Şimal-Qərb Universiteti

Şimal-Qərb Universiteti (ing. Northwestern Universitety) — ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərindən şimalda Evanston adlanan şəhərətrafı qəsəbədə yerləşir.

Şimal-Qərb Universiteti
Northwestern University
Loqonun şəkli
Xəritə
42°03′17″ şm. e. 87°40′26″ q. u.HGYO
Əsası qoyulub 1851
Tip Özəl universitet
Rektor Morton O. Şapiro
Tələbə sayı 19 702
Şəhər Evanston, İllinoys
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Tələbə cəmiyyəti və kitabxana binası Miçiqan gölü ətrafında

Şimal-Qərb Universitetinin tarixi 31 may 1850-ci ildən başlayır. Həmin gün Çikaqo şəhərinin doqquz biznesmeni Vest-Leyk küçəsində yerləşən vəkillik kontorunda toplaşaraq yeni ali təhsil müəssisəsi yaradılmasını müzakirə edir. Həmin dövrdə Çikaqo natamam post idi və burada kampus salmaq əlverişsiz görünürdü. Universitetin yaradılmasında Çikaqo ticarət birjasının yaradıcısı Orrinqton Lant və dəmiryol maqnatı Con Evansın da müstəsna xidmətləri olub. C.Evans ilk olaraq Çikaqonun şimalında bataqlıq ərazini qurudaraq özünə ev tikdirir. Həmin əraziyə onun şərəfinə Evanston adı verilir.

28 yanvar 1851-ci ildə C.Evans və O. Lantın birgə səyi nəticəsində İllinoys ştatının Baş Assambleyası Şimal-Qərb Universitetinin yaradılması haqqında qanun qəbul edir və Şimal-Qərb Universiteti İllinoys ştatında təsdiq edilən ilk ali təhsil müəssisəsi olur. 1853-cü ildə C.Evans universitet üçün Miçiqan gölünün yaxınlığında 25000 dollara geniş ərazi alır. Universitetin ilk prezidenti Klark Hinman Evanston ərazisində universitetin binalarının tikintisinə başlayır.

Şimal-Qərb Universitetinin rəsmi açılışı 5 noyabr 1855-ci ildə baş tutur. Elə həmin tarixdə ali məktəbin ilk binası-Qədim Kollec istifadəyə verilir və Uilyam Cons tərəfindən Şimal-Qərb Universitetinin Qızlar Kolleci yaradılır. 1873-cü ildə Evanston Qızlar Kolleci Şimal-Qərb Universitetinin Qızlar Kolleci ilə birləşdirilir və təhsil müəssisəsinin dekanı qadınların hüquqlarının müdafiəsi ilə tanınan Frensis Uillard təyin edilir.

1870-80-ci illərdə Şimal-Qərb Universitetində Hüquq, Tibb və Stomatologiya məktəbləri yaradılır. 1882-ci ildə ilk olaraq burada universitetlərarası futbol oyunu keçirilir və sonradan Şimal-Qərb Universiteti Böyük Onluq Konfransının təşkilatçılarından olur. 1890-cı ildə universitetdə təhsil alan tələbələrin sayı xeyli artır. Universitetin prezidenti Henri Ueyd Rocers tədrisin tədqiqatlarla birgə aparılması haqqında proqram qəbul edir. 1917-ci ildə Amerika Universitetləri Assosiasiyası Şimal-Qərb Universitetini öz üzvlüyünə dəvət edir. 1920-1939-cu illərdə universitetin prezidenti Valter Dill Skottun rəhbərliyi altında, Dayç stadionu və Dirinq kitabxanası daxil olmaqla, təhsil ocağının geniş kampusu tikilir. 1933-cü ildə Şimal-Qərb Universitetinin Çikaqo Universiteti ilə birləşdirilməsi təklifi hər iki ali məktəb tərəfindən rədd edilir.

