Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1]
Dırnıs | |
---|---|
38°59′10″ şm. e. 45°58′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.397 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1511 (2009) nəfər |
Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.[2].
Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır. Təəssüf ki,kəndin yerləşdiyi coğrafi mövqe elədir ki, tarixi mənbələrdə bu kənd haqqında məlumat çox azdır. Çünki kəənd həm əsas ticarət yollarından kənarda, həm də geosiyasi cəhətdən az əhəmiyyətli nöqtədə yerləşir.
Dırnıs sözünə yaşı 150-160 il olan mənbələrdə rast gəlirik.Amma bu bir həqiqətdir ki,yerli əhalinin İranla əlaqəsi çox güclü olmuşdur. İstər XVII-XVIII əsrlərdə İrandan köçürmələr, istərsə də yerli adamların Arazı keçərək ən yaxın ticarət yeri kimi İranı-Cənubi Azərbaycanı seçməsi burada fars təsirinin güclü olmasına səbəb olmuşdur.Dırnıs sözünün etimoloji mənasının farsca yozumu da bununla əlaqədardır. Lakin, Dırnıs sözünün birinci hissəsinin Dır-tır-tor,dor-dör kəlmələrinin tarixi fonetik dəyişmə keçirdikdən sonra meydana gəldiyini asanlıqla sübut etmək olur.Bu kəlmələr qədim türk sözü olub yuxarı,dağ,təpə mənalarında işlənmişdir.Dırnısın yuxarı hissəsinin “Dör” məhəlləsi adlanması da fikrimizi təsdiq edir.Çox güman ki,Dər-qapı,Nist-yox sözlərinin birləşməsindən əmələ gəlmişdir.Dərnist,qapısı yox mənasını verir ki,kəndin coğrafi mövqeyi də bunu təsdiq edir.
Kənd əvvəllər 2 məhəllədən ibarət olmuşdur: yuxarı və aşağı məhəllə. Bunu deməyə yuxarı məhəllənin daha köhnə olması da əsas verir.Çünki burada məskunlaşmış insanların dağın döşündə özlərinə ev tikmişlər ki,bunun da bir neçə səbəbi vardır: 1.Sel sularından uzaq olmaq; 2.Dağın döşünün quru (rütubətsiz) olduğu üçün sağlamlığa xeyirliliyi; 3.Münbit torpaqları tikililərlə korlamamaq; 4.Dağ döşünün qışda isti,yayda sərin olması
Zaman keçdikcə,əhali artdıqca kənd enişə doğru genişlənməyə başlamış və beləliklə,indiki Dərə məhəlləsi,Çimən məhəlləsi,Uzanar məhəlləsi,Aşağı məhlə və Oxmar məhlələri meydana gəlmişdir.
Kəndin ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəlləri olmuşdur".[3]
Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, rabitə şöbəsi, avtomat telefon stansiyası, məscid var.
Vənənd çayı boyunca 16 kilometr yol getdikdən sonra Şimaldan Səhəng dağına,Qərbdən Carbas dağına,Şərqdən isə Qurddağına sığınmış olan bu gözəl kəndin keçmişdə ətraf mühitlə əlaqəsi Naxçıvan,Culfa mahalı ilə Vənənd çayı boyu, Badamdar tərəfdən Düylün yolu,Qurd dərəsi tərəfdən Əylis yolu, Pir tərəfdən isə Nügüdeh yolu olsa da hal-hazırda kəndin təkcə cənub tərəfindən şose yolu ilə çıxışı qalmışdır. Bu kənd Zəngəzur sıra dağlarının ətəklərində yerləşir.Bu səbəbdən də məşhur səyyahların və tacirlərin buraya gəlişi nisbətən az olmuşdur.
Dırnıs kəndi bu gün: "Eyniadlı bələdiyyənin mərkəzidir. Rayon mərkəzindən 29 km şimal şərqdə,Ordubad- Unus avtomobil yolunun kənarında,Vənənd çayının sahilində,Zəngəzur silsiləsinin ətəyindədir.
Əhalisi 1511 nəfər olaraq,hamısı Azərbaycan türklərindən ibarətdir.Bu kənddə yaşayanlar şiə məzhəbində etiqad göstərirlər.[4]
Kənd əhalisi meyvəçilik, tərəvəzçilik və əkinçiliklə məşğuldur.