Əntərə ibn Şəddad (525-608) — ərəb şairi.
Əntərə ibn Şəddad | |
---|---|
Əntərə ibn Şəddad əl-Absi عنترة بن شداد العبسي | |
Doğum tarixi | |
Doğum yeri | Qusaiba Əl-Qəssim bölgəsi, Qədim Ərəbistan |
Vəfat tarixi | (83 yaşında) |
Fəaliyyəti | İslam əvvəli Ərəbistan |
Tanınır | Ərəb şeirləri |
Vikianbarda əlaqəli mediafayllar |
Şairin atası Şəddad Əbs qəbiləsinin başçısı idi. Anası həbəşistanlı bir kölə olduğundan Əntərə uzun müddət qəbilənin tam hüquqlu üzvü olmamış, onunla bir qul kimi rəftar edilmiş, onu ən ağır işlərə göndərmişlər. Əntərə böyüdükcə onda öz kölə vəziyyətinə olan etiraz da artır, o başa düşünür ki, atası onu bir oğul kimi qəbul etməyənədək bir qul olaraq qalacaq.
Şairin mənsub olduğu Əbs qəbiləsi ərəb qəbilələri içərisində öz döyüşkənliyi və mübarizliyi ilə seçilirdi. Bu qəbilə uzun müddət Zübyan qəbiləsi ilə müharibə aparmışdır. Aramsız müharibələr Əntərənin də bir igid cəngavər kimi formalaşmasına gətirib çıxarır. Cəsur bir döyüşçü kimi tanındıqca Əntərənin azadlıq istəyi də artır və o, köləlikdən qurtarmaq üçün fürsət axtarır.
Rəvayətə görə, bir gün Əbs qəbiləsinin kişiləri ovda olarkən, Tayy qəbiləsi hücum edib çoxlu mal-qara, sərvət ələ keçirir. Şəddad Əntərəyə düşməni təqib etməyi əmr etsə də, Əntərə bir kölə olduğu üçün və bu səbəbdən də əsas məşğuliyyətinin mal-qara otarmaq olduğunu bildirib bu yürüşdən imtina edir. Şəddad Əntərənin məqsədini anlayır və əgər bu döyüşdə şücaət göstərərsə, ona azadlıq vəd edir. Atasının vədindən daha da cəsurlaşan Əntərə böyük igidlik göstərir və arzusunda olduğu azadlığı qazanır. Çox keçmir ki, o, Əbs qəbiləsinin igid sərkərdəsinə çevrilir.
Onun poeziyasının da əsas ruhunu döyüşkənlik, igidlik təşkil edir. O, "həmasə" (qəhrəmanlıq) janrının böyük ustası sayılır. Əntərənin, hətta, qocalanda da döyüşdən əl çəkmədiyi göstərilir.
Uzun ömür sürmüş Əntərənin ölümü barədə iki fikir var. Bir məlumata görə, o, döyüş meydanında ölmüşdü. İkinci rəvayətdə, onun səhrada tufana düşüb öldüyü bildirilir. Ümumiyyətlə, o dövrdə qocaların döyüşdə iştirak etməsinin bəyənilmədiyini və səhralarda əsən səmum küləklərinin məhvedici gücünü nəzərə alsaq ikinci rəvayəti daha ağılabatan hesab etmək olar.
Əntərə öz müəlləqəsini Əblə adlı əmisi qızına həsr edib. Şair kölə olduğundan Əbləyə olan sevgisini uzun müddət gizləmiş, ancaq azadlıq qazandıqdan sonra eşqini açmış və nəhayət Əblənin məhəbbətini qazanmışdır. Şair öz müəlləqəsində ilk növbədə öz igidlik və şücaəti ilə öyünür, özünü mədh edir. Fiziki və məvəvi gücünü misilsiz qəhrəmanlıq ruhunu tərənnüm edir. Onun hər bir misrasına orta əsr cəngavərinin psixologiyasına xas olan qürur və təkəbbür hakimdir. Şairi təkəbbürlü edən isə, hər şeydən əvvəl, uzun müddət təhqir və tənələrə məruz qalan bir kölənin özünü müdafiə instinkti idi.
O, uzun müddət qəbilə üzvləri tərəfindən təhqir olunmuş, adamlar ona həqarətlə baxmış, onun kölə anasını, qara dərisini, qalın dodaqlarını ələ salmışlar. Ərəb qəbilə psixologiyası uzun müddət adamlara Əntərəni bir igid sərkərdə kimi tanımağa imkan vermişdir. Bu, onu sarsıdır, şair qəzəblənir, coşur və bu qəzəbini poetik kəlama çevirməklə öz rəqiblərindən intiqam alırdı.
Əntərə öz müəlləqəsinin ilk beytini şikayətli, təəssüflü bir ahənglə başlayır. Lakin ilk beytdə şairin özünə olan inamı da hiss olunur.
هل غادر الشعراء من متردم أم هل عرفت الدار بعد توهم
"Şairlər deyilməmiş söz qoyublarmı? Yaxud unutduğun obanı bir daha tanıya bilərsənmi?"
Müəlləqəsini tərk edilmiş obanın təsviri ilə başlayan Əntərə keçmiş günlərindən narazılığını ifadə edir və sonra özü barədə mühakimələrə keçir. Əntərə şerində qılıncların səsi, atların kişnəməsi və dəvələrin nərəsi eşidilir. Əntərə döyüşdə qızğın şirə bənzəyir. Onun hər bir zərbəsi bir insan ömrünü aparır. Əntərə ilə rastlaşan hər bir döyüşçü qalib gəlmək fikrini bir tərəfə atıb ancaq xilas yolu axtarır.
Əntərənin məhəbbət lirikası da əyilməzlikdir, yenilməzdir. O, sevgilisin qarşısında belə əyilmir. Şairə görə, Əblə belə bir igidin onu sevməsi ilə fəxr etməlidir. Buna görə də, onun sevgisinə cəngavərlik ruhu hakimdir. Əntərə müəlləqəsi başdan-ayağadək müharibə səhnəsinin təsviri, igid bir cəngavərin döyüş ruhunun tərənnümü ilə xarakterikdir.
Əntərə müəlləqəsinə xas olan qəhrəmanlıq, yenilməzlik, eşqdə dözümlülük, məğrurluq kimi cəhətlər onun bütün poeziyasında özünə yer tapıb.
Esat Ayyıldız, Abbasî Dönemine Kadar 'Uzrî Gazel, Yüksek Lisans Tezi, Ankara 2016. s.21.
Esat Ayyıldız, Klasik Arap Şiirinde Emevî Dönemine Kadar Hiciv. Ankara: Gece Kitaplığı, 2020. s.120.