Əhməd Obalı

Əhməd ObalıGünaz TV-nin qurucusu, azərbaycanlı fəal, siyasi mühacir. O, gənc yaşlarında İrandakı mövcud rejimə qarşı olan siyasi baxışına və fəaliyyətinə görə təzyiqlərə məruz qalmış və bu səbəbdən İrandan Türkiyəyə, oradan Avropaya və daha sonra ABŞ-yə mühacirət etmişdir.

Əhməd Obalı
Doğum tarixi (63 yaş)
Doğum yeri Meşkinşəhr, Ərdəbil ostanı, İran
Vətəndaşlığı ABŞ
Milliyyəti azərbaycanlı
İxtisası Film araşdırmaları
Təhsili İllinoys Universiteti
Tanınır Milli fəal

Əhməd Obalı 1 aprel 1961-ci ildə İranın Ərdəbil ostanına bağlı Meşkinşəhrdə, fermer ailəsində dünyaya gəlmişdir.[1] Muğan şahsevənlərindən olan Əhməd Obalı orta təhsilini Meşkinşəhrdə almış, uşaqlığının böyük hissəsi də elə burada keçmişdir. Hal-hazırda ABŞ-nin Çikaqo ştatında yaşayır.[2]

Evlidir və bir oğlu var.[1]

Mühacirət və siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak etmiş, tələbə hərəkatlarına qoşulmuşdu.[3] İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi aktivizmini davam etdirən Obalı 19 yaşında həbs edilmişdir. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən çıxartmış,[4] ancaq idarəçilik ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirmişdi. Buna baxmayaraq, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə qaça bilmişdi.[4] Qardaşların planı o vaxt mühacir qəbul edən Bolqarıstan və ya Yuqoslaviyaya keçmək idi, ancaq Əhməd Obalının qardaşı Türkiyədə qaldı və daha sonra 1985-ci ildə İrana qayıtdı.[1]

Əhməd Obalı ilk olaraq qatarla Belqrada, buradan təyyarə ilə Stokholma getdi.[3] Ancaq Stokholmda hava limanında sənədləri yoxlanılarkən, pasportunun vizasız olduğu görüldü. Nəticədə, İsveç polisi onu Yuqoslaviyaya deportasiya etməyə qərar verdi. Belqrada deportasiya edilən Obalı burada UNHCR ilə əlaqə yaradaraq 10 ay Belqradda yaşadı. Təşkilat vasitəsilə Romaya köçən Əhməd Obalı burada qəzet sataraq 1 il yaşadı və nəhayət, ABŞ-yə köçmək üçün lazım olan sənədləri əldə edə bildi.[3] O, 26 noyabr 1985-ci ildə 24 yaşında Kaliforniya ştatının San-Dieqo şəhərinə gəldi. Burada katolik xeyriyyə cəmiyyətlərinin köməyi ilə günlük işlər tapdı. Bir evin qarajında yaşayan Obalı green card qazana bildi. 1986-cı ilin martında qohumları ilə birlikdə Çikaqo ştatına gəldi və burada ofisant, ərzaq və qida meneceri kimi işlədi. Maaşından qənaət etdiyi pullarla burada imtahan girdi və İllinoys Universiteti film araşdırmaları sahəsində bakalavr təhsili aldı. Bir neçə il sonra ABŞ vətəndaşı olan Əhməd Obalı rəsmi sənədlərdə olan fars mənşəli Sadat soyadını Obalıya dəyişdi.[1]

Növbəti illərdə o, siyasi olaraq yaxın bildiyi insanları ətrafına toplamağa çalışsa da, bu çox effektiv olmadı.[1] Obalı 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin ikinici qurultayına təşkilatçılıq etdi[2] və konqresin idarə heyətinə seçildi.[5] BMT-nin İnsan Hüquqları qrupları ilə də əməkdaşlıq edən milli fəal İran azərbaycanlılarının problemlərindən danışa biləcəyi televiziya kanalı qurmağa qərar verdi.

border=none Əsas məqalə: GünAz TV

Güney Azərbaycan Televiziyası (GünAz TV) 2004-cü ildə Əhməd Obalı tərəfindən təsis edildi.[6] Çikaqodan yayımlanan və 14 aylıq planla başlayan[2] kanal ilk başlarda İrandan gələn gizli zəngləri qəbul edərək fəaliyyət göstərirdi. Təzyiqlərə məruz qaldığını deyən siyasi-ictimai fəallar burada fikirlərini deyirdi. 2007-ci ildə kanalın Azərbaycan bürosu fəaliyyət göstərməyə başladı. Bundan sonra Almaniya, HollandiyaKanadada yerli bürolar yaradıldı. Əhməd Obalının sözlərinə görə, İran-Türkiyə münasibətlərinə xələl gətirməmək üçün Türkiyədə büro yaradılmayıb.[2]

Kanalın maliyyələşdirilməsi xaricdə yaşayan azərbaycanlılar hesabına aparılır.

  1. 1 2 3 4 5 Brayan Smit. "The Double Life of Ahmad Obali". Chicago Magazine (ingilis dili). Chicago Tribune Media Group. 24 oktyabr 2016. 2020-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  2. 1 2 3 4 "Əhməd Obalı: "ABŞ prezidenti azərbaycanlı görən kimi deyirdi ki…" - MÜSAHİBƏ" (azərbaycan dili). Publika.az. 14 may 2018. 30 December 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  3. 1 2 3 Valeri Peay. Gunaz TV: the voice of Iranian Azerbaijanis that cannot be silenced by Iran’s state censorship (İnternet müsahibəsi). London: IOHR Tv. 21 avqust 2020. 2020-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
  4. 1 2 "Stoking dissidence: Chicagoan pushes for change in Iran" (ingilis dili). WBEZ Chicago. 23 may 2011. 30 December 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  5. "İdarə Heyəti" (azərbaycan dili). Dakaz.org. 23 may 2011. 30 December 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  6. "GünAz TV haqqında". gunaz.tv. 24 aprel 2019 tarixində arxivləşdirilib.