Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əli Abdullah Saleh (21 mart 1947[1] – 4 dekabr 2017[2], Səna) — Yəmənin prezidenti.
Əli Abdullah Saleh | |
---|---|
ərəb. علي عبد الله صالح | |
| |
Yəmən Ərəb Respublikasının Prezidenti[d] | |
18 iyul 1978 – 22 may 1990 | |
Sonrakı | Yəmən Prezidenti[d] |
Yəmən Prezidenti[d] | |
22 may 1990 – 27 fevral 2012 | |
Əvvəlki | Yəmən Ərəb Respublikasının Prezidenti[d] |
Sonrakı | Əbül Rəbbuh Mənsur Əl Hadi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 mart 1947[1] |
Vəfat tarixi | 4 dekabr 2017[2] (70 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | Feldmarşal, marşal |
Vikianbarda əlaqəli mediafayllar |
Əli Abdullah Saleh 1942-ci il mart ayının 21-də Yəmənin Səna şəhərinin Beyt əl-Əhmər rayonunda anadan olub, zeydi Haşid qəbiləsindəndir.
Anadan olmasından qısa müddət sonra atasını itirən Saleh ibtidai sinfi Damara şəhərindəki dini məktəbdə bitirir. 1958-ci ildə isə Salehin hərbi karyerası başlanır. Əvvəlcə unter-zabit kurslarını bitirən Saleh daha sonra tank diviziyasında xidmət edir. Əli Abdullah 1962-ci ildə ölkədə monarxiya üsul-idarəsinin devrilməsindən sonra respublikaçıların cərgələrinə qoşulur. 1963-cü ildə isə ona II dərəcəli leytenant rütbəsinə verilir. Bu ərəfədə Yəmənin devrilmiş şahı Səudiyyə Ərəbistanı krallığının dəstəyi ilə öz tərəfdarları ilə 8 il davam edəcək vətəndaş müharibəsini başladırlar və Əli Abdullah bu müharibədə şaha qarşı mübarizəyə qoşulur. 1967-ci ilin dekabrında krala bağlı silahlı qüvvələrin Səna şəhərini mühasirəyə almalarına baxmayaraq, onu ələ keçirə bilmirlər. Abdullah Saleh 70 gün mühasirədə saxlanılan şəhərin müdafiəsində xüsusilə fərqlənən zabitlərdən olur.
1967-ci ildə Əli Abdullah Saleh radikal solçu İnqilabçı Demokrat Partiyasının həmtəsisçisi kimi siyasi fəaliyyətlə məşğul olmağa başlayır.
1974-cü il hökumət çevrilişində iştirak edən Salehin köməyi ilə polkovnik İbrahim əl-Həmdi hakimiyyətə gətirilir. Bununla belə ərəb dünyasının ən proqressiv liderlərindən biri sayılan İbrahim əl-Həmdiyə başlatdığı islahatları başa çatdırmaq müyəssər olmur. Belə ki, o, 1977-ci ildə törədilən sui-qəsd nəticəsində həyatını itirir. Əl-Həmdinin sui-qəsdə qurban getməsindən sonra Əhməd əl-Həşmi president seçilir və o Salehi ölkənin ikinci böyük şəhəri Taizzin hərbi qubernatoru təyin edir.
1978-ci il iyun ayının 24-də ölkə prezidenti Əhməd Hüseyn əl-Həşminin sui-qəsdə qurban getməsindən sonra Müvəqqəti Prezidentlik Şurasına üzv seçilən Əli Abdullah Saleh iyul ayının 17-də keçirilən səsvermə nəticəsində səslərin əksəriyyətini toplayaraq, Şimali Yəmən Respublikasının prezidenti və ölkənin Silahlı Qüvvələrinin Ali Baş komandanı seçilir. Bundan dərhal sonra o, hökumət çevrilişinin qarşısını müvəffəqiyyətlə alaraq, 30 zabitin edam edilməsi barədə göstəriş verir. Salehin prezidentlik postunda ilk işi Cənubi Yəmən yaxud Yəmən Xalq Demokratik Respublikası ilə əlaqələrin kəsilməsi olur. Belə ki, Saleh YXDR-i sabiq prezindenti əl-Həşmini öldürməkdə ittiham edir.
