Əbdül Fəttah əl-Burhan Əbdülrəhman əl-Burhan (11 iyul 1960) — Keçid Suverenlik Şurasının sədri (2021-ci ildən), Sudan Ordusunun Baş Qərargah rəisi (2018-ci ilin fevralında), Sudan ordusunun Generalı, Sudan Silahlı Qüvvələrinin Ali Baş Komandanı.
Əbdül Fateh Əl-Burhan | |
---|---|
ərəb. عبد الفتاح عبد الرحمن البرهان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyul 1960 (64 yaş) |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu, dövlət qulluqçusu, siyasətçi |
Dini | islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sudan |
Döyüşlər | |
Rütbəsi | general, general-leytenant |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdül Fəttah əl-Burhan 1961-ci ildə Sudanın şimalındakı Qandatu kəndində sufi ailəsində anadan olmuşdur. Əl-Burhan kənd məktəbində ibtidai və orta səviyyəli təhsil almış və daha sonra 31-ci dəstə arasında Sudan Hərbi Kollecinə qatılmadan əvvəl təhsilini başa çatdırmaq üçün Şendiyə köçmüşdür.[1]
Hərbi Akademiyanı bitirdikdən sonra əl-Burhan Sudan ordusunun tərkibində Xartumda xidmət etmiş, Darfur müharibəsində və Cənubi Sudanda və digər regionlarda, həmçinin İkinci Sudan vətəndaş vüharibəsində müxtəlif döyüş cəbhələrində iştirak etmişdir. O, Darfurda regional komandir olub.[2] Daha sonra 2018-ci ildə ordunun quru qoşunlarının komandanı təyin olunana qədər hərbi sahədə təlim kursları keçmək üçün Misirə, daha sonra isə İordaniyaya səfər etmişdir.[3] Əl-Burhan, Sərhəd Mühafizə Qüvvələrində əsgər kimi başladığı və 2018-ci ilin fevralında Quru Qoşunları Əməliyyatları Baş Qərargah rəisinin müavini və daha sonra Sudan Ordusunun Baş Qərargah rəisi olana qədər bu qüvvələrin bir sıra vəzifələrdə fəaliyyət göstərmişdir.[4] 26 fevral 2019-cu ildə ölkəni bürüyən və Ömər Bəşir rejiminin devrilməsini tələb edən kütləvi etirazlar zamanı əl-Burhan general-leytenant rütbəsinə yüksəlmişdir.
Təyinatından qısa müddət sonra əl-Burhan televiziya müraciətində sələfi Ömər Bəşir tərəfindən tutulan bütün məhbusların sərbəst buraxılması əmrini vermişdir.[5]
Xartum qətliamı
2019-cu ilin iyun ayının əvvəlində, əl-Burhan və Hemedtinin Misir, BƏƏ və Səudiyyə liderlərinə səfərlərindən sonra, Sudan Təhlükəsizlik Qüvvələri və Çevik Dəstək Qüvvələri, o cümlədən əl-Burhan və onun müavininin başçılıq etdiyi Cəncavid silahlıları Sudanda başlayan dinc etirazları dağıtmışdırlar.[6][7] İnsan haqları qrupları dinc nümayişçilərin öldürüldüyünü və 40-a yaxın cəsədin Nil çayına atıldığını, yüzlərlə insanın Xartum küçələrində işgəncələrə, zorakılığa məruz qaldığını və zorlandığını bildirmişdirlər.[6][8]
İyad əl-Bağdadi, əl-Burhanın rəhbərliyi altında TMC-nin qərar verməsini Səudiyyə, BƏƏ və Misir liderlərinin demokratik hərəkatlardan qorxmalarının ümumi kontekstindən güclü şəkildə təsirləndiyi kimi şərh etmişdir.[9] Xartum Universitetini bitirmiş bir siyasi fəal və həkim Mahmud Elmutasim də eyni şəkildə Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yaxın Şərqdə demokratiyaların mövcudluğuna qarşı olduqlarını, çünki "demokratiya ideyasının özü nə vaxtsa Yaxın Şərqdə kök atacaq və ya geniş yayılacaqsa", bu, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dövlət sistemləri üçün bir təhlükə olacağını ifadə etmişdir.[10]
İnternetin bağlanması
Human Rights Watch (HRW) daxil olmaqla bir sıra insan haqları təşkilatları əl-Burhanın rəhbərlik etdiyi TMC-ni 2019-cu ilin iyununda interneti bağladığına görə qınamışdır.[11] TMC-nin rəsmisi Şəmseldin Kabbaşı bildirib ki, internet milli təhlükəsizliyə təhdid olduğu üçün uzun müddət bağlanacaq.[12][13] HRW bu addımı "insan hüquqlarının kobud şəkildə pozulması" kimi qiymətləndirmişdir. Beynəlxalq media bunu diktatura əlaməti kimi qiymətləndirərək bu əməli pisləmişdir.[14] Bir çoxları bunu əl-Burhanın müttəfiqi, Cəncavid kimi tanınan milislərin Xartumda etdiklərini gizlətmək və 3 iyun 2019-cu ildə və ondan sonrakı günlərdə baş verən pozuntulara dair dəlillərin yayımlanmasını təxirə salmaq cəhdi kimi qiymətləndirmişdir.[15]
25 oktyabr 2021-ci ildə əl-Burhan, Baş nazir Abdullah Həmdokun mülki hökumətini devirmək məqsədi ilə 2021-ci ilin oktyabrında Sudan dövlət çevrilişinə rəhbərlik etmişdir.[16][17] 21 noyabr 2021-ci ildə bütün siyasi məhbuslar azad edilmiş və mülki siyasi partiyalarla razılaşma çərçivəsində Abdalla Həmdok baş nazir vəzifəsinə bərpa edilmişdir.[18] Həmdoka da keçid hökumətinə rəhbərlik etməyə icazə verilmişdir.
