Əbülbərəkat

Əbülbərəkat — Əbülbərəkat Əvhədüz — zaman Hibətullah ibn Əli ibn Məlkaəl Bağdadi (1080[1], Bаlаd, Səlahəddin mühafəzəsi1165[1], Bağdad) – filosof, fizik, psixoloq və təbib. İvrit dilində Natanel adı ilə əsər yazmışdır.

Əbülbərəkat
Doğum tarixi 1080[1]
Doğum yeri
Vəfat tarixi 1165[1]
Vəfat yeri
İstiqaməti islam fəlsəfəsi
Əsas maraqları fəlsəfə

Həyatı haqqında məlumat azdır. Yəhudi ailəsində dünyaya gəlmişdir. Müxtəlif mənbələrdə Əvhədüz-zaman, Seyyidül-hükəma, Feyləsufül-əvan kimi ləqəblərlə xatırlanır. Bağdad mühitində yetişən Əbülbərəkatın müəllimlərindən yalnız Əbül-Həsən Səid ibn Hibətullahın adı çəkilir. 1143-cü ildə Bağdadda Navarre-Yəhudi filosofu İbrahim ibn Ezranın oğlunu qonaq kimi qəbul edərək, evində saxlamışdır. İslamı qəbul edəndə İbrahimin oğlu İshaq (Əbu Səd) da ondan nümunə götürərək, islamı qəbul etmişdir[2]. Bir neçə hökmdar və əmirin yanında çalışan Əbülbərəkat islam dinini qəbul etdikdən sonra xəlifə Müktəfi-Liəmrillaha [1136–60] xidmət etmiş və onun təklifi ilə "Məqalə fil-əql" risaləsini yazmışdır[3].

Fəlsəfi görüşləri

[redaktə | mənbəni redaktə et]

Başda PlatonAristotel olmaqla İbn Sina, Yəhya ən-Nəvi və Əbu Bəkr ər-Razinin fikirlərindən faydalanmışdır.

Əbülbərəkatın sifətlərlə (ilahi atributlar) bağlı görüşlərində əşərilərin, xüsusilə Cüveyni və Qəzzalinin təsiri hiss olunur. İslam tarixində özünəməxsus yeri olan Əbülbərəkatın fəlsəfi sistemindən başda Fəxrəddin Razi olmaqla, Nəsirəddin Tusi, Şeyx Şərif Cürcani, Cəlaləddin Dəvvani və b. faydalanmışlar.

Əbülbərəkat psixologiyaya dair məsələlərdə İbn Sinada olduğu kimi, can mövzusunu "Təbiyyat" bölməsində araşdıraraq, Platonun nəbati, heyvani və düşünən can təsnifini qəbul etmişdir. O, can haqqında həm Aristotelin "bədənin bir funksiyası", həm də Platonun "bədəni hərəkət etdirən sadə bir cövhər" tərifini natamam hesab etmişdir. Filosofun fikrincə, bu təriflər canı "mən"dən ayrı, sırf maddi, yaxud mücərrəd varlıq kimi göstərir. Can bədənə daxil olan potensiya olub, qeyri-maddidir; bu potensiya bədəndə müxtəlif davranış və hərəkətləri yaradır. Can öz-özlüyündə ayrı-ayrı potensial qüvvələrə malik deyil; tək, tam və bölünməz olan can və onun "idrak alətləri" vardır. Can qeyri-cismani ağıldır və o, bədənlə birlikdə mövcuddur. Bütün planetlərin və ulduzların səmavi canları mövcuddur. Əbülbərəkat "Əl-Kitabül-mötəbər"in "İlahiyyat" hissəsinin əvvəlində öz epistemologiyasını və bu baxımdan məşşailərlə başlıca fikir ayrılıqlarını ortaya qoyur. Ona görə, idrak və bilginin meydana gəlməsi subyekt və obyekt arasındakı münasibətin nəticə sində reallaşır. Farabidə olduğu kimi, Əbülbərəkat da bilgilərin təsnifini maddi varlıqlar haqqında, məhfumlar haqqında, sözlər və mənalar haqqında bilgilər ("elmül-əlfaz vəl-kinayat") şəklində verir[3]. Əbülbərəkata görə, varlıq idrakdan öncə gəlir. Bəzi şeylərin insanların bir qismi, yaxud əksəriyyəti tərəfindən dərk edilməməsi onların yoxluğuna dəlalət etmir. Çünki "idrak varlığın şərti deyil, varlıq idrakın şərtidir". Bununla bərabər, filosof konseptualist bir yanaşma ilə zehni varlıqların (məhfumlar və formalar) idrak edənlər tərəfindən fərqli şəkildə qəbul olun duğunu da göstərmişdir. "Vücud" və "mövcud" anlayışlarını fərqli mənalarda işlətmiş, zehnin heç bir xarici təcrübədən asılı olmadan açıq-aydın qavradığı mütləq varlığa vücud, duyğularla dərk edilən xarici varlığa isə mövcud adını vermişdir. İbn Sina, Sührəvərdi və Dekart kimi Əbülbərəkat da insanın varlığı dərk etməsinin çıxış nöqtəsi kimi öz "mən"ini qavramağı ön plana çəkirdi. Şeylərin öz mövcudiyyətlərini Tanrının varlığından aldıqları üçün ərəz və məcazi varlıq olduqlarını bildirməklə vəhdəti-vücud fəlsəfəsinə yaxınlaşırdı[3].