II Dünya müharibəsi dövründə, Amerikanın digər ali təhsil ocaqları kimi, Şimal-Qərb Universiteti də dəyişikliyə məruz qalır. 1939-1949-cu illərdə 50000-dən çox əsgər Evanston və Çikaqo kampuslarında təlimlər keçir. Müharibədən sonra universitetin prezidenti G.Bill təyin edilir və onun rəhbərliyi altında hər iki kampus genişləndirilir. 1948-ci ildə tanınmış antropoloq Melvill Herskovits Şimal-Qərb Universitetində Amerika universitetləri arasında birinci olaraq Afrika Tədqiqatları bölməsini yaradır. 1949-1970-ci illərdə universitet sürətlə inkişaf edir, müəllim və tələbələrin sayı artır, yeni-yeni tədris proqramları qəbul edilir, fakültələr yaradılır, kampuslar genişlənir. 1978-ci ildən başlayaraq, Şimal-Qərb Universiteti və Evanston şəhər bələdiyyəsi arasında vergilərlə bağlı gərginlik yaşanır və iş federal məhkəməyə qədər gəlib çatır, lakin 2004-cü ildə məsələ məhkəməsiz həll olunur.

1970-1980-ci illərdə ABŞ dövləti universitetlərə edilən yardımların məbləğini xeyli azaldır. Buna baxmayaraq, Şimal-Qərb Universitetinin prezidenti Arnold Veber rəhbərlik etdiyi təhsil ocağının maliyyə işlərinə nəzarət edir və stabil qalmasına nail olur. Hazırda Şimal-Qərb Universiteti ABŞ-nin sürətlə inkişaf edən özəl ali məktəblərindən birinə çevrilib.

Büdcə və təhsil haqqı

[redaktə | mənbəni redaktə et]

2009-2010-cu dərs ilində Şimal-Qərb Universitetinin illik gəlirləri ümumilikdə 1605752000 ABŞ dollarına bərabər olub. Həmin məbləğin 690817000 ABŞ dolları təhsil haqqı, 421324000 ABŞ dolları qrant və sazişlər, 69625000 ABŞ dolları göstərilən xidmətlər, 30964000 ABŞ dolları yardımlar, 354858000 ABŞ dolları müxtəlif əməliyyatlar, qalanları isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir. Ötən il universitetin ümumi xərcləri 1588143000 ABŞ dolları olub. Belə ki, bu vəsaitin 574231000 ABŞ dollarını müxtəlif proqramlar, 391481000 ABŞ dollarını tədqiqatlar, 176266000 ABŞ dollarını akademik dəstək, 137906000 ABŞ dollarını universitet tərəfindən tələbələrə göstərilən xidmətlər, 18574000 ABŞ dollarını universitetə göstərilən xidmətlər, qalanlarını isə digər xərclər təşkil edib.

2009-cu ildə Şimal-Qərb Universitetinin ianə fondunun malik olduğu vəsait ümumilikdə 4398200000 ABŞ dollarına bərabər olub.

2009-2010-cu tədris ilində Şimal-Qərb Universitetində oxuyan tələbələrin təhsil haqqı orta hesabla 38088 ABŞ dolları təşkil edib (bakalavr və magistrantlar üçün). Hüquq Məktəbində təhsil haqqı 47202 ABŞ dolları, Kelloq İdarəetmə Məktəbində 49074 ABŞ dolları, Feynberq Tibb Məktəbində 42974 ABŞ dolları, Bienen Musiqi Məktəbində 38088 ABŞ dolları, Medill Jurnalistika Məktəbində 33492 ABŞ dolları, Kommunikasiya Məktəbində isə 31830 ABŞ dolları məbləğində olub.

