Aşıq Veysəl (türk. Veysel Şatıroğlu; 25 oktyabr 1894[1], Sarqışla, Sivas ili – 21 mart 1973[1], Sarqışla, Sivas ili) — Türk xalq ozanı. Əfşar boyunun Şatırlı obasına mənsub musiqiçi.[2]
Aşıq Veysəl | |
---|---|
türk. Veysel Şatıroğlu | |
Ümumi məlumatlar | |
Ləqəbi | Âşık Veysel |
Doğum tarixi | 25 oktyabr 1894[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1973[1] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Milliyyəti | Türk |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, müğənni, şair, bəstəkar, mahnı yazarı[d], aşıq |
Fəaliyyət illəri | 1899-cu ildən |
Janr | Türkiyə xalq musiqisi |
Vikianbarda əlaqəli mediafayllar |
Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla səmtinə bağlı Sivrialan kəndində dünyaya gəlmişdir. Anası Gülizar, atası isə Əhməd adlı kəndilər idi. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlamışdır:
Çiçək xəstəliyinə tutulmamışdan əvvəl anam mənim üçün gözəl köynək toxumuşdu. Həmin köynəyi geyinib məni çox istəyən bir nəfərin yanına getmişdim. Geyimim xoşuna gəlmişdi. Həmin gün yağışlı bir gündü, evə qayıdarkən yıxıldım və bir daha ayağa dura bilmədim. Çiçək xəstəliyinə yoluxmuşdum.. Xəstəliyi ağır keçirdirdim. İlk əvvəl sol gözüm tutuldu və daha sonra isə sağ.. Həmin gündən bu günə dünya mənim üçün bir zindandır.. |
Yetmiş doqquz il ömür sürən Aşıq Veysəl bu ömrünün cəmi 6–7 ilini gözlərilə işıqlı dünyaya baxa bilmişdir. Qalan ömründə Veysəl özü demişkən dünyaya qəlbinin gözü ilə baxmışdır. Onun fikrinə görə aşıq işıqlı dünyada baş verən olaylara gözlərilə deyil, könlü, ürəyi ilə baxmalıdır. Elə buna görə də o, gözlərini açmaq belə mümkün olsa da, buna icazə verməyəcəyini söyləyir. Çünki aşıq özü üçün qurduğu öz aləmini, öz kiçik dünyasını məhv etmək istəmir. Gözləri açılsa onun bu dünyası dağılıb gedər. Aşıq Veysəl zülmətə qərq olmuş öz işıqlı dünyasında nələr yaratmamışdır. Gözlərinin xarici aləmə, işıqlı dünyaya bağlanması ona çox dolğun və zəngin bir daxili aləm qazandırmışdır. Daxili, dəruni qəlbi müşahidələri çox güclüdür. Zəmanəsinin olaylarını, ətrafında baş verən əhvalatları, olub-bitənləri dərindən duyur və əsərlərində yaşadırdı. Əsərlərində son dərəcə böyük humanist olan Veysəl həyatda da insanlığa, yurddaşlarına xidmət etməyi öz başlıca vəzifəsi və borcu sayırdı. Onun öz yaxınları və həmkəndlilərilə birlikdə, məhz onun özünün təşəbbüsü ilə saldırdığı bağlar, körpülər və digər xeyirxah işlər heç vaxt unudulmaz. Aşıq Veysəl öncə başqa aşıqların şerlərini oxuyardı. 1931-ci ildə təşkil olunmuş "Xalq şairləri bayramı"nda iştirak edir və bundan sonra özünü bir aşıq kimi hiss etməyə başlayır. Bir vəfalı yoldaşı ilə sazını götürüb vətənini qarışqarış gəzməyə və şerlərini oxumağa başladı. 