Şah Sultan külliyəsi — İstanbulda XIX əsrə aid külliyə. Osmanlı sultanı III Mustafanın qızı və III Səlimin böyük bacısı Şah Sultan tərəfindən inşa etdirilən külliyə türbə, səbil, çeşmə və yetim uşaqlar üçün məktəbdən ibarətdir. Saray memarlarından İbrahim Kamil ağa tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazidə keçmişdə İsgəndər bəy məktəbi yerləşmiş, yeni külliyə bu məktəb və ətrafındakı bəzi binaların satın alınaraq yerində inşa olunmuşdur. İnşası 1800-cü ildə tamamlanmışdır.[1]
Külliyənin şərq cəbhəsi yerləşdiyi Fəshanə küçəsi üzərindədir. Cəbhənin solunda hər iki yanında kiçik çeşməsi olan türbə, türbənin sağında giriş qapısı və ən sağda üzərində sübyan məktəbi olan səbil yerləşir. Solundakı 3 pəncərəni saxlayan kiçik bölüm istisna olmaqla, bütün cəbhə mərmərlə örtülüdür. Türbənin hər iki tərəfində cəbhə üzərində yerləşən 2 kiçik çeşmə bir-birilə eyni formadadır. Hər ikisinin üstündə 2 sətirlik kitabə, altında isə oval formalı kiçik çeşmə yatağı yerləşir. Çeşmələrdəki ayna daşları yarpaq formalı dekorla bəzədilib. Ana giriş qapısı yuvarlaq kəmərlidir və bu kəmər 2 yanda incə sütunlar üzərinə yerləşdirilib. Hər iki tərəfində dalğa kəmərli, şəbəkə ilə örtülü 2 ədəd pəncərə yerləşir. Qapının üstündəki 6 sətirdən ibarət 12 beytlik kitabə Yəsarizadə Mustafa İzzət Əfəndi tərəfindən yazılmışdır. Kitabənin üstü isə dalğalı saçaqla örtülüdür. Qapı üstü dekorativ kəmər vasitəsilə külliyənin içərisinə açılır. Kəmərin üzərində "Cənnət anaların ayaqları altındadır" hədisi yazılıdır.
Türbənin girişi şimal istiqamətindəndir. Öndəki 4 sütun üzərində yüksələn giriş hissəsi sarı və yaşıl bəzəmələrlə örtülü gümbəzdən ibarətdir. Türbə qapısının hər iki tərəfində dalğalı və dəmir barmaqlıqla örtülü pəncərələr mövcuddur. Həm qapının, həm də pəncərələrin üstündə qızılı rəngli kitabələr yerləşir. Türbənin içərisi isə qurğuşunlanmış və divarlara birbaşa birləşən günbəzlə örtülüdür. Altda 11, üstdə isə 12 pəncərə yerləşir. Bu pəncərələrin hər biri dalğalı kəmərli olub, altdakılar naxışlı qapılı, üstdəki oval formalılar isə çöldən pətək formalıdır. Daxili interyer rəngli çiçək motivləri və qızılı yazılarla bəzədilmişdir. Türbədə Şah Sultan, anası Mihrişah Qadınəfəndi və əri olan Nişançı Seyid Mustafa Paşanın məzarları yerləşir.[2]
Barokko üslubundakı səbil oval planlı olub, küçəyə baxan şərq cəbhəsi 3 bölümdən ibarətdir. Ən üstdə divan şairi Sümbülzadə Vəhbi Əfəndiyə aid 4 sətirlik kitabə, onun üzəri isə yarımdairə şəkilli bir saçaq yerləşir. Səbilin üstündə yerləşən sübyan məktəbi isə açıq və qapalı olmaq üzrə 2 hissədən ibarətdir.[3] Kvadrat planlı qapalı bölümün türbəyə baxan cəbhəsində 4 basıq tipli pəncərə yerləşir. Məktəbin alt mərtəbəsində türbədara və vəzifəlilərə aid otaq mövcuddur. Otaqların önü isə kəmərli bölümlə örtülüdür.
Külliyənin həyətində dəfn olunanlardan bəziləri bunlardır: