Əmir bəy Ağayev — maarif xadimi, müəllim[1].
Əmir bəy Ağayev | |
---|---|
Əmir bəy Məşədi Əlibala oğlu Ağayev | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Arxangelsk, RSFSR, SSRİ |
Vəfat səbəbi | repressiya |
Həyat yoldaşı | Tuqra xanım Ağayeva |
Uşaqları | Azər, Solmaz |
Atası | Məşədi Əlibala Ağa oğlu |
Anası | Nərgiz xanım Ağayeva |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Əmir bəy Ağayev 1886-cı ildə Gəncədə anadan olmuşdur. Atası Məşədi Əlibala ticarətlə məşğul olmuş, Gəncədə indiki Cavadxan və Mirəli Qaşqay küçələrinin kəsişdiyi yerdə parça dükanları vardı[1]. Məşədi Əlibala 1879-cu ildə Nərgiz xanımla evlənmiş, onun Həcər, Kübra, Zəki, Abdulla, Əmir adlı övladları olmuşdur.
Əmir bəy Ağayevin böyük qardaşı Abdulla bəy Gəncənin ilk əczaçılarından biri olmuş, 1917-ci ildə Xarkov Universitetinin tibb fakültəsinin əczacılıq şöbəsini bitirərək Gəncəyə qayıtmışdır. Burada atasının dükanlarından birini özünə aptek edərək ixtisası üzrə işləmişdir.
Abdulla bəy Ağayevin əmisi oğlu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından Həsən bəy Ağayev Gəncənin ilk azərbaycanlı general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylilə birlikdə Yelizovetpol Tibb Cəmiyyətini yaradaraq imkansız insanlara dərman yazdıqda reseptə işarə qoyarmışlar. Xəstələri Abdulla bəy Ağayevin aptekinə göndərər, o da reseptəki işarəyə görə dərmanı pulsuz verərmiş. Həkimlər dərmanın dəyərini sonra özləri ödəyərmişlər. Abdulla bəy Ağayev XI qızıl ordu tərəfindən öldürülmüşdür[1].
Əmir bəy Ağayev iki yaşında olarkən atası vəfat etmiş, qohumlarının maddi köməyi ilə Gəncədə Molla Məhəmməd Pişnamazzadənin məktəbini, gimnaziyanı, sonra da 1911-ci ildə müəllimlər seminariyasını bitirmişdir. Bir neçə il müəllimlik etdikdən sonra təhsilini davam etdirmək üçün anası Nərgiz xanımla Bakıya gəlmişdir. Burada Hacı Zeynalabdin Tağıyevin himayəsində yaşamış, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil-Ədəbiyyat fakültəsinə daxil olmuş, təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Həmin fakültədə dil-ədəbiyyat fənnindən dərs deyən Əmir bəy Ağayev kafedra müdiri vəzifəsində çalışmışdır.
Ədəbiyyata olan həvəsi Əmir bəy Ağayevi böyük mütəfəkkir, ədəbiyyatşünas Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşviq, Abdulla Şaiq və başqaları ilə yaxınlaşdırır, onlarla əməkdaşlıq edir.
Əmir bəy Ağayev əmisi oğlu, böyük ictimai-siyasi xadim Həsən bəy Ağayevin yaxın silahdaşı olub, ona dövlət işlərində kömək etmişdir. Azərbaycan alimi, professor Ədalət Tahirzadənin Həsən bəy Ağayev haqqında bir məqaləsində bu parlaq şəkildə göstərilmişdir.[2]
Əmir bəy Ağayev 1937-ci repressiya məruz qalmış, həbs edilərək Arxangelskə sürgün edilmişdir. Burada həbs düşərgəsində meşə sındırmağa məhkum edilmişdir.
Əmir bəy Ağayev həbsdə olarkən SSRİ Baş prokuroruna çatdırmaq üçün ailəsinə iki məktub göndərmişdir.
