Rəhbər (jurnal)

"Rəhbər" (jurnal) — 1906-1907-ci illərdə Bakıda nəşr olunan aylıq pedaqoji jurnal.[1][2]

"Rəhbər"
Baş redaktor Mahmud bəy Mahmudbəyov
Növ pedaqoji jurnal
Təsis tarixi 24 sentyabr 1906
Qərargah Bakı

Haqqında məlumat

[redaktə | mənbəni redaktə et]

"Rəhbər" jurnalının ilk nömrəsi 1906-cı il sentyabrın 24-də çıxmışdır. Jurnalın naşiri və redaktoru Mahmud bəy Mahmudbəyov idi. Jurnalın cəmi 5 nömrəsi (1906-cı ildə 4, 1907-ci ildə 1) çıxmışdır. "Molla Nəsrəddin" jurnalı "Bəşarət" felyetonunda "Rəhbər"in məqsəd və məramlarını təqdir etmiş, "İrşad", "Həyat""Dəbistan"ın qarşılaşdıqları abunəçi azlığının onu da gözlədiyini əvvəlcədən təəssüf hissi ilə xəbər vermişdir. Jurnal maddi çətinlik üzündən 1907-ci il yanvarın 17-də bağlanmışdır[1][2]

Jurnalda əks olunan mövzular

[redaktə | mənbəni redaktə et]

"Rəhbər" jurnalında təlim-tərbiyəyə, ictimai məsələlərə dair məqalələr, Azərbaycan, rus və dünya ədəbiyyatından nümunələr dərc olunurdu. Jurnalda, həmçinin Rusiya müsəlmanlarının məişətindən, ədəbiyyatdan, üsuli-təlim və tərbiyədən bəhs olunmuşdu. "Rəhbər" əsasən demokratik istiqamətli olmuş, siyasi fikirləri, elmi bilikləri təbliğ etmiş, Azərbaycanda pedaqoji və uşaq ədəbiyyatının inkişafında, ümumtəhsil ideyalarının yayılmasında mühüm xidməti olmuşdur.[2]

Jurnal ilk nömrəsinin baş məqaləsində gələcək proqramı haqqında danışmışdır. Elmin və maarifin inkişafı məsələlərinə xüsusi əhəmiyyət verən jurnal yazırdı:[1]

" Yaşadığımız əsr bir əsrdir ki, müntəzəm məktəbi, milli ədəbiyyatı, müəyyən məsləkdə ictimai məişəti və hər cür iqtisadi mücadiləyə hazırlığı olmayan millət məişət mücadiləsində tez-gec məhv olasıdır. Bir vaxt var idi ki, qüvvəli bir millət müsəlləh olub qol gücü ilə o biri zəif milləti özünə qul... edirdi. Lakin indi bir millətin o birisinə... ağa olması qol gücü ilə deyil, məktəb, ədəbiyyat, elm, ictimaiyyət və bunlar kimi mənəvi qüvvələr ilədir. "

Sonra jurnal Azərbaycanda belə mənəvi qüvvələrin inkişafına kömək göstərəcəyini bildirir:[1]

" Məqsədimiz məktəblərimizin müntəzəmliyinə, millətimizin məişət meydanında, elm və mərifət yolunda irəli getməsinə və milli ədəbiyyatdan xəbərdar olmasına əlimizdən gələn qədər rəhbərlik etməkdir. "

Jurnal səhifələrində bir sıra ictimai-siyasi məsələlər qaldırmışdır. M.Mahmudbəyov "Bizə nə lazımdır" sərlövhəli publisist yazısında 1905-ci ilin inqilabi hadisələrindən sonra Azərbaycanda əmələ gələn dirçəliş və oyanmanın mənzərəsini verməyə çalışmış, qarşıda duran vəzifələri şərh etmişdir.[1]

Ədəbiyyat dair məqalələr

[redaktə | mənbəni redaktə et]

"Rəhbər"də ədəbiyyata, şeir və sənətə dair məqalələr dərc olunurdu. "Ədəbiyyatımıza dair" başlığı ilə verilən məqalələrin müəllifi Firidunbəy Köçərli idi. Birinci nömrədə Seyid Əbülqasım Nəbatinin həyat və yaradıcılığı, ikinci nömrədə "Durnalar" şeirləri, beşinci nömrədə "Molla Vəli Vidadi və onun tərcümeyi-halı" məqalələri çap olunmuşdur.[1]

Təlim-tərbiyəyə dair məqalələr

[redaktə | mənbəni redaktə et]

S.M.Qənizadənin "Körpə uşaqlar tərbiyəsi" məqaləsi jurnalın ən maraqlı yazılarındandır. Həmin məqalə jurnalın 4 nömrəsində hissə-hissə verilmişdir. Maddi vəsaitin yoxluğu üzündən jurnalın nəşri dayandığı üçün məqalə də yarımçıq qalmış, ardı dərc olunmamışdır.

Məqalədə müəllif əvvəlcə pedaqogika elmindən söz açır, bu elmin vəzifələrini göstərir, sonra isə valideynlərə məsləhət görür ki, bu elmlə tanış olsunlar, "qərinələr ərzində məşhur pedaqoqların təcrübəsi ilə hasil olmuş tərbiyə qanunlarını yad edib onlara əməl" etsinlər.

S.M.Qənizadə pedaqoji tərbiyənin ictimai mühitdə rolunu yüksək qiymətləndirir, obrazlı şəkildə qeyd edir ki, qiymətli bir əşya naşı ustanın əlində xarab olarsa, o qədər qorxusu yoxdur, lakin naşı müəllimin qeyri-düzgün tərbiyəsi nəticəsində uşağın qəlbi, ruhu, varlığı sarsılarsa, cəmiyyətə böyük ziyan dəyər. "Övlad həyat səmərəsidir. Hər bir təklifdən övlad tərbiyəsi irəlidir"- deyən müəllif ata anaların tərbiyə işində rolunu geniş şərh edir.

Müəllif əsərin birinci hissəsinə "İnsan əşrəf məxluqdur" yarımsərlövhəsini vermiş, qiymətli olan insanın yetişməsində mühüm rol oynayan müəllimlərin və valideynlərin gördüyü işi ən zərif iş adlandırmışdır. Bu və bu səpkidə olan digər elmi-publisist məqalələr "Rəhbər"ə pedaqoji jurnal xarakteri verirdi. Jurnalda Ə.Sabirin "Şahnamə"dən tərcüməsi, A.Səhhətin şeirləri və s. əsərlər də dərc olunmuşdur. "Rəhbər"də tərbiyə və təlim məsələlərindən bəhs edilərkən, digər hadisələrə qiymət verilərkən bəzən dini nöqteyi-nəzər əsas götürülürdü. Bəzi məqalələrdə ziddiyyətli fikirlər də irəli sürülmüşdür.[1]

Jurnalda Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, S.Əbdülrəhmanbəyov və b. müəlliflər iştirak etmişlər.[1][2]

Ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]
  • "Rəhbər", 1906, N-1
  • "Rəhbər", 1906, N-2, 3,4, 1907, N-5
  • ""Rəhbər" jurnalı". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002. - səh. 53-72.
  • Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. - səh. 485-486.
  • Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A.M. Babayev, Bakı, "Maarif", 1993, səh.184.
  • N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
  1. 1 2 3 4 5 6 7 8 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-06.
  2. 1 2 3 4 "Cəlil Məmmədquluzadə Ensiklopediyası,Bakı, 2008, səh. 241". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]