Dünyanın digər məşhur universitetlərində olduğu kimi, Şimal-Qərb Universitetində də tələbələrə müxtəlif məbləğdə çoxlu sayda kredit və təqaüdlər təklif olunur (Federal Pell, SEOG, Debt Cap, No-Loan Pledge, Fermi və s.). Həmin təqaüd və kreditlərin verilməsi üçün tələbələrin qarşısında bir sıra şərtlər qoyulur (çətin maliyyə durumu, xüsusi istedada malik olan, əlaçı, seçilən, tədris ilində ümumi 3 bal toplayan tələbələrə verilir, xüsusilə tələbənin ailə büdcəsinə diqqət yetirilir). 2009-2010-cu tədris ilində Şimal-Qərb Universitetinin tələbələrə verdiyi təqaüdün məbləği orta hesabla 14750 ABŞ dolları olub.

Universitet bu gün

[redaktə | mənbəni redaktə et]

Şimal-Qərb Universiteti Evanston və Çikaqo kampuslarından ibarətdir. Universitetin Qətərin Doha şəhərində də filialı yerləşir.

Evanston kampusu Miçiqan gölündən başlayaraq şimaldan cənuba – Sentral Stritə doğru uzanır və 240 akrlıq ərazini əhatə edir. Kampusun şimal hissəsində Henri Kraun İdman pavilyonu və digər idman kompleksləri, Texnologiya İnstitutu, Dirborn Rəsədxanası və s. yerləşdiyi "Qardaşlıq kvadratı" şəhərciyi mövcuddur. Cənub hissədə isə humanitar elmlərin öyrənildiyi təhsil mərkəzləri, Pik Ştaqer musiqi zalı, qadın klubu yerləşir. Kampusun cənub hissəsi Evanston şəhərinin mərkəzinin yaxınlığındadır.

Çikaqo kampusu Çikaqo şəhərinin Sritervill ərazisində 25 akrlıq sahədə yerləşir. Burada hospitallar, Tibb, Hüquq, Biznes, Təhsilin davam etdirilməsi məktəbləri fəaliyyət göstərir. Bu məktəblər Çikaqo şəhərinin "CTA Red Line" stansiyasından 4 kvartal şərqdədir.

Şimal-Qərb Universitetinin Qətərin Doha şəhərində yerləşən filialı 2008-ci ildə yaradılıb. Medill Jurnalistika və Kommunikasiya məktəbləri burada tələbələrə bakalavr dərəcəsi üzrə təhsil təklif edir. Qətər Təhsil, Elm və İctimai İnkişaf Fondu filialın inkişafı üçün maliyyə yardımı göstərir.

Şimal-Qərb Universitetinin nəzdində Veynberq İncəsənət və Elmlər, Kommunikasiya, Təhsil və İctimai Siyasət, Makkormik Mühəndislik və Tətbiqi Elmlər, Medill Jurnalistika, Hüquq, Kelloq İdarəetmə, Feynberq Tibb, Bienen Musiqi, Fasiləsiz Təhsil, Ali (magistr və doktorantlar üçün) məktəbləri, eləcə də Qarret-Yevangelist İlahiyyat Seminariyası fəaliyyət göstərir.

Veynberq İncəsənət və Elmlər Məktəbi universitetin tərkibində fəaliyyət göstərən 11 məktəbin arasında xüsusi çəkiyə malikdir. Məktəb 1851-ci ildə yaradılıb və 25 bölmədən ibarətdir. Təhsil müəssisəsinin dekanı Sara Mangelsdorfdur. Burada tələbələrə bakalavr, magistr və doktorluq dərəcələri təklif edilir. Məktəbdə 15 fənlərarası proqram mövcuddur (Amerika, Avropa tədqiqatları, birləşdirilmiş elmlər, hüquqşünaslıq, riyazi təcrübə, siyasi elmlər sahəsində riyazi metodlar və s.). Bu proqramların hər birinin xüsusi qəbul tələbləri var. Veynberq İncəsənət və Elmlər Məktəbində çoxlu sayda əcnəbi tələbə təhsil alır. Burada qadın və kişi nisbəti bərabərdir, tələbələrin ümumi sayı 5903 nəfərdir.