Əmir bəy Ağayevin ikinci məktubunda yazılmışdır: "Həbs olunmam barədə hökm çıxarılmasına əsas verən səbəblər mənə məlum deyildir, mənə yalnız məhkumluq müddətini bildirmişlər. İstintaqın gedişindən və müstəqin mənə verdiyi suallardan çıxardığım nəticələrə görə Müsavat partiyasına üzv olmağıma və Bakı şəhər fəhlə fakultəsində bir yerdə işlədiyimiz Türkiyə konsulluğunun katibi Ruhi ilə tanış olmağıma görə günahkar hesab edilirəm". Şikayət məktubu bu sözlərlə bitirilmişdir: "Mənim 27 illik müəllimlik fəaliyyətimi, Sovet hakimiyyətinə sədaqətliyimi nəzərə alaraq, xahiş edirəm həbsimlə əlaqədar olan sənədləri yoxlayıb, məni azad edib, sevimli peşəmə və körpə övladlarıma qaytarasınız"[1].
Əmir bəy Ağayevin birinci məktubu Bakı vağzalından göndərilmişdi. Həyat yoldaşı Tuqra xanım məktubu alan kimi dərhal yerinə çatdırdıqda, başına nə müsibət gətirmişdilərsə, dəniz kənarındakı binadan çıxanda nəinki evinin ünvanını, öz adını da unutmuşdu. Buna görə ikinci məktubu göndərilməmişdi[1].
30 iyun 1940-cı ildə sürgündə vəfat edən görkəmli pedaqoq 1956-cı ildə bütün repressiya qurbanları kimi bəraət almışdır.
Əmir bəy Ağayevin oğlu Azər Ağayev 1928-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun adını Hüseyn Cavid qoymuşdur. Bu münasibətlə hazırlanan məclisə başçılıq edən Hüseyn Cavid valideynlərə müraciətlə demişdir: Əmir əfəndi, Tuqra xanım, bu yavrunun adını mən qoydum Azər! Atəşkənələr, furtunalar yavrusu Azər! Əmir bəy Ağayev həbs ediləndə Azər Ağayevin 9 yaşı olmuşdu. O, gənclik illərindən atasını axtarmaq fikri ilə Sibirə səfərlər edir, Əmir bəy Ağayevin nəşini gətirdib vətənində dəfn etmək istəsə də, arzusuna çata bilmir. 2007-ci ildə Azər Ağayev dünyasını dəyişmişdir. Doğmaları onun arzusunu yerinə yetirərək Hüseyn Cavidin adqoyma günündə dediyi sözləri, atasının rəsmini məzar daşının üzərində həkk etdirirlər.[1].
Əmir bəy Ağayevin ikinci övladı Solmaz Əmir bəy qızı 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. Solmaz Ağayeva 1945–1955 illərdə Bakı şəhərindəki 132 saylı məktəbdə təhsil almışdır. 1955-ci ildə Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutunun Üzümçülük meyvə-tərəvəzçilik fakültəsinə daxil olub, 1960-cı ildə həmin fakültəni bitirmişdir. 1962–1967 illərdə Bakıda Elmi-tədqiqat Tərəvəzçilik İnstitutunda elmi işçi vəzifəsində işləmiş, 1970-ci ildə aspiranturaya daxil olub, 30-dan artıq pomidor sortlarının şaxtaya və xəstəliklərə davamlılığını, məhsuldarlığını sınaqdan keçirərək namizədlik dissertasiyasını müdafiə etmişdir. Solmaz Ağayeva bir monoqrafiyanın, bir çox məqalənin müəllifidir.
Solmaz Ağayeva 1956-cı ildə Surxay Tağızadə ilə evlənmişdir. Onların Namiq, İmran, Aytən adlı üç övladı var. Namiq Tağızadə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi metodik və texniki-kriminalistika şöbəsinin rəisi, ədliyyə müşaviri vəzifəsində çalışmışdır.[3]
Kiçik oğlu İmran Tağızadə də hüquqşünasdır. Aytən Tağızadə isə musiqi sahəsində fəaliyyət göstərir, mayestro Niyazi haqqında ilk tədqiqat əsərinin müəllifidir.[4]
Əmir bəy Ağayev haqqında Azərbaycan dövlət radiosunda "37-nin qurbanları" proqramında 10 dekabr 1997-ci ildə veriliş verilmişdir. Verilişdə Azər Ağayev və Solmaz Ağayeva-Tağızadə çıxış etmişlər.[5].