Əbdürrəhim Hacızadə

Əbdürrəhim Məmmədiyyə oğlu Hacızadə (16 fevral 1920, İnçə, Nuxa qəzası, Gəncə quberniyası, AXC3 oktyabr 1991, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan böyük simalardan biridir. Onun ən böyük elmi nailiyyətləri Azərbaycanda güclü iqtisadi coğrafi məktəb yaratması, ərazi-istehsal və ərazi-sənaye komplekslərinin ölkədə ən böyük tədqiqatçısı olması, ölkəmizi dünyaya tanıtması, yüksək ixtisaslı kadrlar hazırlaması olmuşdur.[mənbə göstərin]

Əbdürrəhim Hacızadə
Əbdürrəhim Məmmədiyyə oğlu Hacızadə
Doğum tarixi 16 fevral 1920(1920-02-16)
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 1991(1991-10-03) (71 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı
Elm sahəsi Coğrafiya
Elmi dərəcəsi coğrafiya elmləri doktoru (1971)
Elmi adı professor
İş yeri
Təhsili

Əbdürrəhim Hacızadə 16 fevral 1920-ci ildə Şəki rayonun İnçə kəndində məktəb müəllimi ailəsində anadan olmuşdur.[1] Babası Hacı Əbdürrəhim xırda mülkədar olmasına baxmayaraq, Sovet hökumətinin qurulması ilə atası Məmmədiyə Hacızadə Rus məktəbində Azərbaycan dili müəllimi vəzifəsində çalışırdı. Anası Bəxti Kərim qızı İsmayılova İrəvan xanlarının nəslindən idi, və onun babası Ağa Hüseyn xan general-qubernator rütbəsində çar administrasiyası tərəfindən Nuxa mahalına başçı kimi göndərilmişdi.[2] Orta təhsilini Şəkidə alan Ə.M.Hacızadə 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə qəbul olmuş və 1946-cı ildə həmin fakültəni bitirmişdir.[3] 1941-ci ildə qardaşı Hüseyn ilə bərabər Qızıl Ordunun sıralarına çağırılmış və cəbhəyə yollanmışdı. 1946-cı ildə o, ali təhsilini başa vurmuş və 1953-cü ildə məşhur Şəkili tacir Düyüçü Cəfər nəslindən olan Şüküfə xanım Əbdürəhmanlı ilə ailə qurmuşdur. Bu nikahdan iki oğlu olmuşdur.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ə.M.Hacızadə 1950-ci ildə "Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik, 1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri» mövzusunda  doktorluq dissertasiyası müdafiə etmiş, 1959-cu ildə dosent, 1973-cü ildə isə professor elmi adına layiq görülmüşdür. Ə.M.Hacızadənin təşəbbüsü və yaxından iştirakı ilə 1960-cı ildə universitetin geologiya-coğrafiya fakültəsi nəzdində yeni İqtisadi coğrafiya kafedrası yaradılmış və o, 1989-cu ilədək fasiləsiz olaraq həmin kafedranın müdiri vəzifəsində işləmişdir.[4]

Ə.M.Hacızadə 190-dan çox elmi əsərin müəllifidir. Onların arasında «Azərbaycan iqtisadi rayonu», «Azərbaycan SSR-nin əhalisi və onun məskunlaşması», «SSRİ-nin iqtisadi coğrafiyası və həmçinin «Zaqafqaziya respublikalarının coğrafiyası» və «Qafqaz» kollektiv monoqrafiyaları üçün yazdığı bölmələr böyük marağa səbəb olmuşdur. Azərbaycan Respublikasının və Bakının iqtisadi coğrafi səciyyəsinə aid kitabları ilk dəfə olaraq ingilis, fransız, ispan, ərəb, hind və başqa xarici dillərə tərcümə olunmuşdur. Onun elm yaradıcılığının başlıca mahiyyətinin iqtisadi-coğrafi ərazi komplekslərinin araşdırılması təşkil edirdi. İstər bütöv respublika və ya onun təsərrüfat sahələrinin, istərsə də ayrı-ayrı regionlarının tədqiqində kompleks yanaşma prinsipinə dönmədən əməl etmişdir. Bu cəhətdən onun çoxillik yaradıcılıq fəaliyyətinin yekunu olaraq başa çatdırdığı «Azərbaycanın sənaye kompleksi», «Azərbaycan sənayesinin inkişafının təbii ehtiyatları» əsərləri elmimizin sanballı tədqiqat nümunəsi kimi hesab olunurlar. Vəfatından sonra, 2001-ci ildə, onun "Coğrafiya tarixi" ali məktəblər üçün dərs vəsaiti işıq üzü görmüşdür. İlk dəfə olaraq o öz tədqiqatlarında sadə təsvirlərdən dərin təhlilə keçərək təbii ehtiyatların bal göstəriciləri ilə iqtisadi coğrafi qiymətləndirilməsini aparmış, sənayenin ümumi və hər birinin ayrılıqda istehsalərazi kompleksləri şəklində formalaşmasının təbii-iqtisadi əsaslarını tədqiq etmişdir. O, Azərbaycan sənaye kompleksində tam istehsal silsilələrinin yaradılmasının metodlarını, əhəmiyyətini və əlaqələrini ətraflı şəkildə təhlil etmiş və orijinal xəritə-sxemlərini vermişdir. Onun elmi əsərlərindəki əməli təkliflər Azərbaycan təsərrüfat sahələrinin daha səmərəli yerləşdirilməsində, düzgün iqtisadi-coğrafi rayonlaşdırma aparılmasında xüsusi əhəmiyyət kəsb etmişdir.[5]

