"Elm" (qəzet) — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı.
Elm | |
---|---|
Növ | həftəlik qəzet |
Format | A3 |
Təsisçi | Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti |
Baş redaktor | Ağahüseyn Şükürov |
Yaranma tarixi | 1984-cü il 1 noyabr |
Dil |
Azərbaycan dili rus dili |
Qiymət | 50 qəpik |
Səhifə | 12-16 |
Ünvan | İstiqlaliyyət, 30, Bakı, Səbail, AZ1001 |
Tiraj | 2000 |
Elm qəzeti |
Qəzet Azərbaycan və rus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir.
Elm qəzeti 1984-cü ildə noyabrın 1-də Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı kimi yaradılıb.[1] Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb.
Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır.
Qəzet 1984-cü ildən iki dildə, Azərbaycan və rus dillərində nəşr edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur[2]. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib[3].
Qəzet AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanır və 2019-cu ildən yeni dizayn və tərtibatda çap olunur. 25 sentyabr 2020-ci il tarixinə qədər ayda iki dəfə, 2 oktyabr 2020-ci ildən etibarən isə ayda 4 dəfə — yəni həftəlik[4] 2000 tirajla çap olunur.
Qəzetin baş redaktoru AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
Redaksiya Heyəti akademiklər İsa Həbibbəyli, Arif Həşimov, Dilqəm Tağıyev, İbrahim Quliyev, Nərgiz Paşayeva, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Cəmil Əliyev, İsmayıl Hacıyev və Fuad Əliyevdən ibarətdir.
Nəşrin elektron arxivi Azərbaycan Milli Elmlər Akademiyasının science.gov.az portalında və qəzetin feysbuk sosial şəbəkə hesabında oxuculara təqdim olunur.