Əhməd Qüdsi Tecer (4 sentyabr 1901, Qüds – 23 iyul 1967, İstanbul) – Türkiyəli müəllim, şair, dramaturq və siyasətçi. O, xalq mədəniyyəti sahəsindəki fəaliyyəti ilə tanınır. Onun əsərləri Qaracaoğlan və Yunus Əmrənin həyatına işıq tutub. O həm də Xalq aşığı Aşıq Veysəli Türkiyəyə tanıdan, Xalq musiqisi tərtibçisi Müzəffər Sarısözəni kəşf edən şəxs kimi tanınıb. 1930-cu illərdə poeziya sahəsində adını hallandıran ədəbiyyat adamının ən məşhur əsəri Münir Ceyhanın məktəb nəğməsi halına gətirdiyi "Orada bir kənd var uzaqda" şeiridir.[1] Tecer şairliklə yanaşı, Türkiyə səhnəsinə yerli və milli elementlər əsasında teatr əsərləri bəxş edən dramaturqdur.[2] O həmçinin VI. dövr Seyhan, VII dövr Türkiyə Böyük Millət Məclisində Şanlıurfa millət vəkili vəzifəsində çalışıb.
Əhməd Qüdsi Tecer | |
---|---|
türk. Ahmet Kutsi Tecer | |
Doğum tarixi | |
Doğum yeri | Qüds, Osmanlı İmperyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | İstanbul |
Dəfn yeri | Zəncirliquyu qəbiristanlığı |
Təhsili | |
Fəaliyyəti | şair, siyasətçi, yazıçı, dramaturq |
Əhməd Qüdsi Tecer 1901-ci ildə Qüdsdə anadan olub. Atası o dünyaya gələn zaman Qüds Dünyası Baş Müdirliyinin müdiri olan Əbdürrəhmən bəy, anası isə Xədicə xanımdır. Ailəsi Eğinin Apçağa[3] kəndindəndir. Əhməd Qüdsi dörd uşaqlı ailənin ən balacasıdır. Əsl adı Əhməddir. Doğulduğu yer Qüds olduğu üçün ona "Qüdsi" adı verilib.[4]
Əhməd Qüdsi İbtidai təhsilinə Qüdsdə Frères des écoles chrétiennes məktəbində başlayıb. İbtidai və orta təhsilini atasının təyinatı ilə ailəsinin köçdüyü Kırklarelidə başa vurduqdan sonra İstanbul, Kadıköy Sultanisi məktəbində pulsuz olan pansionatda təhsilini davam etdirib. Orta məktəbdən sonra o, 1922-ci il[4]də Halkalı Kənd Təsərrüfatı məktəbində təhsil alıb. Daha sonra Ali Müəllimlik Məktəbi imtahanını verdi və iki il Darülfünunun Fəlsəfə bölməsinə davam edib. Tələbəlik illərində əsasını bəzi Darülfünun müəllim və tələbələrinin formalaşdırdığı "Dergah" jurnalı ətrafındakı ziyalılar qrupuna qatılan Tecerin bəzi şeirləri elə həmin jurnalında dərc olunub.
1925-ci ildə Darülfünundakı təhsilinə ara vermiş və Ali Müəllimlər Məktəbinin təqaüdü ilə biologiya təhsili almaq üçün Fransaya gedib, ancaq Sarbonna Universitetinin Ədəbiyyat fakültəsində fəlsəfə kursları izləyib.[5] 1925–1927-ci illər arasında Fransada olduğu müddətdə Paris Milli Kitabxanasında araşdırma aparmaq imkanı qazanıb. O, kitabxanada Əlcəzair xalq şairlərinin əlyazmalarını taparaq türk xalq ədəbiyyatının bilinməyən bir tərəfini ortaya çıxarıb. Əhməd Qüdsi həm də Parisdəki həyatını "Paris acıları" şeirində əks etdirib.
1928-ci ildə vətənə qayıdan şair, araşdırmalarını Folklor Dərnəyinin nəşr etdiyi "Folklor" jurnalında dərc etdirib. 1929-cu ildə isə Darülfünundan məzun olub.