4 dekabr 2021-ci ildə əl-Burhan Reuters agentliyinə verdiyi müsahibədə Sudan ordusunun 2023-cü ilin iyuluna planlaşdırılan seçkilərdən sonra "siyasətdən çıxacağını" söyləmişdir: "hökumət seçiləndə ordunun, Silahlı Qüvvələrin və ya hər hansı bir təhlükəsizlik qüvvəsinin siyasətə qarışacağını düşünmürəm. Bu, razılaşdığımız bir şeydir və təbii bir vəziyyətdir."[19]
9 dekabr 2021-ci ildə əl-Burhan, Sudan ordusuna qarşı təhrik etdikləri üçün xarici diplomatik nümayəndəliklərə qarşı mümkün tədbirlər barədə xəbərdarlıq etmişdir. O, həmçinin 2021-ci ilin noyabrında Baş nazir Hamdok ilə bağlanmış siyasi razılaşmaya sadiqliyini bir daha təkrar etmişdir.[20] 20 dekabr 2021-ci ildə əl-Burhan Həmdoka dəstəyini ifadə edərək, son təyinatların onunla baş nazir arasında koordinasiya nəticəsində və 21 noyabr 2021-ci il tarixli siyasi razılaşmaya müvafiq olaraq edildiyini əlavə etmişdir.[21][22] 31 dekabr 2021-ci ildə bir çıxışında əl-Burhan, 2023-cü ilin iyul ayında "bütün keçid hökumət orqanlarını qurmağa və təyin olunmuş vaxtda azad, ədalətli və şəffaf seçkilər keçirməyə" sadiq olduğunu bildirmişdir.[23]
Həm əl-Burhan, həm də Hemedti Rusiyadakı Vladimir Putin hökuməti ilə əlaqələrə malik idi. Business Insider-in yazdığına görə, "bu iki general Rusiya prezidenti Vladimir Putinə Sudanın qızıl ehtiyatlarından istifadə edərək Qərb sanksiyalarına qarşı mübarizədə Rusiya maliyyəsini gücləndirməyə və Ukraynadakı müharibəsini maliyyələşdirməyə kömək ediblər".[24] 9 fevral 2023-cü ildə əl-Burhan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşmüşdür.[25]
2 yanvar 2022-ci ildə Abdullah Həmdok baş nazir vəzifəsindən istefa vermiş və Osman Hüseyn baş nazirin səlahiyyətlərini icra etməyə başlamışdır. 4 iyul 2022-ci ildə Əl-Burhanın ordunun davam edən siyasi danışıqlardan geri çəkiləcəyini və siyasi və inqilabçı qruplara keçid mülki hökuməti qurmağa icazə verəcəyini qeyd etdiyi bildirilmişdir. Bu açıqlama 117 nəfərin öldürüldüyü son demokratiya tərəfdarı etirazlardan sonra verilmişdir.[26][27]
10 noyabr 2023-cü ildə əl-Burhan İsrail–Həmas müharibəsi zamanı İsrailin Qəzza zolağındakı hərəkətlərini qınayaraq, "Fələstin xalqı ilə tam həmrəy olduğumuzu və 1967-ci il sərhədləri daxilində qanuni dövlət qurmaq hüququnu elan edirik" demişdir.[28]