Şamaxı mədrəsəsi

Şamaxı mədrəsəsi — XII əsrə aid mədrəsə.[1]

Ərəb alimi Əbülqasim İbn Havqəl hələ IX-X əsrlərdən Bərdədə, Beyləqanda, Şamaxıda, Dərbənddə, Tiflisdə böyük elmi mərkəzlərin olmasını xəbər verir. Şamaxıda aparılan axreoloji qazıntılar Şamaxı Cümə məscidinin həyətində aşkar olunmuş abidələr haqqında belə nəticəyə gəlməyə imkan vermişdir ki, Şamaxı Cümə məscidi VIII-IX əsrlərdə mövcüd olmuşdur. Burada aşkar olmuş hücrələr ilk dəfə XII əsrdə tikilmişdir. Arxeoloqlar H.Ciddi, N.Musayevə görə hücrələrin Şamaxı Cümə məscidi nəzdində tədris ocağı olması heç bir şübhə oyatmır. Onlar tədris ocaqlarının həcmini nəzərə alaraq, qeyd edirlər ki, səkkiz hücrədə eyni vaxtda 80 nəfər tələbənin dərs alması mümkündür ki, buda XII əsr üçün diqqətəlayiq rəqəmdir. Orta əsrlərdə ali məktəblərin məhəllə məscidlərində və ali təhsil ocaqlarının Cümə məscidlərinin yaxınlığında yerləşməsi faktına əsaslanaraq müəlliflər həmin hücrələri Nizami dövründə ali mədrəsə vəzifərini ifa etdiyini söyləmişlər.[2] Bəs bu ali təhsil müəssisəsinə kim başçılıq etmişdir. Heç şübhəsiz, belə bir tədris ocağına Xaqani Şirvaninin əmisi Kafiəddin Ömər Osman oğlu Şivani ( 1080-1151) rəhbərlik edə bilərdi. Xaqani Şirvani bu elm mərkəzinin valisini belə səciyyələndirirdi.

" O, cahı-cəlalı dünyəvidən üz döndərən, fəqirə sığınan, pisi yaxşıdan seçən, gələcəyə ümid bağlayan “Sədri fəzail” (“Fəzilətin başçısı) olan şəxs idi. "

Kafiəddin Şirvaninin şəninə təriflər söyləyən Xaqani onun “elmi hikmətdə”, “elmi ədəbdə” ən yaxşı hünər sahibi, qüdrətli hakim, mahir cərrah, riyaziyyatda ustad təfəkkürlü, “darul-ülumda” ustad, dahi müəllim, gənclərin fərasətli yol göstərəni, yer üzünün filosofu, fələk bacarıqlı, yüksək ideya göylərinin qapılarını açan, hərdən bir şeir yazan əvəzsiz şəxsiyyət olduğunu qələmə almışdır. Həqiqətən, Kafiəddinin elmə başçılıq etdiyi XI-XII əsrlərdə astronomiya, riyaziyyat, fəlsəfə, kimya, tibb, farmakalogiya, dilçilik, rəsm, musiqi, inşaat, hərb, hüquq, məntiq daha çox inkişaf edirdi. E.Mehrəliyev yazırdı ki, Kafiəddin Şirvani elm sahələrinin şəbəkəsini ixtisaslar üzrə quraşdırıb, əvvəlcə iki- “elmi-ədəb” və“ dərül-ülum” mərkəzləri yaratdı. Sonra onların tərkibini genişləndirib, vahid-çoxtərəfli mərkəzə çevirdi.[3]Tədqiqatçı alim, müxtəlif ixtisaslar üzrə görkəmli alimləri yetişdirən Şirvanın bu elm ocağını “astronomiya və riyaziyyat”, “tibb və farmokologiya”, “fəlsəfə, məntiq və hüquqşünaslıq”, “müsiqişünaslıq və heykəltaraşlıq”, “hərb və dövlət quruculuğu”, “dil, ədəbiyyat və pedaqogika” kimi altı şöbəyə bölmüş və əlavə olaraq bu sahələrdə yetişmiş alimlərin adlarını ixtisas üzrə qruplaşdırmışdır.[1]

  1. 1 2 "Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015. - s.71-73" (PDF). 2021-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-07.
  2. H.Ciddi, N.Musayev. Şamaxıda aşkar olunmuş Nizami dövrünə aid mədrəsə//Nizami Gəncəvi. Almanax. II kitab. B., 1991, s. 31.
  3. Mehrəliyev E. Şirvanilər. 3-cü kitab. Bakı, 2011, s. 76.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015.