Əhməd Qüdsi Sivas məktəbinə ədəbiyyat müəllimi təyin olunduqdan sonra dörd il Sivasda qalıb. İşlədiyi məktəbdə "Toplantı" adı ilə tələbə jurnalı çıxaran şair, 5–7 noyabr 1931-ci ildə dostları Vehbi Cem və Müzəffər bəy ilə birlikdə el şairləri bayramı təşkil etdilər. Həmin bayramda keçirilən yarışmada Əhməd Qüdsinin birinci yeri qazanan Aşıq Veysəllə dostluğu başlayıb. O, Aşıq Veysəldən başqa Suzani, Ruhsati, Mesleki, Talebi, Qarslı Mehmet kimi el şairlərinin təbliği üçün çalışıb. Həmçinin o, Xalq Şairlərini Müdafiə Dərnəyini yaradaraq xalq musiqisinin tanınması, onun məktəbdə yayılmasına, həmçinin radioda verilməsinə kömək edib. 1932-ci il də Sivas Təhsil Müdirliyinə təyin edilib və eyni məktəbdə fransız dilindən dərs deyib. Həmçinin Qız müəllim məktəbi və Qız Peşə liseyində də ədəbiyyat müəllimi olaraq işləyib. Bundan əlavə Sivas Xalq Evinin rəhbəri olub və ətrafda xalq məclislərinin açılmasına kömək edib. Bölgənin folklor elementlərini araşdıran Əhməd Qüdsi şeirlərini 1932-ci ildə "Şeirlər" adlı kitabında toplayıb. Soyad Qanunu qüvvəyə mindiyi zaman o, özünə soyad olaraq Sivasın Deliktaş kəndindən Ruhsatinin bir şeirində bəhs edilən Tecer dağının adını seçib.[4]
Əhməd Qüdsi 1934-cü ildə Təhsil Nazirliyində Ali Təhsil Müdiri vəzifəsinə təyin edilib və 5 il bu vəzifədə qalıb. Digər tərəfdən Qazi Təhsil İnstitutunun bəstəkarlıq kurslarına və Qazi liseyinin fəlsəfə kurslarına daxil olub. O həmçinin Dövlət Konservatoriyasının quruluşunu hazırlayanlar arasında yer alıb. 1937-ci ildə müəllim Meliha xanım ilə evlənib və bu evlilikdən iki övladı dünyaya gəlib. 1938-ci ildə Ali Təhsil Baş Müdiri vəzifəsinə təyin olunan Tecer, dostu Müzəffər Sarısözəni Ankara Dövlət Konservatoriyası Folklor Arxivinin müdiri təyin edilməsinə yardım edib və ona xalq musiqisi bəstələməkdə yardımçı olub. O, 1942-ci ildə Təlim və Tərbiyə idarə heyətinə üzv təyin olunub, sonra VI. dövr Adana (ara seçim) və VII. Türkiyə Böyük Millət Məclisində Urfa millət vəkili kimi iştirak edib. Deputat olduğu müddətdə mədəni-siyasi fəaliyyətlə məşğul olub, "Xalq evləri" festivalını təşkil edib.
Əhməd Qüdsi 1941–1945-ci illər arasında "Ülkü" məcmuəsinin və İctimai Mərkəzlərin idarəçiliyini boynuna götürüb. İctimai Mərkəzlərin nəşr orqanı olan bu məcmuə cümhuriyyət ideologiyasnı yaymaq üçün 1933-cü ildən bəri nəşr olunurdu. Məcmuə Əhməd Qüdsinin idarəçisi olduğu zamanlarda on beş gündə bir yayımlanırdı. Fikir və sənət məsələlərinə yer verən, kitab və jurnal reklamı gedən məcmuədə Aşıq Veysəl, Əli İzzət Özkan kimi aşıqların ölkədə tanıdılması üçün çalışırdı. Bu dövrdə Tecerin yazıları və şeirləri "Ülkü" məcmuəsində, müəyyən zaman isə "Yücel" jurnalında və "Ulus" qəzetində dərc olunub. Bu illərdə kənd nümayəndələri ilə maraqlanıb, kənd teatrın incələyib və Qoç igid Koroğlu tamaşasını yazıb.