Kommunikasiya Məktəbi 1878-ci ildə yaradılıb və Evanston kampusunda yerləşir. Məktəbin dekanı Barbara OTKifdir. Məktəbdə kommunikasiya elmləri və pozulmalar; kommunikativ tədqiqatlar; media, texnologiya və cəmiyyət; texnologiya və sosial davranış; radio, televiziya, film; teatr; teatr və dram; ekran üçün yazı (ssenari) və səhnə fakültələri mövcuddur. Məktəbdə 1595 nəfər tələbə oxuyur.

Təhsil və İctimai Siyasət Məktəbi 1926-cı ildə yaradılıb. Təhsil müəssisəsinin dekanı Penelopa Petersondur. Məktəb mövcud təhsilin tədqiqatı ilə məşğuldur. Burada ümumilikdə 540 tələbə təhsil alır.

Makkormik Mühəndislik və Tətbiqi Elmlər Məktəbi 1909-cu ildə yaradılıb. Məktəbin dekanı Julio Ottinodur. 1996-cı ildə məktəbdə bütün tələbələr üçün məcburi tədris edilən Texniki Layihə və Kommunikasiya (EDC) mühəndislik proqramı qəbul edilib və Texniki Analiz proqramı mövcuddur. Bu proqram çərçivəsində məktəbdə xətti cəbr, sabitlik və dinamika, sistemlər dinamikası və diferensial tənliklər, MATLAB kompüterin proqramlaşdırma dili öyrədilir. Məktəbdə səkkiz departament fəaliyyət göstərir: biotibbi mühəndislik, kimya və biologiya mühəndisliyi, vətəndaş və ekologiya mühəndisliyi, elektrotexnika və kompüter elmləri, mühəndislik elmləri və tətbiqi riyaziyyat, sənaye mühəndisliyi və idarəetmə, material elmləri və texnika, maşınqayırma. Məktəbdə təhsil alan tələbələrin sayı 2364 nəfərə bərabərdir.

Medill Jurnalistika Məktəbi 1921-ci ildə yaradılıb. Məktəbdə 1049 nəfər tələbə oxuyur. 2002-ci ildə burada McKormik Tribune adlı peşəkar televiziya studiyası və çoxsaylı multimedia auditoriyaları açılıb. Məktəbin dekanı Con Levindir. Məktəb jurnalistika sahəsi üzrə bakalavr və magistr dərəcələri təklif edir. Məktəb xüsusilə tələbələrinə kütləvi informasiya vasitələrinə yalnız doğru məlumatı çatdırmağı öyrədir. Burada "Medill F" proqramı həyata keçirilir. ABŞ-nin bir çox KİV nümayəndələri bu proqramda iştirak ediblər.

Hüquq Məktəbi universitetin Çikaqo kampusunda yerləşir və 1859-cu ildə yaradılıb. Təhsil müəssisəsinin dekanı Devid Van Zanditdir. Şimal-Qərb Universitetinin Hüquq Məktəbi ABŞ-nin mükəmməl hüquq təhsili verən məktəblərindən biridir və reytinqlərdə əksərən yuxarı pillələri tutur. Məktəb tələbələr üçün 6 elmi jurnal nəşr edir. Jurnala əməkdaşlar yazılı müsabiqə ilə götürülürlər. Məktəb bakalavr, magistr, doktorluq (Juris Doktor -JD), JD-MBA dərəcələri verir. Burada ümumilikdə 992 tələbə təhsil alır.

Kelloq İdarəetmə (Menecment) Məktəbi 1908-ci ildə yaradılıb və Çikaqo kampusunda yerləşir. Məktəbin dekanı Selli Blountdur. Kelloq İdarəetmə Məktəbi Çin, Hindistan, Honkonq, İsrail, Almaniya, Kanada və Taylandın ali təhsil müəssisələri ilə əməkdaşlıq proqramları həyata keçirir. Burada analitik konsaltinq, maliyyə, beynəlxalq biznes, menecment və təşkilatçılıq, idarəçilik iqtisadiyyatı, insan resurslarının idarəolunması, sahibkarlıq və innovasiya, mühasibat və informasiyanın idarəolunması, marketinq və s. fakültələr mövcuddur. Məktəb MBA və PhD dərəcələri təklif edir. Məktəbdə təhsil alan tələbələrin sayı 1880 nəfərə bərabərdir.

