Ərəbistanlı Lourens (film, 1962)

Ərəbistanlı Lourens (ing. Lawrence of Arabia) — Devid Linin rejissoru olduğu və Tomas Edvard Lourensin həyatından bəhs edən 1962-ci ilə aid epik kinofilm. Filmdə baş rolu Piter O'Tul ifa edir. Bu film kino tarixində ən yaxşı və ən təsirli filmlərdən biri kimi qəbul edilir. Moris Jarrın musiqisi və Freddi Yanqın "Super Panavision 70" kinolenti çox bəyənilmişdir.[5] Film 10 nominasiyada Oskar mükafatına namizəd göstərilmiş və 7 nominasiya üzrə qalib gəlmişdir. O cümlədən, Ən yaxşı film, Ən yaxşı rejissor işi, Ən yaxşı montaj və Ən yaxşı səsləndirmə.

Ərəbistanlı Lourens
ing. Lawrence of Arabia
Janr müharibə filmi, bioqrafik film, dram filmi, macəra filmi, fleşbək filmi[d], kitablar əsasında film[d]
Əsas mövzu Birinci Dünya müharibəsi, Tomas Edvard Lourens[2], Ərəb üsyanı[2], böyüklük sərsəmliyi[d][2], Güc[d][2]
Rejissor Devid Lin
Prodüser Sem Şpigel
Ssenari müəllifləri Robert Bolt
Maykl Vilson
Baş rollarda Piter O'Tul
Ömər Şərif
Alek Ginness
Entoni Kuinn
Cek Houkins
Xose Ferrer
Entoni Kveyl
Klod Reyns
Artur Kennedi
Bəstəkar Moris Jarr
Geyim rəssamı Fillis Dalton[d]
İstehsalçı Columbia Pictures
Distribütor Columbia Pictures, Netflix
İlk baxış tarixi 10 dekabr 1962
Müddət 222 dəq.
Büdcə $15 million[1]
Gəlir $70 million[1]
Ölkələr
Dil ingilis dili[3]
İl 1962
Rəng rəngli
Çəkiliş yeri Böyük Britaniya Birləşmiş Krallıq
IMDb ID0056172
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film Britaniya kəşfiyyatının zabiti, I Dünya müharibəsi illərində Suriyada yerli ərəb qəbilələri ilə sıx əlaqədə çalışdığına görə "Ərəbistanlı" ləqəbini qazanan Tomas Edvard Lourensin həyatından bəhs edir. Lourens ərəblərin arasında özünə böyük hörmət qazanmış və faktiki olaraq onların Osmanlı dövlətinə qarşı partizan müharibəsinə rəhbərlik etmişdir.

Filmin ssenarisi Lourensin avtobioqrafik "Müdrikliyin yeddi sütunu" kitabına və onun həyatını araşdıran tədqiqatçıların tarixi məlumatlarına əsaslanır.

Filmin əvvəlində, Lourensin motosikl qəzasında vəfat etməsindən sonra, müxbirlər Müqəddəs Pavel kilsəsində onun yas mərasiminə toplaşmış və onu tanıyan insanlardan müsahibə almağa çalışırlar. Xatirələr iştirakçıları keçmişə, hərbi əməliyyatların getdiyi dövrə aparır.

Gənc leytenant Lourens (Piter O'Tul), öz yüksək savadına baxmayaraq, xidmət yoldaşları tərəfindən kloun kimi qəbul olunur. Britaniya ordusunun Ərəb bürosunun istəyilə o səhraya, şahzadə Feysəllə (Alek Ginness) əlaqə qurmağa göndərilir. Yolda Şerif Əli (Ömər Şərif) onun bələdçisini öldürür. Yolun qalan hissəsində ingilis hərbi məsləhətçisi ilə rastlaşan Lourens şahzadə Feysəlin düşərgəsinə gəlib çatır. Burada o, öz səmimiyyəti və yerli adət-ənənələrə olan hörməti sayəsində şahzadənin rəğbətini qazanır.

Lourens ərəblərə bildirir ki, onlar vahid bir xalqdır və nə qədər ki, qəbilələr öz aralarında düşmənçilik edirlər, onlar müstəqillik əldə edə bilməzlər. O, ingilis hərbi məsləhətçisinin ərəb qoşunlarını əsas ingilis gücləri ilə birləşdirmək təklifinə etiraz edir və bildirir ki, ərəblərin dəvələrlə səhranı keçmək bacarığı böyük üstünlükdür və onlar istənilən yerdə gözlənilməz zərbə vura bilərlər.

