Şaban Şirdanov

Şaban Şirdanov — Azərbaycanlı futbol mütəxəssisi.

Şaban Şirdanov
Ümumi məlumatlar
Tam adı Şaban Rəcəb oğlu Şirdanov
Doğum tarixi
Doğum yeri Aşağı Tala, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Klub haqqında məlumat
Klub Azərbaycan Simurq Zaqatala (əvəzedicilər)
Vəzifəsi baş məşqçi
Karyerası
Klub karyerası[* 1]
1981—1995 SSRİ/Azərbaycan Daşqın Zaqatala
Milli yığma[* 2]
Azərbaycan Azərbaycan (tələbələr)
Məşqçisi olduğu klublar
1981—1995 SSRİ/Azərbaycan Daşqın Zaqatala
2001—dən Azərbaycan "Başqala" Zaqatala
2005—dən Azərbaycan Simurq Zaqatala

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Şaban Rəcəb oğlu Şirdanov 1960-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur.

1982-ci ildə Azərbaycan SSR Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə ilə bitirmişdir[1].

Ali təhsil aldığı illərdə tərkibində İqor Ponomaryovun da oynadığı Azərbaycan SSR-in tələbələrdən ibarət yığma komandasında çıxış etmişdir. Ali məktəbi bitirdikdən sonra onun təyinatını elə doğulduğu Zaqatala rayonuna verirlər[1]. Burada idman müəllimi kimi işə başlayır[1]. Az sonra rayonda futbol məşqçisi kimi tanınır[1].

1981-ci ildə Zaqatalaya qayıdaraq bir müddət əvvəl dağılmış rayonun "Daşqın" futbol komandasını yenidən bərpa etmiş, 1995-ci ilədək həmin komandanın oynayan baş məşqçisi olmuşdur. "Daşqın" onun rəhbərliyi altında 1988-1990-cı illərdə SSRİ çempionatının aşağı dəstələrində, 1992-1993-cü illərdə müstəqil Azərbaycanın ilk milli çempionatlarında, 1994-1995-ci illərdə Azərbaycan çempionatının aşağı dəstəsində mübarizə aparmışdır.

1991-ci ildə Azərbaycanda ilk dəfə rayon kəndləri arasında bütün mövsümü əhatə edən dairəvi, iki dövrəli futbol çempionatı keçirmişdir.

1992-ci ildə keçirilən ilk Azərbaycan çempionatının Güclülər dəstəsində mübarizə aparan "Daşqın" 26 komanda arasında 16-cı olmuşdur.

1993-cü il mövsümünü isə komanda yüksək səviyyədə keçirmiş, uzun müddət öz qrupuna başçılıq etmiş, son anda öz meydanında Sumqayıt "Xəzər"inə uduzaraq yarımfinala çıxa bilməmişdir. Bundan sonra "Daşqın" maliyyə problemləri ilə əlaqdar olaraq dağılmışdır.

Lakin Şaban Şirdanov futboldan uzaq qalmamış, uşaq futbolunun inkişafı və futbolun kütləviləşdirilməsi üçün çalışmışdır. 1995-2000-ci illərdə Qala düzündəki stadionda uşaq qrupları ilə işləmiş və dəfələrlə turnirlər təşkil etmişdir.

2001-ci ildə "Başqala" futbol klunu təsis etmiş, çalışmalarına əsasən Tala stadionlarında, kifayət qədər məhdud şəraitdə davam etmişdir. Şəxsi səyləri və bəzi iş adamlarının yardımı ilə "Başqala" 2001 və 2007-ci illərdə Futbol üzrə Azərbaycan çempionatının Həvəskarlar liqasında iştirak etmişdir.

Azərbaycanda futbolda böhranın hökm sürdüyü 2002-2003-cü illər mövsümündə Zaqatalada tarix ərzində ikinci dəfə yenə də onun təşkilatçılığı ilə 16 kənd komandasının iştirak etdiyi və 10 aya davam edən 30 turluq futbol çempionatı keçirilmişdir.

2005-ci ildə "Simurq" futbol klubu yaranandan sonra o, yeni komandadan öz köməyini əsirgəməmiş, "Başqala"nın yetirmələriylə "Simurq"un adından aşağı yaş qrupları üzrə bir neçə ölkə çempionatında iştirak etmişdir.

Şaban Şirdanov hazırda "Simurq" klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi və AFFA-nın regional selekdioneri[2] kimi fəaliyyət göstərir. 50 yaşına baxmayaraq o hələ də müəyyən oyunlarda meydana çıxıb futbolçu kimi mübarizə aparır və hətta qol da vurur[3]. Belə ki, o, 2010-cu ilin aprelində Unibank Premyer Liqasındakı komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında XXVII turunda Zaqatalada keçirilən "Simurq""Turan" oyununda meydana çıxmış və 90+2-ci dəqiqədə komandasının yeganə qoluna imza ataraq, ən qoca qol müəllifi kimi Azərbaycan futbolunun tarixinə düşmüşdür[4].

Onun 6 yetirməsi – Qurban Qurbanov, Musa Qurbanov, Tural İsgəndərov, Tural Rəcəbov, Oruc Balaşlı, Yusif Dilanov Azərbaycanın əsas, həmçinin müxtəlif yaş qrupları üzrə yığma komandaların formasını geymişdir.

2007-ci ildə yetirməsi olan 11 yaşlı Rəhman Şabanov AFFA-nın təşkil etdiyi "Top" festivalında qalib gələrək[1], Ukraynanın "Arsenal" klubuna 3 aylıq təlimlərə göndərilmişdir. Daha bir yetirməsi isə 2010-cu ildə İtaliyanın "Milan" klubunda təlim-məşq toplanışı keçmək üçün dəvət almışdır.