Şamaxı rəqqasələri (fr. La Danseuse de Shamakha; ing. Shamakhi dancers) — XIX əsrdə Şamaxıda və ətraf ərazilərdə fəaliyyət göstərmiş saray mənşəli[1] rəqqasə qrupları. Kiçik Asiyada məşhur idilər.[1]
Şamaxı rəqqasları və rəqsləri ilə bağlı mövcud sənədlər çox məhduddur.
Rus rəssamı Qriqori Qaqarin 1840–1855-ci illərdə Cənubi Qafqazda hərbi xidmətdə olarkən Şamaxı rəqqasələrinin bir necə təsvirini yaratmışdır.[2] Onların arasında Sankt-Peterburqda Rus Dövlət Muzeyində saxlanılan "Şamaxı rəqqasələri" tablosu daha məşhurdur.[2] Tablonun mərkəzində Sona adlı rəqqasənin oynaması təsvir edilir.[2] Ətrafda gənc rəqqas Hikmət, Sonaya əl çalan rəqqasələr Rəna və Nisə, daha sonra Səkinə, İzzət və Məleykə oturublar.[2] Musiqiçilərin arasında çırtma ilə rəqsin ritmini nəzərə çatdıran Qəndixanımdır.[2] Musiqiçilər donqarda, sümsü-balabanın (dodaqlara dayaq üçün dairəvi lövhəciyi və aşağıya doğru genişlənən gövdəsi var) müxtəlif növlərində, dəfdə (bu, sağanaq dövrəsində dairəvi lövhələrin və alətin daxili tərəfində dəri boyu iki cərgə ipdən asılmış zınqırovların olması ilə təsdiqlənir) və qoşanağarada çalırlar.[2] Sonuncunun yanında döşəmənin üstündə ucluğu və qayışı olan təbil-bas, həmçinin, uzun ucluqları olan iki kaman aləti — çəğanə görsənir.[2]
Fransız yazıçısı Aleksandr Dümanın verdiyi məlumata görə, 1858-ci il noyabrın 24-də Şamaxıda Mahmudağanın təşkil etdiyi qəbul vaxtı, onu tar, kamança, tütək, nağara və dəmir ayaqcıqlar üstündə qoyulan təbildə çalan beş musiqiçi iki rəqqasəni və bir rəqqası müşayiət edirdi.[2] Rəqqas barmaqları arasında mis kastanyet — zil tutmuşdu.[2]
XIX əsr fransız yazıçısı və diplomatı Artur de Qobino "Şamaxıda rəqs edən qız və digər asiya nağılları" adlı əsərində Şamaxı rəqqasələri barədə məlumat verir.[3] Şamaxı rəqqasələri haqqında məlumat, erməni rəqqasəsi Armen Ohanyanın "Şamaxı rəqqasəsi" kitabında da qeyd olunub.[4]