Ələsgər Əliyev (azərb. Ələsgər Abdulla oğlu Əliyev; 1883 – 1938) — Azərbaycan jurnalisti.[2]
Ələsgər Əliyev | |
---|---|
Ələsgər Abdulla oğlu Əliyev | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Abdulla Əliyev |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Moskva Şərq Dilləri İnstitutu (1912)[1] |
Fəaliyyəti | jurnalist |
Ələsgər Əliyev 1883-cü ildə anadan olmuşdur. 1898-ci ildə Bakıda rus-tatar məktəbini bitirmişdir.[2]
Ələsgər Əliyev məktəbi bitirdikdən sonra "Kaspi" mətbəəsində mürəttib şagirdi işləyib. O, Bakıdakı inqilabi hərakatda yaxından iştirak etmişdi. Bakı sosial-demokratlarına qatılan Ə.Əliyev 1902–1903-cü illərdə bolşeviklərin bir sıra intibahnamələrinin çap olunmasında fəallıq göstərmiş, əqidəcə sosial-demokrat kimi formalaşmışdı. 1903-cü ildə Bakıda keçirilən məşhur iyul tətilinin iştirakçılarından biri də odur.
1904-cü ildən başlayaraq Əliyev Bakıda və onun ətraf rayonlarında müəllimliklə məşğul olmuşdur. Müəllimlik fəaliyyəti dövründə bir sıra qəzet və jurnallarda məqalələrlə çıxış etmişdir. O dövrdə Peterburqda çıxan "Ülfət" qəzetində, Kazanda çıxan "Vaxt" qəzetində onun bir sıra yazıları, publisistik qeydləri işıq üzü görmüşdür.[2]
Ələsgər Əliyev 19 may 1907-ci ildə Bakıda nəşrə başlayan "Bəhlul" satirik jurnalının redaktoru olmuşdur. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. Mirzə Ələkbər Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub.[2]
1908-ci ildə inqilabi fəaliyyətinə görə, bolşevizmi yaydığına görə Əliyev həbs edilib Həştərxana göndərilmişdir. Həştərxanda da o, jurnalistlik fəaliyyətin davam etdirmiş, yerli mətbuatda çıxış etmişdir. 1917-ci ildə Moskvada partiyaya daxil olmuş, 1917-1918-ci illərdə ağqvardiyaçılara qarşı Qızıl Ordu sıralarında vuruşmuşdur.
1918-ci ildə Həştərxana qayıdaraq Dadaş Bünyadzadənin redaktlorluğu ilə çıxan "Tartış" qəzetində (tatar dilində çıxan partiya qəzeti) əməkdaşlıq etmişdir. Həmin il inqilabi fəaliyyət zamanında ingilis müdaxiləçiləri tərəfindən tutulmuş və Azərbaycanda Sovet hakimiyyəti qurulan günədək Bakıda həbsxanada qalmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o, bir sıra partiya və sovet təşkilatlarında dövlət işi ilə məşğul olmuşdur. Ələsgər Əliyev 1938-ci ildə vəfat etmişdir.[2]