Şah Abbas Karvansarası — Şah Abbasın əmri ilə Gəncə şəhərində tikilmiş karvansara. Karvansara Çökək Hamam və Şah Abbas məscidi ilə yeraltı yollarla əlaqəli olub.
Şah Abbas karvansarası | |
---|---|
40°40′43″ şm. e. 46°21′39″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Gəncə |
Tikilmə tarixi | XVII əsr |
Vəziyyəti | Bərpa edilib |
Kateqoriya | karvansara |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Karvansaranın inşasına 1606-cı ildə Şah Abbas Səfəvinin göstərişi ilə başlayıblar.[1] Binanın layihələndirilməsinə və tikintisinə Şeyx Bəhaəddin başçılıq edib. Bişmiş qırmızı kərpicdən yaradılan ikimərtəbəli bina 1613–1614-cü illərdə istifadəyə verilib.
Rus şairi Yakov Polonski XIX əsrin ortalarında Gəncədə səfərdə olarkən bir neçə gün Şah Abbas karvansarasında qalıb. Sonradan 1847-ci ildə Zakavkazski vestnik qəzetinin 21-ci nömrəsində çıxan "Gəncə" oçerkində şəhər və bu karvansara haqda öz təəssüratını çap etdirib.[2]
1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğın zamanı bu karvansara da yandırılıb və abidə ciddi dağıntıya məruz qalıb.[3] Karvansaranın yandırılması ilə bağlı Firudin bəy Köçərli öz xatirələrində yazıb:
1905-ci sənədə…erməni tayfasının üzündən salamat qalmadı. Şah Abbas karvansarası yanıb tələf oldu[4]. |
Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra karvansara 1930-cu ilə kimi fəaliyyət göstərib. 1970-ci illərdə Şah Abbas və Uğurlu xan karvansaralarında rəssam Cavanşir Məmmədovun rəhbərliyi ilə kompleks bədii tərtibat, bərpa və abadlaşdırma işləri aparılıb. Daha sonra karvansarada "Azərbaycan miniatürləri" muzeyi, "Məhsəti Gəncəvi" – qadınların yaradıcılığı muzeyi yaradılıb.[5] Binanın fasadında şairə Məhsəti Gəncəvinin heykəli qoyulub.[6]
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7]
Karvansaranın binasında bir müddət Gəncə Humanitar Kolleci yerləşib. 2011-ci ildən karvansarada bərpa işlərinə start verilib. Tikinti-bərpa işlərində Şəkidə istehsal olunan bir milyon ədəd qırmızı kərpic işlədilib. Təmir-bərpa işlərində XVII əsrdə olduğu kimi, əsasən əhəng və qum qarışığından istifadə edilib. Sovet dövründə bir neçə dəfə yöndəmsiz təmirə məruz qalan karvansaranın tarixiliyini qorumaq məqsədilə əvvəllər inşa edilən əlavə tikililər sökülüb. Tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, kommunikasiya xətləri çəkilib. Karvansaranın dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.[8]
Şah Abbas karvansarası ona bitişik Uğurlu Xan karvansarası ilə birlikdə bərpa edilib[9]. Hər iki karvansaranın birlikdə 120 otağı, 900 m² uzunluğunda dəhlizi, 4 daxili və 3 xarici girişi var. Bərpadan sonra burada hotel kompleksi kimi fəaliyyət göstərir[10].
Karvansara dördkünc formasındadır. İki həyəti var, arxa həyətdə bina boyunca çinar ağacları əkilib. Binanın mərkəz hissəsi səkkiz kiçik tağlı, yan tərəflərsə böyük tağlı eyvanlardan ibarətdir. Karvansaranın zirzəmisi, mətbəxi, qonaqlar üçün kiçik və böyük otaqları, qoşqu heyvanlarının saxlanma yerləri, həyətdə açıq havada çayxanası, çoxlu sayda saxlanclar və anbar otaqları var.[2]
Binanın birinci mərtəbəsi 17 iri tağdan ibarətdir. Birinci mərtəbədə sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusabənzər yarıqlar düzəldilib və daxili işıqlandırmaq üçün lampa, həmçinin şamlardan istifadə olunub. Binanın bu hissəsi pəncərəsizdir. İkinci mərtəbəyə qalxan pillələr 44 pillədən ibarətdir və karvansaranın daxilində yerləşir. Pillələrin yerləşdiyi hündür interyerin tavanını təşkil edən günbəzdə səkkizguşəli ulduz formasında olan şəbəkəli naxış kompozisiyası var. Burada həmçinin interyerin qaranlıq olmasını nəzərə alan memar problemi həll etmək üçün səkkizguşəli açıqrəngli ulduzdan istifadə edib. Həmçinin günbəzin mərkəzi hissəsinin ornament elementləri ilə kompozisiyanın sıx, yığcam qovşağı yaradılıb. Mərkəzdən kənarlara doğru yayılan həndəsi naxış elementləri kompozisiyadakı gərginliyi azaldır, ona sərbəstlik verir.[5]
Karvansarada 54 tək adamlıq, 15 böyük otaq, xəlvətxana, yeməkxana, çayxana, həmçinin digər məqsədlər üçün istifadə olunan otaq, dam və anbarlar olub. Karvansara Çökək Hamam və Şah Abbas məscidi ilə yeraltı yollarla əlaqəli olub.[8]