Ə.M.Hacızadə Azərbaycanın dövlət-plan və idarə orqanları tərəfindən sifarişlər verilən böyük iqtisadi əhəmiyyəti olan irimiqyaslı elmi konstruktiv xarakterli tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik etmişdir. Belə mühüm işlərdən tətbiqi əhəmiyyətli Azərbaycanın alüminium xammal ehtiyatları və istifadəsinin irimiqyaslı xəritəsinin, Bakı aqlomerasiyası, Filizçay polimetal, Naxçıvan dağ-kimya komplekslərini və s. göstərmək olar. Ə.M.Hacızadə müxtəlif iqtisadi xəritələrin tərtibinə ciddi yanaşırdı. Məktəblər üçün divar xəritələri, Azərbaycanın 1963-cü ildə buraxılmış və Dövlət mükafatına layiq görülmüş kompleks atlasında verilən iqtisadi coğrafi xəritələrin əksəriyyəti onun müəllifliyi və redaktəsi ilə hazırlanmışdır. Azərbaycan Ensiklopediyası üçün yazılan diyarşünaslıq, iqtisadi coğrafiya məqalələrinin, ensiklopediya sözlüyünün çoxunun müəllifi olmuşdur.[3]

Yeni kadrların hazırlanması

[redaktə | mənbəni redaktə et]

Ə.M.Hacızadənin yüksək ixtisaslı coğrafiya kadrları hazırlanması istiqamətində də böyük xidmətləri olmuşdur. Onun təşəbbüsü və yaxından iştirakı ilə 1983-cü ildə Bakı Dövlət Universitetində iqtisadi coğrafiya üzrə elmlər namizədi alimlik dərəcəsi almaq üçün müdafiə elmi şurası təşkil olunmuş və həmin şurada Azərbaycandan və qonşu Gürcüstan, Ermənistan, Orta Asiya respublikalarından, Ukraynadan, Rusiyanın bir çox cənub regionlarından 20 dən çox namizədlik dissertasiyası müdafiə olunmuşdur. Bununla yanaşı Ə.M.Hacızadə bir çox Respublikalarda elmi rəhbər olmuşdur. Onun rəhbərliyi ilə 14 elmlər namizədi hazırlanmışdır. Ə.M.Hacızadə Azərbaycan Coğrafiya Cəmiyyətinin (1959-cu ildə) vitse-prezidenti, iqtisadi coğrafiya şöbəsinin daimi sədri, keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin qurultaylarının iştirakçısı, Universitetlərin Elmi-metodiki şurasının iqtisadi coğrafiya şöbəsinin üzvü olmuşdur. Professor Ə.M.Hacızadə ömrünü elmə, ixtisaslı mütəxəssislər yetişdirilməsinə sərf etmiş daim axtarışda olan yüksək səviyyəli bir alim olmuşdur.[3]

  • SSRİ-nin iqtisadi coğrafiyası (Bakı,1963), İqtisadi və sosial coğrafiya üzrə ali məktəblər üçün dərslik.
  • Bakı – iqtisadi-coğrafi səciyyəsi (Bakı, 1970)
  • Azərbaycanın sənaye kompleksi, onun coğrafi problemləri (Bakı,1975), rus dilində
  • Əhali coğrafiyası. Ş.Y.Göyçayski (Bakı,1979), tərcümə
  • İqtisadi coğrafiyaya giriş. Y.Q.Sauşkin (Bakı,1981), tərcümə
  • Azərbaycan SSR-in sənayesinin inkişafının təbii ehtiyatları, (Bakı,1983)
  • Coğrafiya tarixi (Bakı, 2001), ali məktəblər üçün dərs vəsaiti (Tapdıq Həsənov ilə birlikdə)
  1. 1 2 Aydəmir, Şahin. 100 Böyük Şəkili. Bakı, Xəzər Nəşriyyatı, 2012. Səh.90
  2. Гаджиев, Айдын. Все понять, но не все простить Arxivləşdirilib 2022-02-27 at the Wayback Machine. Баку, 2009.
  3. 1 2 3 Ə.Hacızadə, T. Həsənov. Çoğrafiya Tarixi[ölü keçid] - dərs vəsaiti[ölü keçid]. Bakı, Bakı Universitetinin Nəşriyyatı, 2001. Səh 82-83
  4. Bakı Dövlət Universitetinin professorları. - Bakı, 2014
  5. Ə. Məmmədov, F. Xaliqov. Şəki. Alim və ziyalılar. Bakı, Bakı Universiteti Nəşriyyatı, 2002. Səh. 208-209.