Feynberq Tibb Məktəbi Çikaqo kampusunda yerləşir və 1859-cu ildə yaradılıb. Məktəbin dekanı Larri Cemessondur və burada 1226 tələbə təhsil alır. Bu təhsil ocağı ABŞ-nin qabaqcıl tibb müəssisələrindən olan Şimal-Qərb Universitetinin MakQo Tibb Mərkəzinin bir hissəsidir. Təhsillərinin ilk iki ilində tələbələrə insan orqanizmini, mədə-bağırsaq traktı, anatomiya, fiziologiya, biokimya, farmakologiya və histologiya öyrədilir. Üçüncü ildən başlayaraq ixtisas fənləri tədris edilir. Məktəbdə daxili təbabət, pediatriya, ginekologiya, cərrahiyyə və ilkin tibbi yardım, oftalmologiya, otolarintologiya, urologiya, anesteziologiya və s. fakültələr fəaliyyət göstərir. Feynberq Tibb Məktəbi bakalavr, səhiyyə magistri – MPH, tibb doktoru -MD/PhD dərəcələri təklif edir. 1990-cı ildən burada müasir biotibbi elmlərin fənlərarası hazırlığı məqsədi ilə Kompleks Magistratura Proqramları (IGP) həyata keçirilir.

Henri Li Bienen musiqi məktəbi 1895-ci ildə yaradılıb (musiqi məktəbi adı ilə). Təhsil müəssisəsinin dekanı Toni-Mari Mantqomeridir. 2008-ci ildə Şimal-Qərb Universitetinin prezidenti Henri Bienen və onun xanımı Li Bienenin şərəfinə məktəbə hazırkı adı verilib. Burada orkestr musiqiləri, caz tədqiqatları, musiqişünaslıq, musiqinin tarixi, tərbiyəvi musiqi, musiqi texnologiyaları, musiqi nəzəriyyəsi və digər fakültələr mövcuddur. Hazırda məktəb 16 kollektivdən ibarətdir: simfonik orkestr, kamera orkestri, xor kapellası, barokko musiqisi ansamblı, caz orkestri və s. Məktəbin Regenstein musiqi zalı Miçiqan gölünün yanında yerləşir və buradan gölün əsrarəngiz görünüşü canlanır. Burada müxtəlif konsert və tədbirlər keçirilir. Məktəb çox zəngin musiqi kitabxanasına malikdir. Hazırda məktəbdə 643 tələbə oxuyur.

Fasiləsiz Təhsil Məktəbi 1933-cü ildə yaradılıb və Çikaqo kampusunda yerləşir. Məktəbin dekanı Tomas Gibbonsdur. Məktəb tələbələrə, doktorantlara, ixtisas artırmaq istəyən şəxslərə fasiləsiz təhsil vermək məqsədi daşıyır. Burada, əsasən, işləyən şəxslər təhsil aldığından, dərslər axşam saatlarında və həftə sonları keçilir. Məktəb bakalavr səviyyəsi çərçivəsində fəlsəfə bakalavrı, ümumi tədqiqatlar üzrə elmlər bakalavrı, kommunikasiya sahəsi üzrə fəlsəfə bakalavrı, magistr səviyyəsi çərçivəsində isə kompüter informasiya sistemləri üzrə elmlər magistri, ədəbiyyat sahəsi, humanitar elmlər, tibbi informatika, dövlət siyasəti və idarəetmə, eləcə də digər sahələr üzrə elmlər magistri dərəcələri təklif edir.

