Şah Sultan (20 aprel 1761, Topqapı sarayı, İstanbul – 11 mart 1803, İstanbul) — 26. Osmanlı sultanı III Mustafanın qızı.[1]
Şah Sultan | |
---|---|
osman. شاہ سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1761 |
Doğum yeri | |
Vəfat tarixi | 11 mart 1803 (41 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | III Mustafa |
Anası | Mihrişah Qadınəfəndi |
Həyat yoldaşı | |
Uşağı | Şərifə Həvva xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
20 aprel 1761-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Mustafa, anası isə onun ikinci qadınəfəndisi Mihrişah Sultandır. Adından da göründüyü kimi Sultan Mustafanın Mihrişah adlı 2 xanımı vardı. Bunlardan baş qadınəfəndi olan Mihirşah Sultan Sultan Səlimin anası olub, validə sultanlığa qədər yüksəlmişdir. 1805-ci ildə vəfat etmiş və Əyyubsultanda öz adına inşa etdirdiyi türbəyə (Mihrişah Validə Sultan türbəsi) dəfn edilmişdir.[2][3] Şah Sultan isə bunlardan ikinci qadınəfəndi olanın qızıdır. Bu səbəblə Sultan Səlimin ögey bacısı hesab olunur.
Şah Sultan hələ 3 yaşında ikən 24 aprel 1764-cü ildə atası tərəfindən sədrəzəm Bahir Mustafa Paşa ilə nişanlandırıldı. Ancaq Mustafa Paşa çox keçmədən gözdən düşdü və 1765-ci ilin martında öncə vəzifədən alınaraq sürgün edildi, həmin ilin may ayında isə edam edildi. Ardından 2 yanvar 1768-ci ildə hələ 7 yaşında ikən vəzirlərdən Mehmed Əmin Paşa ilə nişanlandırıldı. Nişan münasibətilə Mehmed Əmin Paşa saraya mükəmməl hədiyyələr təqdim etdi. Həmin ilin oktyabrında sədrəzəm elan edilən Mehmed Əmin Paşa Rusiya ilə davam edən müharibədə uğur qazana bilməməsinin ardından vəzifədən alındı və 1769-cu ilin sentyabrında Ədirnədə boğularaq edam edildi.
Atası Sultan Mustafa tərəfindən tərtib olunan iki uğursuz nişanın ardından, Şah Sultan taxta çıxan əmisi Sultan Əbdülhəmid tərəfindən 6 noyabr 1778-ci ildə sədrəzəm Silahdar Mehmed Paşanın qardaşı nişançı vəzir Seyid Mustafa Paşa ilə evləndirildi. Sarayda keçirilən toy mərasiminin ardından Cağaloğlu səmtindəki sarayda yaşamağa başlayan cütlüyün yeganə övladı olan Şərifə Həvva xanım Sultan 1780-ci ildə dünyaya gəlmiş, 6 ay sonra vəfat edən qızcığaz babası Sultan Mustafanın türbəsinə dəfn edilmişdir.
Daha sonra övladı olmayan Şah Sultan xeyriyyə işləriylə məşğul olmuşdur. 1792-ci ildə Qasım Gənani məscidi yaxınlığında bir çeşmə[4], 1800-cü ildə isə Zal Mahmud Paşa məscidi yaxınlığında öz adını daşıyan bir külliyə (Şah Sultan külliyəsi) inşa etdirmişdir.[5] Şah Sultan ögey qardaşı Sultan Səlimin səltənətində 11 mart 1803-cü ildə vəfat etdi və daha öncə anasının da dəfn olunduğu öz adına inşa etdirdiyi türbəyə dəfn edildi.