1979-cu il sentyabr ayının 17-də Saleh ölkənin bütün rəhbər hərbçilərinin ümumi qərarı ilə Yəmənin Silahlı Qüvvələrinin dirçəldilməsindəki xidmətlərinə görə polkovnik rütbəsinə yüksəldilir. 1982-ci ilin avqustunda isə o ölkənin məşvərətçi orqanı sayılan və 8 il sonra siyasi partiyaya çevriləcək Ümumxalq Konqresinin Baş katibi seçilir. Salehin 1981 və 1984-cü illərdə iki dəfə SSRİ-yə səfəri zamanı ölkələr arasında dostluq və əməkdaşlığa dair müqavilə imzalanır.
1983-cü il may ayının 22-də Əli Abdullah Saleh yenidən növbəti müddətə Yəmən prezidenti seçilir. 1988-ci ilin iyulunda isə Yəmən parlamenti Salehi növbəti müddətə prezident postuna təsdiqləyiq. 1989-cu ilin iyununda Yəmənin şimal və cənub hissələri arasında ölkənin birləşdirilməsinə dair danışıqlara start verilir. Elə həmin ilin noyabrında tərəflər arasında 1981-ci il konstitusiyasının müddəaları əsas götürülməklə bir il ərzində şimal və cənubun birləşdirilməsi barədə müqavilə imzalanır.
1990-cı ilin may ayının 20-də Şura birləşmiş Yəmənin prezidenti postuna Əli Abdullah Salehi vahid namizəd kimi irəli sürərək, onu ölkənin birləşdirilməsindəki xidmətlərinə görə general rütbəsinə yüksəldir. Saleh may ayının 22-də Ədən şəhərində Yəmən respublikasının bayrağını qaldırır. Bununla yanaşı, o, yeni hökumətin Prezidentlik Şurasının sədri seçilir. Keçmiş Yəmən Xalq Demokratik Respublikasının Ali Xalq Şurası Prezidiumunun sədri Heydər Əbu Bəkr əl-Əttas isə ölkənin Baş naziri vəzifəsinə təyin olunur.
1990-cı ildə Saleh Küveytə soxulan Səddam Hüseyni dəstəkləsə də İraq qoşunlarının əmirlikdən çıxarılmasından sonra Yəmənin digər ərəb ölkələri münasibətləri pisləşir. Eləcə də Küveytdə işləyən yəmənlilərin kütləvi şəkildə evə qayıdışı başlanır.
1994-cü ildə ölkədə yenidən vətəndaş müharibəsi başlanır və "21 may liderləri" Ədən şəhərini Demokratik Yəmən Respublikasının paytaxtı elan edirlər. Belə ki, ölkə birləşdirilərkən vitse-prezident seçilən Əli Salam əl-Beyd ABŞ-də həmkarı Albert Qorla məsləhətləşmələrdən sonra Saleh hökumətini neftdən gələn gəlirlərin düzgün bölüşdürülməməsində ittiham edərək, Cənubi Yəmənin mərkəzdən ayrılmasına cəhd edir. Əli Abdullah Saleh isə ölkədə fövqəladə vəziyyət elan edərək, Ədənə qoşun yeridir və əl-Beyd ölkəni tərk edir. Elə həmin ilin oktyabrında Saleh Yəmən parlamenti tərəfindən növbəti dəfə prezident seçilir.
1997-ci ildə parlament prezident Salehi marşal rütbəsinə yüksəldir.
1999-cu ildə Saleh ölkədə keçirilən ilk ümumxalq səsverməsi nəticəsində səslərin 96%-i toplayaraq, prezident seçilir. 2001-ci ildə isə konstitusiyada dəyişiklərin edilməsinə nail olan Saleh prezidentlik müddətinin 7 ilədək uzadılmasına müvəffəq olur.
