Zakavkazski vestnik (qəzet)

Zakavkazski vestnik (rus. Закавказский вестник) — 1838-ci ildə Tiflisdə rus dilində nəşr olunan qəzet. Bu qəzet sonralar gürcüAzərbaycan dillərində əlavələr də buraxılmışdır. [1][2][3]

Zakavkazski vestnik
Dil rus dili, gürcü dili, Azərbaycan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzet haqqında məlumat

[redaktə | mənbəni redaktə et]

Həftəlik "Zakavkazski vestnik" qəzetinin ilk nömrəsini redaktor əvəzi kimi "Sovetnik Lyubarski" imzalamışdır. 1841-ci ildən redaktor yerində "İspolnyayuşi doljnosti vitse-qubernatora Vasilkovski" imzası gedir. Sonra isə P.İoseliani redaktor olur. Qəzet ardıcıl olaraq şənbə günləri çıxır, hər il 52 nömrəsi buraxılırdı.

"Zakavkazski vestnik" iki müstəqil şöbədən ibarət idi: rəsmi və qeyri-rəsmi. Rəsmi hissədə fərmanlar, hökumət və inzibati orqanlara aid materiallar, qeyri-rəsmi şöbədə isə Zaqafqaziya xalqlarının iqtisadi və mədəni həyatını əks etdirən, rus mədəniyyətini təbliğ edən materiallar dərc olunurdu.[1][2]

Redaksiya qeyri-rəsmi şöbənin açılmasının məqsədi barədə yazırdı:

" "Zakavkazski vestnik" qəzetinin qeyri-rəsmi şöbəsinin məqsədi oxucuları Zaqafqaziya ölkəsinin keçmiş və müasir məişəti ilə tanış etməkdir. Burada kiçik hekayələr, gürcü, ermənitatar (Azərbaycan) dillərindən tərcümə edilmiş tarixi məqalələr, arxeoqrafiya, yumor, ölkə üzrə səyahətlər, felyetonlar dərc ediləcəkdir. "

Qəzetdə dərc olunan məqalələr

[redaktə | mənbəni redaktə et]

1845-ci ildən "Zakavkazski vestnik"də Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair ilk publisist materiallar buraxılır.[1][2] Məqalələrin birində (1845, N 4) Makedoniyalı İsgəndər dövrünün tarixçilərindən qeydlər verilir, Abşeronda yaranan atəşgahlar, hindli atəşpərəstlərin mərasimləri xatırladılır, Maştağa, Buzovna, Mərdəkan, Şüvəlan, Nardaran, Bilgəh kimi yaşayış məntəqələrinin təsviri, xalqın maddi vəziyyəti və məişəti, adət-ənənələri işıqlandırılır.[1]

Qəzet Zaqafqaziyada pambıqçılığın inkişaf perspektivlərinə dair bir neçə publisist məqalə buraxmış, dünyada pambıqçılığın yayılması – ABŞ, Misir və başqa ölkələrdə bu qiymətli bitkinin becərilməsi, növləri, sənaye əhəmiyyəti və s. haqqında məlumat vermişdir (1847, N 19).[1][2]

"Zakavkazski vestnik" Dərbənd qalasının dəmir qapıları haqqında da məqalə çap etmiş və həmin qapıların bir tayının İmeretiyaya gətirilməsi təfsilatını vermişdir (1845, N 6). Akademik Frenin tədqiqatı əsasında qapı üzərindəki yazılar oxunmuşdur. Yazıda Dərbəndin qədim BərdəAlban dövləti ilə əlaqəsi də nəzərə çatdırılır. Qapının digər tayının İstanbula aparılması fərziyyəsi də bu məqalədə irəli sürülür.[1]

A.Bakıxanovun dostu, məşhur şərqşünas İ.Berezin Azərbaycandan getdikdən bir neçə il sonra "Zakavkazski vestnik" qəzetinə "Bakı atəşləri" adlı silsilə məqalələr yazmışdır. Bu publisist-etnoqrafik oçerklərdə Bakı və Abşeronun o zamankı təsviri verilmişdir (1850, N 25-27).[1]

Kazan Universitetinin Şərq dilləri mütəxəssisi İ.Berezin professor Mirzə Kazımbəyin tərtib etdiyi marşrut üzrə 1842-ci ildə Dağıstan və Azərbaycandan keçməklə Şərq ölkələrinə səyahət etmişdi. Qubada olarkən o, A.Bakıxanovla görüşmüş, sonralar çap etdirdiyi "Dağıstan və Zaqafqaziyaya səyahət" əsərində (1849) Azərbaycan aliminin qonaqpərvərliyi, zəngin kitabxanası haqqında danışmışdır. Onun aşıqxanəndələrimizin ifaçılıq məharəti barədə məqaləsi də maraqlıdır.[1]

"Abşeron yarımadasına səyahət" məqaləsində də maraqlı yerlər vardır. O yazır:[1]

" Mən son vaxtlarda Tehran, Qahirə və Konstantinopolda müsəlman artistlərinin çıxışlarını eşitmişəm, amma Abşeron yarımadasında Əlyarbəyin oxumasını daha böyük razılıqla xatırlayıram (1847, N 21). "

Ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]
  • "Zaqafqazski vestnik", 16 oktyabr, 1847, N-21
  • Zeynalov N. "Azərbaycan mətbuatı tarixi". I hissə. Bakı. 1973.
  • Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875-1920), Bakı "Elm və Təhsil", 2009-6-7 səh.
  1. 1 2 3 4 5 6 7 8 9 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-03.
  2. 1 2 3 4 "Niyaz Niftiyev, "Mətbuatda multikulturalizm", Bakı, 2017. səh.16" (PDF). 2020-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-06.
  3. "Nizami Məmmədzadə, Mahmud Kamaloğlu, "Gürcüstanın azərbaycanlı jurnalistləri", Tiflis, 2015, 124 səh" (PDF). 2020-05-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-07-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]