29 oktyabr 1933-cü ildə Cümhuriyyətin qurulmasının on illiyi münasibətilə Ankarada milli bayramda iştirak edib şerlərini ifa etdi. Onun tanınmasında XX yüzilliyin 30-cu illərində Sivasda ədəbiyyat müəllimi işləyən görkəmli şair, dramaturq və publisist Əhməd Qüdsi Təcərin xidmətləri xüsusilə böyükdür. Aşıq Veysəl Şatıroğlu bir müddət, özəlliklə də 1943–1946-cı illərdə Arifiyə, Həsənoğlan, Yıldızeli, Kastamonu və Əskişəhərin Çiftələr kənd institutlarında xalq türküləri müəllimi kimi də fəaliyyət göstərmişdir. Tez-tez İstanbul və Ankara radiolarında sazıyla, sözüylə çıxış edən Veysəl Şatıroğlu altı övlad böyütmüşdür. Aşığın ilk şerlər kitabı 1944-cü ildə Ankarada "Deyişlər" adı ilə çap olunmuşdur. Daha sonralar onun "Sazımdan səslər", "Aşıq Veysəl", "Dostlar məni xatırlasın" və s. kitabları işıq üzü görür. Saz şairi 1973-cü ildə martın 12-də doğma kəndi Sivrialanda dünyasını dəyişmişdir. Aşığın durumunu və vətən qarşısındakı xidmətlərini nəzərə alaraq 1960-cı ildən ona özəl təqaüd ayrılmış, xatirəsini əbədiləşdirmək üçün haqqında film çəkilmiş və İstanbuldakı məşhur Gülxana parkında heykəli ucaldılmışdır. Ümid Yaşar Oğuzcan, Süleyman Arısoy, Tahir Qüdsi Makal, Adnan Binyazar, Ümid Kaftancıoğlu, Sabahəddin Eyyuboğlu, Möhsün Durucan və başqa bu kimi qələm sahibləri onun həyat və yaradıcılığı haqqında maraqlı əsərlər yazmışlar. Aşığın həyat və yaradıcılığı Azərbaycanda da bəzi tədqiqatçıların diqqətini çəkmişdir. X. C. Quliyeva-Qafqazlı, Ə. Kərimov onunla bağlı araşdırmalarında maraqlı bilgilər vermişlər. Əsərlərindən də görünür ki, Aşıq Veysəl elini-obasını sevən, elinin-obasının dərdini-qəmini çəkən, ictimai yaşamın hər bir sahəsinə qəlbilə nəzər salan, müşahidələr aparan və bütün bunlara öz münasibətini bildirən bir xalq sənətka-rıdır. Bu el aşığı istər gerçək həyatda, istərsə də poetik əsərlərində yurddaşlarının sevincinə də, kədərinə də şərik olur və şerlərində xalqın güzəranını incəliklə tərənnüm edirdi.
Aşıq Veysəlin yaradıcılığında humanizm, eşq, yurd sevgisi özəl yer tutur. Aşıq vətəninə müraciətlə yazdığı şerlərinin birində "sən eşqsən, mən Məcnun, sən gülsən, mən isə bülbül, əgər sən olmasaydın, mən də olmazdım" deyir. Vətən sevgisi onda çox güclüdür. Aşıq-şairin ömür yoldaşı saza münasibəti də çox maraqlıdır. Veysəl "Sazıma" şerində sanki doğma adamına, sevimli övladma vəsiyyət eləyir. Sazı canlı adam kimi səsləndirir və öz nəsihətlərinə əməl etməyə səsləyir. Şer altı bənddən ibarətdir. 1965-ci ildə aşıq dövlət tərəfindən maaş ilə təmin edilir. 1970-ci illərdə isə Hümeyra,, Fikrət Qızılox və Esin Əfşar kimi sənətçilərin aşıq tərəfindən yazılan mahnıları səsləndirməsi onun şöhrətini bütün ölkə hüdudularına yayılması ilə nəticələnir. Aşıq Veysəl 1973-cü ildə 78 yaşında olarkən ağciyər xərçəngindən vəfat etmişdir.
Aşıq Veysəl Şatıroğlu XX yüzillikdə Qaracaoğlan, Dərdli, Əmrahlar, Seyrani, Dadaloğlu kimi nəhəng sələflərinin ən ləyaqətli davamçısı olmuşdur.
Sivas'da yerləşən Xalq Aşıqı Aşıq Vəysəl Şatıroğlu'nun muzeyə çevrilmiş evi, Avropa Birliyi-Türkiyə Mədəniyyətlərarası Dialoqu-Muzeylər Hibi Proqramı çərçivəsində yeniləndikdən sonra, sərgi sahəsi yeni bir anlayışla tərtib edildi. Muzeydə sergilenən şəxsi əşyaları, şəkilləri, şeirləri və onunla bağlı nəşr edilmiş əsərlər, ziyarətçilərə Aşıq Vəysəl'in həyat hekayəsini anlatır. Aşıq Vəysəl Muzeyi, Sivas'ın turizm potensialını artırmaqda və mədəni turizm mənbəyi olaraq da böyük bir önəmə malikdir. Hər il köyündə "Aşıq Vəysəl Aşıqlar Bayramı" adı altında keçirilən festival isə Aşıq Vəysəl'in xatirəsini yaşatmağa davam edir.[3]
Qeyd: Mötərizədə göstərilmiş vaxt əsərlərin müddətini göstərir.