"Bəhlul" jurnalı (az.-əski. بهلول) — həftəlik rəsmli satirik jurnal.[1][2][3]
Bəhlul | |
---|---|
az.-əski. بهلول | |
Baş redaktor | Ələsgər Əliyev |
Növ | satirik jurnal |
Təsisçi | Ələsgər Əliyev |
Təsis tarixi | 19 may 1907 |
Qərargah | Bakı |
Dil | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
"Bəhlul" satirik jurnalı 19 may 1907-ci ildə Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə Bakıda nəşrə başlayıb. Jurnal "Molla Nəsrəddin" ənənələrini davam etdirən məcmuələrdən biri olub.[2][3] Jurnalın adı Molla Nəsrəddin kimi xalq arasında məzmunlu lətifələri ilə məşhur olan ədalətpərəst, həqiqətpərəst Bəhlul Danəndənin adından götürülmüşdür.
"Bəhlul"un zəngin ədəbi-bədii tərtibatı var idi. "Bəhlul" öz səhifələrində "Molla Nəsrəddin"ə rəğbət ifadə edən bir sıra yazılar və şəkillər vermişdi.[3]
Ələsgər Əliyevin jurnalistlik fəaliyyətində "Bəhlul" jurnalı xüsusi yer tutur. Jurnalın ömrü cəmi 6 ay olmuş və 9 nömrəsi işıq üzü görmüşdür. "Bəhlul"un nəşri 1907-ci ildə noyabr ayının 4-də, 9-cu nömrədən sonra "zərərli məsləkinə görə" dayandırılmışdır.[3] Çünki jurnalın səhifələrində zəhmətkeş kütlələrin 1905–1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırılmış, Bakı fəhlələrinin ağır həyatından bəhs edilən yazılar çap etmişdir.[1][2]
Burada satirik şeirlər, felyetonlar, "Bilməli xəbərlər", "Teleqraf xəbərləri", "Lüğət", "Tapmaca" və b. satirik başlıqlar altında yazılar dərc etdirilirdi.[3]
Jurnalda ictimai gerilik, dini-fanatizm, ailə və məişətdəki vaxtı keçmiş adət-ənənələr, dövlət idarəçiliyindəki nöqsanlar, varlı-kasıb münasibətləri sadə xalq dilində, satirik üslubda oxucuya çatdırılırdı.[3]
"Bəhlul" Bakıda fəhlə hərakatına köməkdə, dövrün mühüm məsələlərinin işıqlandırılmasında, xalqın maariflənməsi uğrunda mübarizədə böyük xidmət göstərmişdir.[2]
İran və Türkiyədə baş verən milli oyanışla bağlı hadisələr, fəhlələrlə kəndlilərin ittifaqı, fəhlələrin siyasi mübarizəsi məsələsi işıq üzü görmüş, sosial-demokrat fəhlə partiyasına, onun ayrılmaz bir hissəsi olan "Hümmət"in fəaliyyətinə yüksək qiymət verirdi.[2]
Kapitalistlərin nökərləri tərəfindən Xanlar Səfərəliyevin xaincəsinə öldürülməsi "Bəhlul" jurnalının mühərrirlərini mütəəssir etmişdi. Bu münasibətlə verilən məqalə jurnal "Hümmət" qrupunun üzvlərinə müraciətlə deyirdi ki, bu ağır itki təkcə sizi deyil, bütün fəhlələri kədərləndirir. Jurnalın 8–9 nömrələrində "Fəhləyə dair" sərlövhəli bir felyeton dərc edilmişdir. "İpləmə" imzası ilə verilmiş bu felyetonda sahibkarla fəhlə arasında gedən söhbət əks etdirilir. Bu söhbətdə kəskin siyasi məsələlərə toxunulur. Fəhlə açıq bildirir ki, ədalətsizlik və zülm davam etdikcə onlar mübarizədən çəkinməyəcəklər.[2]
"Bəhlul"un yayılmasında Sabir satirik şeirlərinin böyük rolu olmuşdur. Məcmuənin ilk sayı işıq üzü görəndən sonra Sabir Şamaxıdan redaksiyaya məktub göndərərək, məcmuənin çapı münasibətilə redaksiya kollektivini təbrik etmişdi. Ələsgər Əliyev Sabiri jurnalın nəşrindən qabaq tanıyırdı. O, Sabirə jurnalın Şamaxı üzrə müxbiri və müvəkkili olmasını təklif etmişdi. Sabir Şamaxı mövhumatçıların bu hadisəyə görə onun üzərində daha şiddətlə hücum edəcəyini nəzərə alıb redaksiyaya bildirmişdi ki, jurnalda müvəkkil ola bilməz, lakin şeirlərlə iştirak etməyə hazırdır.[2]
Sabir "Bəhlul" jurnalında çıxan satiralarında Azərbaycandakı ictimai ziddiyyətləri, mömhumatı, ədalətsizliyi göstərmişdir. Şairin "Bəzi yerlərdə təsadüf olmur aşa, ətə", "Mən belə əsrarı qana bilmirəm" satiraları ilk dəfə bu jurnalda çıxmışdır.[3] Məcmuənin 2-ci nömrəsində "Təraneyi-əsilanə" adlı satirasında Sabir fəhlələrin ağır iqtisadi, sosial vəziyyətini qələmə alır.[2]
Jurnalda Ə. Əliyev ("Bəhlul"), Ə. Razi ("Düdük"), M. H. Zeynalov ("Dərdmənd") kimi müəlliflər yaxından iştirak edirdilər.[3] Bu müəlliflər ilə yanaşı, "Düzəxi", "Mirzə Dığ-dığı", "Naxələf", "Heyrəti", "Yuxulu", "Bambulu", "Tamaşa bağı", "Fırıldaq", "Titrətməli", "Ə. M.", "Ağızları qıfıldayan", "Maryak", "Carübüddövlə", "Bitli bədən", "Laübali", "İpləmə", "Zurnaçı", "Şalvarün-Zakirin", "Müahidi Qədim", "Əqrəb", "Qeydkeş" və sair gizli imzalardan da istifadə edilib.[4]
Jurnalda rəsmləri Y. Y. Hamberq, S. B. Cəlilbəyov və Ə. Əzimzadə çəkirdilər.[3]