2001-ci ildə ABŞ-də baş verən "11 Sentyabr" hadisələrindən sonra Əfqanıstandan sonra ölkəsinin də ABŞ-nin işğalına məruz qala biləcəyindən və devriləcəyindən narahatlıq keçirən Saleh antiterror qruplarının yaradılması xüsusunda Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsindən kömək istəyir və "əl-Qaidə" hərəkatına qarşı mübarizədə ABŞ-yə məxsus pilotsuz təyyarələrin Yəmən ərazisində uçuşuna icazə verir. Daha sonra ABŞ ordusu Yəmənin xüsusi xidmət və hərbi qüvvələri üçün təlimlər keçir.
Bu arada qeyd edək ki, ərəb siyasi müşahidəçiləri Salehli Yəməni 1965–2000-ci illər üçün Ərəb yarımadasının ən kasıb ölkəsi kimi xarakterizə edirlər. Yaxın Şərqin siyasi həyatında və regionda baş verən siyasi proseslərin fəal iştirakçılarından olan Saleh Fələstinin Fəth və HƏMAS hərəkatları arasında dialoqun vasitəçilərindən biri olmaq niyyətini bəyan edir.
2000-ci illərin sonlarında Yəmənin xüsusilə şimal hissəsində prezident Salehin əleyhdarları ilə polis arasında qarşıdurmalar başlanır və bu qarşıdurmalarda ölkədəki radikal şiə silahlı qruplaşmalarının xüsusi səyi qeyd edilir.
2005-ci ildə Saleh ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyəcəyini bəyan etsə də bir il sonra vədinə xilaf çıxır və 77,17% səs toplayaraq, yenidən Yəmən prezidenti seçilir.
2010-cu ildə Saleh Ərəb Liqası əsasında Avropa Birliyinə bənzər qurumun yaradılması təşəbbüsü ilə çıxış edir.2011-ci ilin yanvar-fevral aylarında Tunis və Misirdə başlayan, daha sonra isə Liviyaya sıçrayan xalq inqilablarından sonra növbə Yəmənə gəlib çatır və nümayişçilər Əli Abdullah Salehin istefası tələbi ilə küçələrə axışırlar. Yəmən Təhlükəsizlik Qüvvələrinin xalqa atəş açması nəticəsində isə 100-dən çox yəmənli həyatını itirir. Prezident 2011-ci ilin sonunadək istefa verməyə hazır olduğunu bildirərək, hökuməti istefaya göndərsə də nümayişlər səngimir. Saleh isə bunda ABŞ və İsraili ittiham edir…
Saleh Səudiyyənin dəstəyi ilə husilərə qarşı 5 dəfə muharibəyə girib. Lakin 2015-ci ilin əvvəlində Yəməndə "Ənsarullah"-ın (husilər) paytaxt Sənanı ələ keçirməsindən sonra onlarla ittifaqa girib. Əli Abdullah Saleh Sudiyyənin koalisiyasının hücumu əsnasında husilərlə müttəfiq idi. 2017-ci ilin dekabrında Əli Abdullah Saleh və onun partiyası əhalini Yəməndə husilərə qarşı üsyan etməyə çağırmışdı. Əli Abdullah Saleh daha sonra artıq husilərlə rəsmi tərəfdaş olmadığını bildirmişdi.
Noyabrın axırlarından başlayaraq Səna şəhərində Əl-Husi döyüşçüləri ilə sabiq prezidentin tərəfdarları arasında qarşıdurma gedirdi. Saleh 4 dekabr 2017-ci ildə Yəmənin Məarib vilayətinə gedərkən Zmmar-Beyza yolunda husilər tərəfindən öldürülmüşdür. Sabiq prezidentlə birgə onun müavini Arif Zuka və "Milli Konqres" partiyasının baş katibi Yasir əl-Əvazi də zirehli maşında həyatını itirmişdir.