Əli Vyaçeslav Sergeyeviç Polosin - İslamı qəbul etmiş rus və tanınmış alimdir.
Əli Vyaçeslav Polosin | |
---|---|
rus. Али Вячеслав Сергеевич Полосин | |
Doğum tarixi | |
Doğum yeri | Moskva |
Vətəndaşlığı | Rusiya |
Elm sahələri | dinşünaslıq, İslam etiqad məzhəbləri[d], ictimai xadim |
Elmi dərəcələri | Fəlsəfə elmləri doktoru, politologiya elmlər namizədi |
Alma-mater | Moskva Dövlət Universiteti |
Təhsili |
Vyaçeslav Serqeyeviç Polosin 1956-cı ilin iyun ayının 26-da Moskva şəhərində dünyaya gəlmişdir. Milliyyətcə rusdur. Fəlsəfə elmləri üzrə doktor və politologiya üzrə isə namizəddir.
1978-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini “sosiologiya” ixtisası üzrə bitirmişdir. Diplomu: “Maks Veberin “kapitalizmin ruhu” konsepsiyasının tənqidi” olmuşdur.
1980-ci ildə pravoslav kilsəsində qiraətçi kimi işə başlamış, 1983-cü ildə isə Moskva Ruhani seminariyasını bitirmişdir. 1983-1985 illər arası Orta Asiyada keşiş kimi fəaliyyət göstərərək, Düşənbə şəhərindəki kilsələrin birində baş keşiş vəzifəsini icra etmişdir. 1985-ci ildən 1988-ci ilə kimi Rus Pravoslav kilsəsinin nəşriyyat şöbəsinin ştatdankənar əməkdaşı olmuşdur.
1988-ci ildən 1991-ci ilə kimi Kaluqa vilayətinin Obninsk şəhərindəki kilsədə protoierey (baş keşişi) vəzifəsində çalışmışdır. 1996-cı ildən isə kilsədə rəsmi fəaliyyətini dayandırmışdır.
1990-1993-cü illər arası Kaluqa vilayətindən RSFSR-in (RF) xalq deputatı seçilçmiş, Rusiya Federasiyasının (RF) Ali Sovetinin üzvü, RF-nin Ali Sovetinin rəyasət heyətinin üzvü, RF-nin Ali Sovetinin vicdan, din azadlıqları, mərhəmət və xeyriyyəçilik Komitəsinin sədri olmuşdur. Rusiya Federasiyasının “Dini etiqad azadlığı” və “Vicdan azadlığı və dini qurumlar” haqqında qanunlarının və onlara edilən düzəlişlərin həmmüəllifidir. 1991-ci ildə Rusiya Federasiyasının Prezidentinin inaqurasiya mərasimini işləyib hazırlayanlardan biridir. 1993-cü ildə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirmiş və “1971-1991-ci illərdə SSRİ-də kilsə və dövlət” mövzusunda politologiya üzrə namizədliyini müdafiə etmişdir.
1994-cü ilin martından 2000-ci ilin noyabr ayına dək RF-nin Dumasının eksperti, Dini qurumlar və ictimai təşkilatlar üzrə Komitənin məsləhətçisi, 3-cü dərəcəli dövlət müşaviri olmuşdur.
1999-cu ildə 440 səhifəlik “Mif, din, dövlət” adlı kitabı işıq üzü görmüşdür. Kitabda dini əfsanə və miflərin cəmiyyətin siyasi inkişafına olan təsirindən bəhs edilmişdir. “Mifin dialektikası və siyasi mif yaradıcılığı” mövzusunda Din fəlsəfəsi üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Dini və dini-siyasi məzmunlu bi sıra publisistik yazıların müəllifidir.
1999-cu ilin mayında rəsmi şəkildə İslam dinini qəbul etdiyini açıqlamış və Əli adını ikinci ad kimi götürmüşdür. 1999-cu ilin oktyabrından Rusiya Müftilər Şurasının müşaviridir.
2000-ci ildə “Tanrıya doğru düz yol” adlı kitabı çap edilmişdir. Kitabda xristian din mənsubunun İslamı qəbul etməsinin ilahiyyat nöqteyi-nəzərdən əsaslarından bəhs olunmuşdur. 2001-ci ildə isə “Yeni Rusiyanın manifesti: üçüncü yol – doğru yol!” kitabı və “Bütpərəstliyin aradan qaldırılması” monoqrafiyası işıqüzü görmüşdür. 2000-ci ilin oktyabrından Moskvada yeni yaradılmış “Doğru yol” adlı müsəlman dini icmasının sədridir.
2001-ci ildə Rusiya Müftilər Şurasının buraxdığı “Rusiya müsəlmanlarının sosial proqramının əsas müddəaları”nı işləyib hazırlayanlardan biridir. 2002-ci ilin fevralından “İslam haqqında hər şey” adlı müstəqil qəzetin baş redaktorudur.
2003-cü ilin mayında təsisedici qurultayda Rusiyanın müsəlman jurnalistlər Şurasının Sədri seçilmişdir.