Əkbər Məftun (ilk adı:Əkbər Qurban oğlu Əkbərov; 15 aprel 1912 – 14 sentyabr 1990) — şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1943), filologiya elmləri namizədi (1968), dosent (1975), Naxçıvan Əməkdar müəllimi, müharibə və əmək veteranı (1981).[1]
Əkbər Məftun | |
---|---|
Əkbər Qurban oğlu Əkbərov | |
Doğum tarixi | 15 aprel 1912 |
Doğum yeri | Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 14 sentyabr 1990 (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Ordubad, Naxçıvan MR |
Fəaliyyəti | Şair, nasir, publisist |
Mükafatları |
Əkbər Qurban oğlu Əkbərov (Əkbər Məftun) 1912-ci il aprel ayının 15-də Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Naxçıvan şəhərində beş sinifli ibtidai məktəbdə təhsil almış, sonra 1926-1930-cu illərdə pedaqoji texnikumu bitirmişdir.[1]
Əkbər Məftun 1930-1934-cü illərdə Nehrəm, Dırnıs, Əndəmic kəndlərində müəllim işləmişdir. 1934-1938-ci illərdə o, Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Bu illərdə Ə.Məftun eyni zamanda "Pioner" jurnalı redaksiyasında Bədii şöbə müdiri, "Azərbaycan pioneri" qəzeti və "Müəllimə kömək" jurnalı redaksiyasında ədəbi işçi, 1935-1941-ci illərdə Bakının 3 (6) nömrəli məktəbində müəllim işləmişdir.
O, İkinci Dünya müharibəsinin ilk günlərindən sovet ordusu tərkibində Kerç uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, 1941-1942-ci illərdə Hərbi xəstəxanada müalicədən sonra tərxis olunmuşdur.
Əkbər Məftun sonralar Ordubad şəhər yeddiillik məktəbində müdir, orta məktəbdə müəllim, eyni zamanda "Ordubad işçisi" (indiki "Yeni Ordubad") qəzeti redaksiyasında məsul katib, redaktor, radio verilişləri qovşağında diktor, məsul katib, 1943-1954-cü illərdə M.S.Ordubadi adına şəhər Dövlət Dram Teatrında müvəqqəti müdir kimi çalışmışdır. Ordubad şəhər orta məktəbində ilk partiya təşkilatının katibi olmuş, 1953-cü ildə Ordubad rayon xalq Sovetinə deputat seçilmişdir.
1954-1959-cu illərdə o, S.Vurğun adına Ordubad orta məktəbində müdir işləmişdir. Sonra ailəliklə Bakıya köçmüşlər. Burada Azərbaycan Dövlət Universitetinin nəşriyyatında baş redaktor, "Maarif" nəşriyyatında baş redaktor işləmişdir.
Əkbər Məftun 1968-ci ildə "M.S.Ordubadinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1969-1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində dosent işləmiş, 1985-ci ildə təqaüdə çıxmış və Ordubada köçmüşdür.[1]
Əkbər Məftun ədəbi fəaliyyətə "Təyyarəçi" adlı ilk şeiri ilə başlamışdır. Bu şeir 1935-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuşdur. 1937-ci ildə ilk "Kiçik heykəltaraş" şeirlər kitabı çapdan cıxmışdır. Məftun 1943-cü ildən Yazıçılar Birliyinin üzvü seçilmişdir. Bundan sonra "Mənim baharım" (1972), "Şəfa bulağı" (1980) şeir topluları çap olunmuşdur. 1987-ci ildə "M.S.Ordubadi" adlı monoqrafiyası nəşr olunmuşdur.
Əkbər Məftun dövri mətbuatda da müntəzəm çıxış etmişdir. "Vətən qızı" (1940), "Sevənlər" (1943), "Nəsimi" (1946), "Saray", "Şahin" və s. pyesləri qələmə almışdır.[1]
Əkbər Məftun xidmətlərinə görə "Şərəf nişanı" ordeni, "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı və doqquz medalla təltif olunmuşdur. 1981-ci ildə müharibə və əmək veteranı adına layiq görülmüşdür.[1]
Şair, nasir, publisist, Yazıçılar Birliyinin üzvü, Naxçıvanın Əməkdar müəllimi Əkbərov Əkbər Qurban oğlu 1990-cı il sentyabrın 14-də Bakıda vəfat etmiş, Ordubadda dəfn olunmuşdur.[1]