Ali (magistr və doktorantlar üçün) Məktəb 1910-cu ildə yaradılıb və Evanston kampusunda yerləşir. Təhsil müəssisəsinin dekanı Endryu Uoçteldir və burada 1000-dən çox alim fəaliyyət göstərir. Məktəb 70 sahə üzrə elmi dərəcələr təklif edir.

Qarret-Yevangelist İlahiyyat Seminariyası Evanston kampusunda yerləşir və 1853-cü ildə yaradılıb. Seminariyanın prezidenti Filipp Emerson, dekanı isə Lallen Rektordur. Seminariya ilahiyyat sahəsi üzrə magistr və doktorluq dərəcələri təklif edir.

Şimal-Qərb Universitetində dünya elminə yeni-yeni nailiyyətlər bəxş edən Kompleks Sistemlər İnstitutu, Nanoölçülü Elmlər və Texnika, Materiallar Tədqiqatı, Günəş Enerjisi, Müqayisəli Tədqiqatlar mərkəzləri, Siyasi Tədqiqatlar, Beynəlxalq Nanotexnologiyalar institutları fəaliyyət göstərir.

Şimal-Qərb Universitetinin kitabxana sisteminə 4,9 milyon cild kitab, 4,6 milyon mikroforma, 98000 dövri nəşr, eləcə də 700 verilənlər bazası və 6000 elektron jurnal daxildir. Universitetin Evanston kampusunda, əsas kitabxana daxil olmaqla dörd, Çikaqo kampusunda üç, Qarret-Yevangelist və Seaburi-Vestern seminariyaları ilə əlaqəli iki kitabxanası mövcuddur. Universitetdə Afrika mədəniyyətinə aid dünyada ən zəngin kolleksiyaya malik Melvill Herskovits adına Afrika Tədqiqatları Kitabxanası yerləşir. Burada qədim əlyazmalar, müxtəlif əsrlərə aid incəsənət nümunələri, musiqi əsərləri və s. resurslar saxlanılır. Universitetin kitabxanası kolleksiyalarını "Google" kitab axtarış sistemi vasitəsilə İnternetdə oxucuların istifadəsinə verib.

Şimal-Qərb Universitetinin Meri və Li Blok İncəsənət Muzeyi Çikaqonun əsas incəsənət mərkəzlərindən biridir. Burada 4000-dən çox sənət nümunələri qorunur və bu rəqəmlər mütəmadi artmaqdadır.

31 avqust 2009-cu ildən Şimal-Qərb Universitetinin prezidenti Morton Şapirodur. Daniyel Linzer isə 2007-ci ildən Şimal-Qərb Universitetinin rektorudur. Prezidentin 21 vitse-prezident köməkçisi var. İndiyədək universitetdə 16 prezident fəaliyyət göstərib. Universitet 70 üzvdən ibarət Qəyyumlar Şurası tərəfindən idarə olunur. Şuranın sədri Patrik Rayandır. Universitetdə 7000-ə yaxın işçi heyət çalışır. İşçilərin 2500 nəfərini professor-müəllim, qalanlarını isə inzibati heyət təşkil edir. Müəllimlərin arasında çoxlu sayda Toni mükafatı laureatları, Makartur Fondu təqaüdçüləri, ABŞ Milli Elmlər Akademiyası, Amerika İncəsənət və Elmlər Akademiyası, Amerika Elmi Cəmiyyət Birliyinin üzvləri, fəxri professorlar var.

Hazırda Şimal-Qərb Universitetində ümumilikdə ABŞ-nin 50 ştatından və dünyanın 50-dən çox ölkəsindən olan 16337 tələbə təhsil alır. Onların 8497 nəfəri bakalavr, 7880 nəfəri isə magistr və doktorantdır. Tələbələrin 51,6 faizini qızlar təşkil edir.

