Şərəfəddin Əli Yəzdi (XV əsr[1], Yəzd – 1454, Yəzd) – tarixçi, Əmir Teymurun yürüşlərindən bəhs edən "Zəfərnamə" əsərinin müəllifi.
Şərəfəddin Əli Yəzdi | |
---|---|
Doğum tarixi | XV əsr[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1454 |
Vəfat yeri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Şərəfəddin Əli Yəzdi Yəzd şəhəri yaxınlığında anadan olmuşdur. Təvəllüd ili bilinmir. Vəfatı 1454-cü ildir. Bir müddət Heratda Sultan Şahruxun, sonra isə Farsda İbrahim sultanın yanında xidmət etmişdir. O, poeziya, fəlsəfə, astronomiya sahəsində geniş biliyə malik idi, "Şərəf" təxəllüsü ilə şeirlər yazırdı. Sultan Şahruğun göstərişi ilə isə Moğolustanın gənc xanı Yunus xanın müəllimi olub. Yunus xan 1428/1429-cu ildə Uluq bəyin yürüşləri zamanı əsir götürülmüşdür. Şərəfəddin Əli Yəzdi bir müddət Yəzddə Yunus xan ilə birlikdə yaşamış, onun təlim-tərbiyəsi ilə məşğul olmuş, öz biliyini onunla bölüşmüşdür. Yunus xan gələcəkdə Hindistanı fəth edəcək Zahir əd-din Məhəmməd Baburun ana babası oldu. Bu sülalə – Böyük moğollar, üç əsr Hindistanda hökmranlıq etdi.
Amma Şərəfəddin Əli Yəzdinin ən böyük işi "Zəfərnama"ni yazması idi. O, 1419-cu ildə Fars hakimi İbrahim sultanın (Əmir Teymurun oğul nəvəsi və Sultan Şahruxun oğlu) sarayında xidmət edərkən İbrahim sultan ona Əmir Teymur haqqında məxsusi kitab yazmaq tapşırığı vermişdir. İbrahim sultan lazım olan bütün sənəd və yazılı materialları bir yerə toplatdırmaqla yanaşı, bəzi hadisələrin sağ qalmış iştirakçılarını da sarayına dəvət edib onların şəhadətlərini də yazıya köçürtdürmüş və bütün işi ümumiləşdirməyi, yəni lazım olan əsəri tərtib etməyi Şərəfəddin Əli Yəzdinin öhdəsinə buraxmışdı. Kitabın yazılma prosesində hansısa hadisənin təsvir edilməci zamanı nəsə mübahisəli bir şey olsa idi, İbrahim sultan təcili surətdə böyük şəhərlərə çaparlar göndərib həmin məsələni dəqiqləşdirmək üçün Əmir Teymurun başqa zamandaşlarının da köməyindən faydalanar və həm də yazdırdığı kitab üçün əlavə məlumat toplatdırarmış. "Zəfərnamə"dəki bəzi şərhlər isə Şərəfəddin Əli Yəzdinin şəxsi müşahidələrinə əsaslanmışdır. Əsər 1424/25 (– h. 828) ci ildə tamamlansa da, müəllif tərəfindən redaktəsi sonrakı üç il ərzində davam etdirilmişdir.
Şərəfəddin Əli Yəzdi sözgedən əsəri üç məqalədən – yəni üç cilddən ibarət olmasını planlaşdırmışdı; I cild – Əmir Teymura, II cild – Sultan Şahruxa, III cild isə – İbrahim sultan haqqında olmalı idi. Fəqət, sonrakı iki cild müəllif tərəfindən ya yazılmamış, ya da, yazılsa da onların orijinalları kimi, surətlərindən də heç biri zəmanəmizədək gəlib çatmamışdır.
"Zəfərnamə" 1887 və 1888-ci illərdə, 1-ci və 2-ci hissələr olmaqla Kəlküttədə, daha sonra – 1958-ci ildə, Tehranda çap olunmuşdur. Lakin bu nəşrlər zamanı istifadə edilmiş əlyazma nüsxələrinin heç birində əsərin ümumi həcminin beşdən birini təşkil edən "Müqəddimə" olmadığına görə, təbii ki həmin hissə də çap edilməmişdir. "Zəfərnamə"nin başqa bir və daha mükəmməl nüsxəsinin faksimelisinin – Özbəkistan EA Şərqşünaslıq İnstitutundakı 4472 şifrə altında saxlanılan əlyazmanın 1972-ci il Daşkənd nəşrində (Ə. Urunbayev tərəfindən çapa hazırlanıb) isə söz gedən çatışmazlıq aradan qaldırılmışdır.
Elə həmin nəşr əsasında da tarix elmləri doktoru Vaqif Piriyev "Zəfərnamə"dən Azərbaycana aid və digər bəzi maraqlı çıxarışlar edərək, onları dilimizə çevirmiş və bunlar 1996-cı ildə Bakıda kitabça şəklində nəşr olunmuşdur.
2008-ci ildə Daşkənddə "Zəfərnamə"nin rusca tərcüməsi nəşr olunmuşdur[2].