"Əl-Kitabül-mötəbər fil-hikmət" əsəri

[redaktə | mənbəni redaktə et]

Əbülbərəkat öz fikirlərini ən məşhur əsəri olan də "Əl-Kitabül-mötəbər fil-hikmət" əsəri ["Hikmətə dair mötəbər (yaxud düşün cələrdən ibarət) kitab"] sistemləşdirmişdir. Əsər üç hissədən ibarətdir: 1) məntiq; 2) təbiyyat və psixologiya; 3) ilahiyyat. Əbülbərəkat kitabın quruluşunu İbn Sinanın "əş-Şəfa" əsərindən götürmüşdür. Müəllif əsərdə "varlıq kitabı" ("səhifətül-vücud"), yaxud həqiqətin əsl mənbəyi hesab etdiyi və "varlıq nüsxəsi" ("nüsxətül-vücud") adlandırdığı "nəsnələr dünyası"nı incələdiyini bildirir. Filosofa görə, varlıq içində nöqsan olmayan bir kitab, Allahın varlıq haqqındakı elmi isə "ümmül-kitab"dır ("kitabın anası"). Varlıq kitabını yazan Allahdır və bu kitabı oxumaq "bəsirət sahibləri" üçün hər hansı bir filosofun kitabını oxumaqdan daha sadə və faydalıdır. Əbülbərəkat məntiq sahəsində məşşai ənənəyə sadiq qalmış, məntiqin yalnız istilahları ("ləfzlər") deyil, anlayışları öyrəndiyini bildirməklə məşşai ənənəsindən ayrılmışdır[3]. İnsanın bilgi əldə etməsində ilkin bilgilərin (təriflərin) rolunu xüsusi vurğulamış, Aristotel və müsəlman məntiqçilərindən fərqli bir yanaşma ilə tərifin növlərini bilginin dəyəri baxımından hədd, rəsm və təmsil olaraq sıralandırmışdır. Hədd bilinməsi istənilən şeyi özünə aid (zati) xüsusiyyətləri ilə ifadə edən tərifdir. Rəsmdə isə keçici xüsu siyyətlər əks olunur. Bu baxımdan insanı "düşünən canlı" kimi tanıdan tərif hədd, "oxuyub-yazan canlı" kimi tanıdan tərif isə rəsmdir. Təmsil (analogiya) bir şeyi öz bənzərləri, bir bütövü ayrı-ayrı hissələri, yaxud bir mücərrəd məfhumu konkret şeylərlə tanıtma metodudur. Təmsil epistemoloji dəyəri baxımından digər iki növdən sonra gəlsə də, xüsusilə təhsildə faydalı metodlardan biridir. Əbülbərəkat öz naturfəlsəfəsində cismin ən başlıca xüsusiyyətinin hərəkət olması üzərində təmərküzləşən aristotelçi görüşləri qəbul etmiş, hərəkətin növləri mövzusunda məşşailərin izi ilə getsə də, məkan və zaman anlayışlarında onlardan ayrılmışdır. Məşşailərin "hərəkət olmadığı halda zaman da yoxdur" ideyasını rədd edən Əbülbərəkat zamanın hərəkətdən öncə gəldiyini bildirərək, aristotelçilərin öz görüşlərini isbatlamaq üçün "Əshabi-kəhf " hadisəsini dəlil gətirmələrinə qarşı çıxmış, mağarada yatanların yuxu vəziyyətində hərəkətsiz olduğu üçün zamanı yaşamadığını deyil, zamanın onların şüurunda olmadığını göstərmişdir. Filosof İbn Sinanın zamanı cismin bir ərəzi (aksidensiyası) kimi qiymətləndirməsini yanlış hesab etmişdir. Belə ki, insan zehni zamanı cisimdə, yaxud varlıqda deyil, varlığı zamanda qavrayır. Əbülbərəkata görə, mütləq zaman anlayışına sahib ola bilən insan keçmişin, indinin və gələcəyin şüuruna yiyələnir. Bu halda zamanı həm zehni, həm də ontoloji bir gerçəklik kimi göstərən Əbülbərəkatın fikrincə, zaman hərəkətin deyil, varlığın ölçüsüdür və buna görə, var olan hər şey zamana tabedir. Hətta Tanrı da zamandan xaric deyil. Bu səbəbdən də zamanın başlanğıcı olmadığı kimi, sonu da yoxdur[3].

  1. 1 2 3 4 Hibat Allah Abu'l-Barakat Al-Baghdaadi // Internet Philosophy Ontology project (ing.).
  2. Ибн-Эзра, Исаак (Абу-Сад)  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  3. 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası. Bakı: NPB. 2019. səh. 600.

Анри Корбэн. История исламской философии. Arxiv surəti 29 iyun 2011 tarixindən Wayback Machine saytında