Əhməd Qüdsi 1947–1951-ci illər arasında Paris Mədəniyyət attaşesi və Tələbə Müfəttişi vəzifəsinə təyin edilib. Bu dövrdə musiqi təhsili üçün Parisdə olan "möhtəşəm uşaq" İdil Biretlə də maraqlanıb.[6]
1948-ci ildə Ankarada yaradılan keçici YUNESKO Komitəsinə təyin olunan Əhməd Qüdsi, 1950-ci ildə YUNESKO-nun İcraiyyə Komitəsində türk nümayəndəsi kimi iştirak edib. O, YUNESKO-da türk mədəniyyətinin inkişafına xidmət edib.
O, Türkiyəyə qayıtdıqdan sonra 1953-cü ildə İstanbul Bələdiyyə Konservatoriyasında türk tarixi və ənənəvi teatr, Qalatasaray liseyində ədəbiyyatdan dərs deyib. 1955-ci ildə yaradılan Türk Xalq Oyunlarını Yaşatma və Yayma Müəssisəsi ilə eyni ildə yaradılan Türk Xalq Sənətləri və Ənənələri Araşdırma Dərnəyinin (hazırda adı Folklor Araşdırmaları Qurumu) İstanbul şöbəsinin təsisçi üzvü olub. Həmçinin Türk Dil Qurumunun da üzvü olub. 1957–1966-cı illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında estetika, Jurnalistika İnstitutunda isə xalq ədəbiyyatından dərs deyib. 1960-cı illərdə İstanbul radiosunda yayımçılara dərs keçib. 1966-cı ildə isə İstanbul Təhsil İnstitutunda müəllim işləyərkən təqaüdə çıxıb.
Əhməd Qüdsi Tecer 23 iyul 1967-ci ildə bazar gecəsi Vakıf Qureba Xəstəxanasında vəfat edib və cənazəsi Zəncirliquyu qəbiristanlığında torpağa tapşırılıb.
Şeirləri
İlk şeirlərini 1921–1922-ci illərdə "Dərgah" məcmuəsində nəşr olunub. Onun ilk əsəri 1932-ci ildə çap edilmiş "Şeirlər" kitabıdır. Bu əsər məhdud sayda (250 ədəd) çap edildiyi üçün kitabxanalarda mövcud deyil. Daha sonraki şeirləri "Varlıq", "Haradasan", "Oluş", "Yücel", "Ülkü", "Türk düşüncəsi", "Şadırvan", "Türk dili" kimi məcmuələrdə çıxıb. 1933–36-cı illər onun poeziya baxımından ən məhsuldar dövrü olub. 2002-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tecerin "Bütün şeirlər" kitabı nəşr olunub. Əhməd Qüdsi şeirlərini heca vəznində və sadə dildə yazıb. Onun şeirləri eşq, təbiət, ölüm, həsrət kimi mövzuları əhatə edib. Ümumiyyətlə, xalq şeirlərinin səkkizlik və on birli heca vəzninə və milli mənzum vahidi olan dördlüklərə sadiq qalan Tecer bəzən hecanın yeni ölçülərindən istifadə edib. Ən məşhur "Uzaqda bir kənd var" şeirini atasının məmləkəti Apçağa kəndinə (Ərzincan/Kəmaliyyə) həsr edib.
Onun 1940-cı ildə çap olunmuş "Kəndli nümayəndəlikləri" kitabı teatr tamaşalarına yazılıb.
Əhməd Qüdsi türk teatr ənənəsindən, xalq mədəniyyətindən, xalq motivlərindən gələn materialları qərb texnikası ilə işləyən teatr əsərləri yazıb.
1. Yazılan pozulmaz: 1946-cı ildə Ankara Dövlət Konservatoriyasının Təcrübə səhnəsində oynanılıb.
2. Köşə başı: İlk dəfə Ankarada Kiçik Səhnədə oynanılıb. The Neighbourhood adlı ilə ingilis dilinə tərcümə edilib, ABŞ-də səhnələşdirilib, 1964-cü ildə isə Ankarada nəşr edilib.
3. Qoç Koroğlu: İlk dəfə "Ülkü" məcmuəsində çap olunub. 1949 və 1961-ci illərdə Ankara Dövlət Teatrında tamaşaya qoyulub.
4. Bir bazar günü: 1957-ci ildə Türkiyənin Texniki Universitet Teatrı; 1959-cu ildə isə gənc aktyorlar səhnəyə qoyublar.
5. Satılan ev: 1961-ci ildə İstanbul Şəhər Teatrında tamaşaya qoyulub.