Şimal-Qərb Universitetində idmana böyük diqqət yetirilir. Burada 19 idman komandası (11 qızlardan və 8 oğlanlardan ibarət komandalar), çoxlu sayda idman klubları, fitnes mərkəzləri fəaliyyət göstərir. Universitet "Widcats" milli çempionatında 2008-2009-cu illərdə ölkə çempionu olub. Bu ali məktəbin müəllim və əməkdaşları da idman klublarının üzvləridir.

Şimal-Qərb Universitetində, Amerikanın digər universitetlərində olduğu kimi, tələbələr hər bir şəraitlə təmin edilmiş yataqxanalarda qalırlar. Bunlardan İst Ferçayld, Hobart, Şepart, Hinman, Elder, Bobb, Uillard və digər çoxlu sayda yataqxanaların adlarını çəkmək olar.

Şimal-Qərb Universiteti innovativ tədris və novator tədqiqatları özündə cəmləşdirərək ənənəvi akademik çərçivədən kənara çıxır. Universitet Çikaqonun zəngin mühiti əsasında tələbə və müəllimlərin şəxsi, intellektual və peşəkar yüksəlişi üçün müstəsna imkanlar yaradır.

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Universitet 1917-ci ildən Amerika Universitetləri Assosiasiyasının üzvüdür. Şimal-Qərb Universiteti ABŞ-də texnologiya və kommunikasiya sahələrinin sürətli inkişafına görə tanınır.

"Academic Ranking of World Universities"dəki yeri:[3]
2003[4] 2004[5] 2005[6] 2006[7] 2007[8] 2008[9] 2009[10] 2010[11] 2011[12] 2012[13] 2013[14] 2014[15] 2015[16]
29 30 31 33 29 30 30 29 30 30 30 28 28
"QS World University Rankings"dəki yeri:
2015/16[17] 2014/15[18] 2013/14[19] 2012/13[20] 2011/12[21] 2010/11[22]
32 34 29 27 24 26
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[23] 2014/15[24] 2013/14[25] 2012/13[26] 2011/12[27] 2010/11[28]
25 21 22 19 26 25

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]
  1. Emos Soyyer-Liberiyanın sabiq prezidenti
  2. Ram Emanuel-Ağ Evin ştab rəisi
  3. Corc Boll-ABŞ dövlət katibinin sabiq müavini
  4. Corc MakQovern- Sabiq senator və prezidentliyə namizəd
  5. Edli Stivenson - ABŞ-nin BMT-də sabiq səlahiyyətli səfiri
  6. Artur Cozef Holdberq-ABŞ-nin BMT-də sabiq səlahiyyətli səfiri
  7. Con Pol Stivens-ABŞ Ali Məhkəməsinin hakimi
  8. Den Kronin -İllinoys ştatının senatoru
  9. Eduardo Mondlane-Mozambikin inqilabi hərəkatının rəhbəri
  10. Uindli Çemberlin-ABŞ-nin Pakistanda sabiq səlahiyyətli səfiri
  11. Edvard Ueyler - NASA-nın administratoru, astrofizik
  12. Devid Skorton-Kornell Universitetinin prezidenti
  13. Qrem Spenyer-Pensilvaniya Ştatı Universitetinin prezidenti
  14. Duqlas Konant-"Campbell Soup" kampaniyasının prezidenti
  15. Corc Stiqler- İqtisadiyyat üzrə Nobel mükafatı laureatı
  16. Saul Bellou -Yazıçı, Nobel mükafatı laureatı
  17. Çarlton Heston- Aktyor, "Oskar" mükafatı laureatı
  1. 1 2 Geographic Names Information System (ing.).
  2. 1 2 Global LEI index.
  3. "ARWU - Northwestern University". Shanghai Ranking Consultancy. 2014. 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
  4. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  5. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  6. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  7. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  8. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  9. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  10. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  11. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  12. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  13. "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  14. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  15. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  16. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  17. "QS World University Rankings (2015)". 2017-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
  18. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  19. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  20. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  21. "QS World University Rankings (2011)". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  22. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  23. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  24. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  25. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  26. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  27. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  28. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]