Həmdulla əfəndi Əfəndizadə (1870, Qələgah, Quba qəzası – 3 iyul 1929, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından və şimal bölgəsində Azərbaycan Milli Ordusunun təsisçilərindən biri; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü; Sovet dönəmində Quba üsyanının başçılarından biri.
Həmdulla əfəndi Əfəndizadə | |
---|---|
15 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | İttihad fraksiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1929 |
Vəfat yeri | |
Vəfat səbəbi | güllələnmə |
Partiya |
|
Təhsili |
Həmdulla əfəndi alim və övliya şeyx İbrahim əfəndinin (Əfəndi baba) nəvəsi, İsmayıl əfəndinin oğludur.
1870-ci ildə Quba qəzasında (indiki Şabran rayonu, Qələgah kəndində) anadan olub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. Daha sonra ikisinifli rus məktəbini bitirdikdən sonra (1906) Qori Müəllimlər Seminariyasından məzun olmuşdur. Poliqlot olan Həmdulla əfəndi ərəb, fars, tat, ləzgi və rus dillərini bilmişdir.
Dəvəçi nahiyəsinin Qələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Əfəndilər nəslinin tanınmış nümayəndələrindən biri[2] olan Həmdulla əfəndinin babası İbrahim əfəndinin məzarı müsəlman əhalinin ziyarət yeri olmuş, atası İsmayıl əfəndi və əmisi Əbdülvəhhab əfəndi hələ 1880-ci ildə, "müridizmi qızışdıranlar" kimi Sibirə, "azad" məskunlaşmaya sürgün edilmişdilər. İsmayıl əfəndi orada vəfat etmiş, Əbdülvəhhab əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı[3]
Həmdulla əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı. Bu da ona yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı. Ölkədə hökm sürən anarxiya və hərc-mərclik illərində Həmdulla əfəndinin silahlı dəstələri qəzanın Dəvəçi nahiyəsində qayda-qanunun və sabitliyin qorunmasına nəzarət edirdilər. 1918-ci ilin Quba hadisələri zamanı Həmdulla əfəndinin bir neçə yüz nəfərdən ibarət olan tərəfdarları Möhübəli əfəndinin və Cağarlı Hətəm ağanın başçılıq etdikləri ləzgi dəstələri ilə birlikdə bolşevik-erməni hərbi birləşmələrinə qarşı müqavimət göstərmişdi.[3]
Azərbaycanda Sovet hakimiyyəti qurulandan dərhal sonra Həmdulla əfəndini həbs etmək cəhdi 1920–1921-ci illərdə qəzada sovet hakimiyyəti əleyhinə üsyanın başlanmasına səbəb olmuş, üsyanın yatırılması "yüzlərlə qızıl əsgərin həyatı hesabına" başa gəlmişdi. Bu hadisələrdən bir müddət sonra dağlarda gizlənən Həmdulla əfəndi hakimiyyət qarşısında "bəraət qazana bilmiş" və azad dinc yaşamaq üçün hökumətdən "mandat" almışdı. 1920–1926-cı illərdə respublika DİXK DSİ tərəfindən dəfələrlə Həmdulla əfəndini "aradan götürmək" üçün müxtəlif tədbirlər görmüş, lakin bütün bu cəhdlər əhalinin ayıqlığı və "onun bacarıqlı siyasəti" nəticəsində boşa çıxmışdı. DSİ-nin bütün məxfi yazışmalarda Həmdulla əfəndi Sovet hakimiyyəti üçün "təhlükəli element" sayılırdı: "Bığıcı, Zığlı, Gəndob, Ügah, Leyti, Ləcəd və digər kəndlərin Əfəndiyevin təsiri altında olan kəndlilərindən heç biri hakimiyyətin gördüyü işlərdə fəal iştirak etmir, bütün seçkilər Əfəndiyevlərin göstərişi və qərarları ilə keçirilir, hətta bu kəndlərin heç birində partiyaçıya və ya komsomola rast gəlmək mümkün deyildir, çünki Əfəndiyev buna icazə vermir …".[3]
1927-ci ildə, bütün ölkədə "əksinqilabi elementlərin ləğv edilməsi" üzrə fəal kampaniya aparılarkən və SSRİ DİXK tərəfindən böyük siyahılar tərtib edilərkən, Həmdulla əfəndinin adı Az. SSR Dəvəçi rayonu üzrə belə bir siyahıya başçılıq edirdi. O, 1927-ci ilin avqustunda həbs edilərək Bakıya gətirilir və burada, Az. DSİ tərəfindən Az. SSR Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə – quldurluqda ittiham edilir. Lakin belə bir gərgin və son dərəcə mürəkkəb siyasi şəraitdə qohumları və dindaşları ilə bərabər Quba qəzasının hətta erməni kəndi Kilvarın əhalisi də Həmdulla əfəndinin müdafiəsinə qalxır. Həmdulla əfəndinin istintaq işində bu kəndin 90 nəfər erməni kəndlisi tərəfindən imzalanmış bir sənəd var. Bu sənəddə deyilir:
Biz, 1927-ci ilin 19 avqust tarixində, aşağıda imza edən Kilvar kəndinin sakinləri, öz imzamızla təsdiq edirik ki, Gələgah kəndinin sakini vətəndaş Həmdulla Əfəndiyev bizə qarşı həmişə xeyirxah olmuşdur, bizə xeyirdən başqa heç bir pisliyi dəyməmişdir; əlavə olaraq, 1905-ci ildə iğtişaşlar zamanı qonşu kəndlərə bizimlə daima dinc dolanmağı məsləhət görmüşdür və hər cür münaqişələrin qarşısı alınmışdır. 1918-ci ildən 1920-ci ilədək həm bizə, həm də bizim əmlakımıza toxunmağa heç kimə imkan verməmişdir, ümumiyyətlə heç vaxt bizimlə qonşularımız arasında milli ədavət aparmamışdır. Bütün bu yuxarıdakı işləri o, mənfəət niyyəti ilə yox, açıq ürəkdən etmişdir. Bu səbəbdən biz, aşağıda imza edənlər, yuxarıda deyilənləri nəzərə almağınızı xahiş edirik və imzalayırıq"[4]
Bu məktub, təbii ki, həbsdə olan Həmdulla əfəndinin taleyinə təsir göstərmir. 4 mart 1928-ci il tarixində o, "Sovet quruluşu idarəçiliyinə qarşı cinayətlərdə və quldurluqda iştirakda" ittiham edilir, 17 iyul 1928-ci ildə isə Az. DSİ Kollegiyası tərəfindən "sosial müdafiənin yüksək cəzasına – güllələnməyə" məhkum edilir. (333) Hökm Oktyabr İnqilabının 10 illiyi münasibətilə elan olunmuş amnistiyanın Həmdulla əfəndi Əfəndizadəyə şamil edilməməsi haqqında Az. SSR təhlükəsizlik orqanlarının vəsatəti təsdiq edildikdən dərhal sonra – 1929-cu il avqustun 3-də yerinə yetirilir.[4]
Əfəndizadə Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş, İttihad Partiyasının fəal üzvlərindən olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (19 noyabr 1918) əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmiş, İttihad fraksiyası üzvü olmuşdur. Həmdulla əfəndi eyni zamanda Bakı qubernatorunun iki köməkçisindən biri idi (digəri Əli bəy Zizikski).
