Şeyx İbrahim əfəndi (osmanlıca: ابراهیم افندی) 1837-ci il Quba üsyanının mənəvi başçılarından, Şeyx Şamilin Azərbaycandakı müttəfiqlərindən və ruslara qarşı müqavimət hərəkatının üzvlərindən biridir.[1]
Şeyx İbrahim əfəndi | |
---|---|
Digər adı | Gülhani İbrahim əfəndi |
Doğum yeri | Şam şəhəri, Dəməşq əyaləti, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Qələgah, Quba mahalı, Bakı quberniyası, Rusiya imperiyası |
Dəfn yeri | Qələgah kəndi |
Həyat yoldaşı | Fatimə |
Uşaqları | İsmayıl əfəndi, Əbdülvəhhab əfəndi, Muhəmməd əfəndi |
Atası | İsmayıl əfəndi Musa əfəndi oğlu |
Elm sahəsi | sufilik |
Elmi rəhbəri | Şeyx Məhəmməd Nəbi |
Tanınır | Əfəndi baba |
Şeyx İbrahim əfəndi Həmdulla əfəndi Əfəndizadənin babasıdır.
Xalq arasında Əfəndi baba olaraq tanınan Gülhani İbrahim əfəndinin (Gülhan - Qubanın qədim adlarından biri) soyu Məhəmməd peyğəmbərin əmisi Həmzə ibn Əbdülmüttəlibə gedib çıxır. İlk təhsilini öz atası İsmayıl əfəndidən alan Şeyx İbrahim əfəndi icazətini 21 il müridi olduğu şamaxılı Şeyx Məhəmməd Nəbidən (Dərviş baba) almışdır.
1837-ci il Quba üsyanının mənəvi başçılarından olan İbrahim əfəndi İslamın təbliği ilə yanaşı Azərbaycanı və Şimali Qafqazı işğal etmiş rus qəsbkarlara qarşı da mübarizə aparmış, xalq arasında işğalçılara qarşı təbliğat-təşviqat işləri görmüş, Şeyx Şamil ilə sıx dostluq və müttəfiqlik əlaqələri qurmuşdur (sonralar bu əlaqələr nəvəsi Həmdulla əfəndi Əfəndizadənin həbsində mühüm rol oynamışdır). Rus zülmünə qarşı mübarizə aparan İbrahim əfəndi polkovnik Gimbut tərəfindən dəfələrlə "Sibir"lə hədələnsə də öz mübarizəsindən vaz keçməmişdir. 1850-ci ildə (Hicri - 1267) sürgün edilən İbrahim əfəndi, ancaq 7 il sonra vətənə qayıda bilmişdir. Vətənə qayıdan Şeyx, axırıncı dəfə 1842-ci ildə görüşdüyü müttəfiqi Şeyx Şamil ilə olan əlaqələrini müridi Aqil üzərindən yenidən quraraq mübarizəsini davam etdirmişdir.[1]
Fövqəladə şəkildə hamı tərəfindən sevilən Şeyx İbrahim əfəndi həm müsəlman əhali arasında, həm xristian və yəhudilər arasında, həm də qeyri-dinlərdən olanlar arasında böyük hörəmətə layiq bir şəxs olmuşdur. Belə ki, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar and içərkən "Əfəndi baba haqqı", "Əfəndi babanın sarığına and olsun" deyərək and içərmişlər.