Haşım bəy Mirabdulla oğlu Vəzirov (1867, Şuşa – 1916, Bakı) — pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir.
Haşım bəy Vəzirov | |
---|---|
Doğum tarixi | 1867 |
Doğum yeri | |
Vəfat tarixi | 1916 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuş və ilk təhsilini də orada almışdır. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olmuş, övladları xanlıqda bəyzadələr kimi məşhurlaşmış, "vəzir" ifadəsini özlərinə soyad seçərək Vəzirovlar adlanmışlar. Haşım bəy Vəzirov öncə molla yanında, müddərrislərdən Molla Həmid və Molla Əlidən dərs almışdı. Sonra şəhər məktəbini bitirmişdi.
İrəvan Müəllimlər Seminariyasında bitirmiş, İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik etmişdir. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdı. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Göynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri) işləmişdi.[1]
İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır. Mir Haşım bəyi bu məktəbə nazir (direktor) vəzifəsinə dəvət edirlər. Məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə qlasnı seçilmişdi. İctimai işlə qızğın məşğul olmuşdu. Şuşa real məktəbin hazırlıq sinfində ana dilindən dərs demişdi.
Vəzirov 30 il ədəbi jurnalistika sahəsində fəaliyyət göstərmişdir.[2] Haşım bəy "Tazə həyat" (1907–1908), "İttifaq" (1908–1909), "Səda" (1909–1911), "Kavkazets" (1911, rus dilində), "Sədayi-vətən" (1911), "Sədayi-həqq" (1912), "Sədayi-Qafqaz" (1915–1916) qəzetlərini və "Məzəli" (1914–1915) jurnalını nəşr etdirmişdir.[3]
Mir Haşım bəy təəssübkeş bir millətçi idi. 1905–1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparmışdı. 1906-cı ildə hökumət tərəfindən tutulub, sürgün edilməsinə qərar verilmişdi. Onun sürgün olunması barədə artıq hökm verilir. Lakin xəstə olduğundan Mir Haşım bəyin sürgünə göndərilməsi təxirə salınsa da, qubernatorun razılığı ilə sağalan kimi Şuşadan Stavropola sürülmüşdü. Onun sürgün həyatı uzun çəkmir, artıq 1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırınadək Bakını özünə daimi məskən edir. Bakıya qayıtdıqdan sonra Əhməd Ağaoğlunun "İrşad" qəzetilə əməkdaşlıq edən Mir Haşım bəy sonra bir müddət qəzetin müvəqqəti redaktoru olmuşdu. "İrşad"ın on beş nömrəsi onun redaktorluğu ilə çıxmışdı. "İrşad"dakı fəaliyyəti ilə Mir Haşım bəyin peşəkar jurnalistlik dövrü başlamışdır. Bundan sonra o özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür və 1907-ci il aprelin 1-də "Tazə həyat" qəzetini nəşr etdirir. Bu qəzet tərəqqipərəst mövqe tutduğundan uzun müddət yaşaya bilmir, 1908-ci ildə oktyabrın 7-də qapanır. Sonra Haşım bəy "İttifaq" qəzetini nəşr etdirir. "İttifaq" da 1909-cu ildə bağlanmışdır. Həmin ildə o, "Səda" qəzetini nəşrə başlamışdır. Bu qəzet Haşım bəyin nəşr etdiyi mətbuat içərisində ən çox yayılanlardandır.
1911-ci ildə Bakıdakı bir çox mühərrirlərlə bərabər Haşım bəy Vəzirov da həbs olunur. Sonra həbsdən çıxmağa müvəffəq olur. "Səda" qəzeti qapandıqdan sonra "Kavkazets" adlı bir rus qəzetini, "Sədayi-vətən", "Sədayi-həqq", nəhayət, "Sədayi-Qafqaz" qəzetlərini nəşr edir. Bu axırıncı qəzet 180 nömrə çıxdıqdan sonra hökumət tərəfindən rəsmən qapanmışdır. Haşım bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də mühərriri idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur.
"Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnəpərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Əbdülxalıq Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər. Haşım bəy Vəzirov həm də yaxşı bir yazıçı idi. O, "Döymə qapımı, döyərlər qapını", "Evlənmək su içmək deyil", "Xan-xan" adlı komediyalar yazmışdır. Bu komediyalarında köhnə adətlərə, ailə-məişət məsələlərində xəstə əhvali-ruhiyyələrə gülmüşdür. Onun "Döymə qapımı, döylərlə qapını" və "Evlənmək – su içmək deyil" komediyaları Bakıda (1899, 1906, 1907) səhnəyə qoyulmuşdur. "Döymə qapımı, döylərlə qapını" komediyası "Səda" mətbəəsində (1922) kitabça şəklində çap olunmuşdur. 1913-cü ildə Haşım bəy şəhər bələdiyyə idarəsinin fəaliyyətindən bəhs edən "Uprava xalanın qızı Tramvay xanımın toyu" adlı birpərdəli məzhəkə də yazmışdır[3].
Haşım bəyin rus dilindən Azərbaycan türkcəsinə bir neçə tərcüməsi də vardır. Bunların içərisində Şekspirin məşhur əsəri "Otello"nun tərcüməsini göstərmək olar. Əsər 1904-cü il avqustun 22-də Şuşada yerli həvəskarlar tərəfindən tamaşaya qoyulmuş, Otello rolunu H. Vəzirov özü oynamışdır.
Haşım bəy "İrşad"ın əməkdaşları ilə ixtilaf aparmışdır. Üzeyir bəy Hacıbəyovun ""İrşad"çının cavabı" məqaləsi ilə ona kəskin cavab vermişdir. Vəzirov 1914–1915-ci illərdə redaktoru olduğu "Məzəli" jurnalında Üzeyir bəy Hacıbəyovu dəfələrlə tənqid etmişdir. "Leyli və Məcnun" operası haqqında ilk rəyin müəllifidir.[4]
H. Vəzirov Molla Pənah Vaqifin şeir məcmuəsini də çap etdirmişdir (1908).
Haşım bəy Vəzirov 1916-cı ildə vəfat edib.[5]
Haşım bəy Vəzirov Sayalı xanım Mirzə Həsən bəy qızı Ağayeva ilə ailə qurmuşdu. Bir neçə övladları olsa da, onlar yetkinlik yaşına çatmadan dünyasını dəyişmişlər.