Sultanov Azərbaycan KP MK üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar ticarət işçisi" fəxri adı verilmişdir.[2] "Qırmızı ulduz", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif edilmişdir.[3]
Şəmsəddin Sultanov 20 oktyabr 1976-cı ildə vəfat etmişdir.[1] I Fəxri Xiyabanda dəfn edilmişdir.[3]