Xeyriyyəçi olan Həmdulla əfəndi mahaldakı yetimləri himayə etmiş, kasıb və imkansız ailələrə mütəmadi yardımlar göstərmiştir. O, 1916-cı ildə baş verən quraqlıq zamanı da öz taxıl ehtiyatını əhaliyə paylamışdır. Təhsilə və elmə böyük önəm verən Həmdulla əfəndi müsəlman uşaqların təhsil alması üçün Qələgahdakı evini məktəbə çevirmişdir.
Həmdulla əfəndi Əfəndizadə ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı daşnakların vəhşiliklərinin qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən olub. O Quba qəza komissarı Əli Bəy Zizikskinin komandanlığı altında ermənilərə qarşı təşkil olunan mübarizə dəstələrində vuruşub. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşmuşdur. 1918-ci il "Qanlı Dərə" döyüşündə Həmdulla əfəndinin hərbi məharəti və cəsarəti sayəsində düşmən darmadağın edilmişdir.
Sarvan döyüşü
1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana soxulduqda, Həmdulla əfəndi Əfəndizadə öz tərəfdarları ilə birlikdə Şabran rayonu Sarvan stansiyasinda zirehli qatarın qarşısını kəsmiş, relslərin sökülməsi, barikadalarin qurulmasının tapşırıqlarını vermisdir. Lakin qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdur. Ümumiyyətlə Həmdulla əfəndi, 18-ci illərdə David Gelovaninin, Amazapsın, Martıkyanın, Çurayevin, Abraab Velnutsun, 20-ci illərdə isə İ. Miluninin, Moravskinin, Şalomovun, Molonovun, Moyerin orduları ilə dəfələrlə üz-üzə gəlmiş, Şamaxıda qırğın törədən Lalayanı şəxsən öldürmüşdür.
Avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi silahlı üsyana qalxır. Onlar kənddə iki nəfər milisi öldürüb və yeni hakimiyyətə itaətsizliklərini bəyan edirlər. Üsyanın qarşısını almaq üçün qəza komitəsi kəndə 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari, 15 nəfər piyada) dəstə göndərir. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər xilas ola bilir. Qubanın hərbi komissan Kuzun kəndində sovet hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərir. Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə sovet qüvvələri arasında yeni döyüş baş verir. Kənd əhalisi bu dəfə də sovet qüvvələrinə ciddi müqavimət göstərir. Avqustun 29-da Qubanın 4 verstliyində sovet qüvvələri ilə üsyançılar arasında yeni vuruşma baş verdi. 100 nəfərlik sovet qüvvələri xeyli itki verdilər. Avqustun sonu sentyabnn əvvəllərində üsyançıların silahlı dəstəsi tam formalaşmışdı. Cümhuriyyət ordusunun podpolkovniki Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və beşaçılan tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum edirlər. Onların qarşısına 7-ci süvari dəstəsi çıxarılır. Gərgin döyüşdən sonra sovet-bolşevik döyüşçüləri mövqelərini qoruyub saxlaya bildilər. Quba ərazisində mövcud olan güclü dəstələrdən birinə də Azərbaycan Cümhuriyyəti Parlamentinin keçmiş deputatı Həmdulla əfəndi Əfəndizadə rəhbərlik edirdi.[5]
Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1920-ci il sentyabrın 9-da keçirilən plenumunda ciddi müzakirə edilmişdi.
Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev və Qoqoberidzeni ora ezam etmək barədə qərar qəbul etdi. Üsyan sentyabrın birinci ongünlüyünün sonlarına qədər davam etdi. Çətinliklə yatırılan Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə qırmızıların nəzarəti altına keçdi.[6]
Azərbaycanda Sovet hökuməti qurultuqdan sonra (Mircəfər Bağırov Respublikada olmadığı vaxtda) Həmdulla əfəndi, 25 oktyabr 1928-ci ildə həbs edilmiş və 3 iyul 1929-cu il tarixində Nargin adasında güllələnmişdir. Bəzi qaynaqlar isə ayağına daş bağlanaraq Nargin adasından dənizə atıldığını söyləmişlərdir.