Əliyev Ədalət Hüseyn oğlu (12 fevral 1967, Bakı) — Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti, Azərbaycanda ilk və tək caz radiosu yaradıcısıdır.[1]
Ədalət Əliyev | |
---|---|
Doğum tarixi | 12 fevral 1967 (57 yaş) |
Doğum yeri | |
Atası | Hüseyn Əliyev (rəssam) |
Fəaliyyəti | Lider Televiziyası |
Fəaliyyət illəri | 2000-ci ildən |
Mükafatları | |
www.adalataliyev.com |
Ədalət Əliyev 1967-ci il fevral ayının 12-də Bakı şəhərində anadan olub. 1983-cü ildə 258 №-li orta məktəbi bitirib. 1985-ci ildə isə hərbi xidmətə yola düşüb. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, daha sonra isə 2003–2008-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə təhsil alıb.
Ədalət Əliyev ilk iş fəaliyyətinə 1990-cı ildə Bakı "Saburovo" Yaradıcılıq İstehsalat Birliyində aparıcı-mütəxəssis vəzifəsində çalışmaqla başlayıb. 1991–1992-ci illərdə YTNB "Teatr İttifaqının" Azərbaycan şöbəsində "İRS" kooperativinin xarici əlaqələr bölməsinin müfəttişi, 1992–1995-ci illərdə isə "Gilan" İstehsalat Kommersiya Birliyində xarici iqtisadi əlaqələr üzrə direktor vəzifəsini icra edib. O, həmçinin 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Statistika İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
Ədalət Əliyev 15 noyabr 1999-cu ildə Azərbaycan radioməkanında ilk dəfə geniş dinləyici kütləsi üçün nəzərdə tutulan, dünya caz musiqisinin nümunələri ilə yanaşı, milli caz musiqimizin də səsləndiyi "Lider" radiosunu təsis edib. 1 sentyabr 2000-ci ildən fəaliyyətə başlayan "Lider" televiziyasının prezidentidir.
Məktəb illərində cüdo idman növü ilə, tələbə olarkən isə böyük tennislə məşğul olub. Aykido idman növü üzrə dərəcəyə sahibdir.
Rəssam ailəsində böyüyüb, Ə. Əliyev həm də foto sənətinə öz baxış bucağından yanaşaraq, fərqli sənət nümunələri yaradan həvəskar fotoqrafdır. O, gəzməyi, səyahət etməyi sevir. Gəzdiyi ölkələr, gördüyü şəhərlər, gözəl mənzərələr onu yaşanan hər bir gözəl anı fotokameranın yaddaşına köçürməyə sövq edir. Həvəskar fotoqraf olmasına baxmayaraq, Ədalət Əliyev bu işə peşəkarcasına yanaşır.
Həyatın bir anı… Müxtəlif zamanlarda və məkanlarda bu anların əks olunduğu fotoşəkillər 2013-cü ildə "İmpression's" adlı albomla Ədalət Əliyevi sevənləri ilə görüşdürdü. Bu albomda müxtəlif mövzulu şəkillər var, ancaq bu müxtəlifliyi birləşdirən bir məqam — işıqla zənginləşdirilən rəng aksenti var… 2013-cü ildə eyni adla təşkil olunmuş fotosərgisu böyük maraqla qarşılanıb. Bu sərgidə təqdim olunan fotolar bir — çox məşhur fotoqraflar tərəfindən yüksək qiymətləndirilir və sevilir.
O, xalq rəssamı Hüseyn Əliyevin yaradıcılığına göstərilən dəyərin təzahürü kimi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda-Birləşmiş Ərəb Əmirliklərində, Rusiya Federasiyasında, Monteneqroda və Polşa Respublikasında rəssamın əsərlərindən ibarət sərgilərin təşkilini də həyata keçirib.