Şirvanşahların yay iqamətgahı

Şirvanşahların yay iqamətgahıŞirvanşahların yay sarayı.

Şirvanşahların yay iqamətgahı
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Sabunçu rayonu, Nardaran qəsəbəsi
Aidiyyatı Şirvanşahlar dövləti
Tikilmə tarixi XV əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Günbəzləri 1
İstinad nöm.133
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şirvanşahların yay iqamətgahı (Azərbaycan)
Şirvanşahların yay iqamətgahı

Dəniz sahilindən 2 km. məsafədə, Nardaran kəndinin şimali-şərq kənarında, yüksək qumsallıqda mövqe tutmuş yay tikilisi həcm-məkan tutumu ilə ətraf tikililər içərisində hakim mövqeyə malikdir. Nardaranın dənizsahili əlverişli iqlimi, strateji əhəmiyyətli coğrafi məkan, XIII–XIV əsrə aid müdafiə qalasının yaxınlığı, Şirvan şahlarının məhz bu ərazini istirahət zonası üçün yararlı hesab etmişlər. Xalq arasında "Xan bağı" adı ilə tanınmış bu tikiliyə "Şah bağı" demək daha düzgün olardı. Şirvan-Abşeron memarlıq məktəbi üslubunda tikilmiş yay yerləşkəsinin üzərində epiqrafik yazıların aşkarlanmaması, memarlıq-plan həllinə, tikinti texnikası və arxitektonikasına görə Şirvan şahlarının Bakının "İçəri şəhər"indəki saray kompleksinə yaxınlığı, bu tikilinin XIII–XIV əsrlərə aid etməyə imkan verir. Nəzərə alsaq ki, Şimali Azərbaycan ərazisində xanlıqların yaranması XVII–XVIII əsrlərə təsadüf edir, onda bu bağın "Şah bağı" olduğu inkaredilməzdir.

Yazılı mənbələrdə "Şah bağının" komleks tikililər; onu əhatə edən üzümlüklər içərisində bir neçə kiçik köməkçi xidmət otaqlarının, hovuz və iki su quyusunun olduğundan xəbər verilir. Yəqin ki, bağın ərazisi nə vaxtsa baş tağlı girişə malik olmaqla hasarla əhatələnmişdir. Fasadın dənizə istiqamətlənmiş girişi dərin taxçalı oxvari baş tağla başlanır. Tağ açımının haşiyəsi divar səthindən nisbətən qabarmaqla, binanı əhatə edən karnizlə tamamlanır. "Şah bağı" yan cinahlardan, hamar səthli sadə fasadlarda üç düzbucaqlı pəncərə açımları ilə işıqlandırılmışdır. Qapılara perpenduklyar yerləşdirilmiş pəncərələr nisbətən böyük sahəsi ilə digərlərindən seçilir. Hal-hazırda qapı və pəncərələrdən məhrum olan bağ tikilisi, əhalinin verdiyi məlumata görə, nə vaxtsa qoz ağacından düzəldilmiş gözəl dekorativ oyma sənətinin məhsulu olan qapı və pəncərələrlə ətraf landşaftın ayrılmaz hissəsinə çevrilmişdir.

"Şah bağı"-nın yaşayış binasının mərkəzi, oxvari günbəzlə tamamlanır. Abşeron yarımadasının dini tikililərə xas olan belə bir örtük sistemi, sanki ilk baxışda iqamətgahı məscidə bənzədir. Binanın bütün fasadları dekorsuz, sadə həlli ilə yadda qalır. Daş navalçalar yağıntıların axınını tənzimləməklə, fasada nisbi zənginlik bəxş edir.

Monumental tikilinin memarlıq-plan quruluşu kvadrat əsaslı olmaqla, tərəflərinin ölçüləri 14 m-ə bərabərdir. Bina lakonik həndəsi düzgün həcm tutumu, ciddi memarlıq forması və daxili məkanın dəqiq həlli ilə diqqəti cəlb edir. Plan həlli giriş baş tağının kvadrat əsaslı zala aparması ilə başlanır. Zalın künclərindəki dörd kamera onun xaçvari plan quruluşunda həllinə səbəb olmuşdur. Bu gün plan quruluşu qədim Alban abidələrindən bəhrələnən Abşeronun bir sıra məscidləri (Mərdəkanda Tuba-Şahi məscidi – XIV əsr, Qala kəndində Hacı Ramazan məscidi – XVIII əsr, Keşlədəki XVII əsr məscidi, Şirvanşahlar məscidi) bu tip plan həllini almışdır. Belə məscid tikililəri eləcə də Azərbaycanın şimal regionları üçün xarakterik olmaqla geniş yayılmışdır.

"Şah bağı" nın künclərdəki ikimərtəbəli kameraları birmərtəbəli zala birləşməklə onu tamamlayır. Otaqlara oxvari tağlı girişlər binanın interyer kompozisiyasında simmetrik oxlar üzərində həllini tapmışdır. Künc yerləşkələr trompların söykəndiyi kiçik günbəzlərlə örtülmüşdür. Günbəzlər cənub yerləşkələrdə səkkizguşəli, şimal istiqamətlərdə isə dairəvi, hamar şəkildə qurulmuşdur.

Zal öz sadə həlli ilə diqqəti cəlb edir. Mərkəzi günbəz konstruksiyalı örtük sistemi sadə stalaktidlərin və dörd oxvari tağın konstruktiv yükdaşıyıcılığının səyi nəticəsində durmuşdur. İnteryerdəki mərkəzi dairəvi hovuz ətrafa mülayim oazis yaymaqla, əhalinin verdiyi məlumata əsasən, istiqamətə (dənizə, mühafizə qalasına və Nardaran pirinə) uzanan yeraltı tunellərə giriş rolunu oynamışdır. Binadan otuz sajen Cənub-Qərb istiqamətində dərinliyi üç sajen olan dairəvi, susuz quyu yerləşir, Qərb və Şərqə aparan yeraltı yoları var. Rəvayətə görə bu xan bağından qüllə və pirə aparan yeraltı yolun bir hissəsidir.

Birinci quyudan otuz sajen aralıda, Cənub-Qərb istiqamətində dərinliyi 6 arşın, üst hissəsi kvadrat çıxıntılı, ölçüsü 1,581,25 arşın olan ikinci quyu var. Bu quyudan birinci quyuya 3 arşın hündürlüyündə olan, eni 14 verskə bərabər dəhlizli yol aparır. Elə həmin quyudan Cənuba doğru, iqamətin əksinə olaraq ikinci yol gedir: İçəri düşüb 20 arşın yol qət etdikdən sonra yol kəsilir, çünki yol torpaq uçqunu ilə örtülmüşdür.

Bir sıra səyyahların; xüsusilə Əbdürrəşid Bakuvinin, Berezinin və.s verdiyi məlumatlara əsasən, Abşeron yarımadası üçün bağ tikililəri xarakterikdir. "Xan bağı" adlanan daha bir tikili Buzovna kəndində də qeydə alınmışdır. Səyyah İ. N. Berezin 1842-ci ildə Bakıda olarkən Buzovnada sarayla birlikdə xan bağının mövcudluğundan məlumat vermiş və bu məhəlləni "Xan məhəlləsi" adlandırmışdır, lakin memar, professor Ş. S. Fətullayevin araşdırmalarına görə bu bağ Şirvan şahlarına deyil, məhz XVIII əsr Bakı xanlarından olan, Azərbaycanın görkəmli xadimi Abbasqulu ağa Bakıxanovun ulu babası Mirzə Məhəmməd xana məxsus olmuşdur.

Abşeron yarımadasında varlı şəxslərin tikdirdikləri yay iqamətgahları XIX əsrin sonları, XX əsrin əvvəlləri neft milyonçularının hesabına daha geniş vüsət almışdır. Avropa və Şərq memarlığının sintezindən yaranmış və zəngin dekorlu interyerlərə malik bu villalar memarlıq-plan quruluşuna, konstruksiya və tikinti texnikasına görə böyük inkişaf yolu keçməsinə baxmayaraq, Abşeron bağ iqamətgahları içərisində Şirvan şahlarının Nardarandakı yay tikilisi öz sadəliyi və əzəməti ilə seçilir.

"Şah bağının" yaxınlığında şaha xidmət edən "Şah hamamı" da mövcuddur. Hamam orta əsr hamam tiplərinə məxsus olmaqla yer səthində aşağı tikilmiş və böyük həcm-məkan tutumuna malikdir. Hazırda içini və üstünü qum basmış tikilinin naturadan tədqiqi zamanı hamamın bir neçə günbəz və giriş yeri aşkar olunmuşdur.

Şirvanşahların Nardaran kəndində kompleks şəkildə tikilmiş yay iqamətgahının bəzi tikililəri dövrümüzə qədər gəlib çatmasa da, bağ dövrünün hakim dairələrinin əzəmət və qüdrətinin təcəssümü nümunələrindən biri kimi durmaqdadır.