Lourensin planına uyğun olaraq, əlli nəfərlik dəstə Qırmızı dəniz sahilindəki Akaba portunu ələ keçirmək üçün susuz Nefud səhrasını keçir. Səhranı keçdikdən sonra ona bədəvi-ərəb geyimləri geyindirirlər. Burada Lourens yerli huvaytat qəbiləsinin başçısı Əuda əbu Tayini (Entoni Kuinn) Akabaya hücum etməyə həvəsləndirir. Qurudan gözlənilməz hücumla ərəblər şəhəri tuturlar. Bu xəbəri ingilis komandanlığına bildirmək üçün Lourens iki gənc xidmətçi ilə birlikdə Sinay yarımadasını keçməklə Qahirəyə yollanır.

Piter O'Tul T.E.Lourens rolunda

Gənclərdən biri — Davud, öz yol yoldaşlarının gözü önündə qumda boğulur. Lourens və xidmətçisi Süveyş kanalına çatırlar, buradan onları hərbi maşınla Qahirəyə gətirirlər. Burada ingilis ordusunun yeni komandanı Edvard Allenbi (Cek Hokins) Lourensin Dəməşq-Mədinə dəmir yolunda diversiyalar təşkil etmək planını dəstkləyir, lakin vəd etməsinə baxmayaraq, ərəblərə artilleriya vermir.

Amerikalı müxbir Bentli ərəblərin türk qatarlarına iki hücumunda iştirak edir və fotoşəkillər çəkir. Dəmir yolunda növbəti diversiya cəhdi zamanı Lourensin digər xidmətçisi — Fərəc öz səhvi ucbatından ağır yaralanır və Lourens əsir düşməməsi və daha çox əzab çəkməməsi üçün onu güllə ilə başından vurur. Qışın gəlməsi ilə ərəblərin fəallığı azalır. Qışlaqda mübahisə zamanı Lourens bildirir ki, Deraa şəhərində təkbaşına üsyan qaldıra bilər. Lakin şəhərdə türk patrulu onu saxlayır və öz homoseksual komandirlərinin yanına aparırlar. Burada o sərt müqavimət göstərir və buna görə ağır şəkildə döyülür. Bu hadisə onun özünə inamını sarsıdır.

Deraadan qayıtdıqdan sonra Lourens bədəvi geyimini çıxarıb zabit formasını geyinir və ordu komandanlığından onu adi işə keçirməsini tələb edir. Lakin Allenbi bir ay sonra Dəməşqə hücum etməyi planlaşdırır və mayor Lourensi öz fikrindən döndərir. Köhnə müttəfiqlərə əlavə olaraq Lourens yenilərini pulla öz tərəfinə çəkir. Dəməşq yolunda yaralı və döyüşə hazırlıqsız yaxalanan yüzlərlə türk əsgəri ərəblər tərəfindən son nəfərinə kimi qılıncdan keçirilir. Allenbi Dəməşqə çatanda xəbər tutur ki, şəhərin böyük hissəsi artıq Lourens və Ərəb milli şurası tərəfindən idarə olunur.

Ərəb qəbilələri arasındakı anlaşmazlıqlara görə Lourens şəhərdəki xidmətlərin normal fəaliyyətini təmin edə bilmir. O hətta hospitaldakı iki min yaralı türk əsgərinə yardım etməkdə də acizdir. Aralarındakı anlaşmazlıqlara görə şəhəri tutan ərəb qəbilələri buranı tərk edirlər.

Suriyanın gələcəyi ilə bağlı siyasi manevrlər başlayır. Şahzadə Feysəl sülh konfransında iştirak etmək üçün Avropaya getməyə hazırlaşır. İngilis və fransızların Yaxın Şərqi öz aralarında bölmək planları üzə çıxır. Baş verənlərdən təəssüflənən polkovnik Lourens vətənə qayıtmağa tələsir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "Lawrence of Arabia — Box Office Data, DVD and Blu-ray Sales, Movie News, Cast and Crew Information". The Numbers (website). December 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 13, 2015.
  2. 1 2 3 4 Metzler Film Lexikon (alm.). / Hrsg.: M. Töteberg Springer Science+Business Media, 2005. S. 375. ISBN 978-3-476-02068-0 doi:10.1007/978-3-476-05260-5
  3. 1 2 3 4 5 The American Film Institute Catalog of Motion Pictures.
  4. 1 2 BFI Film & TV Database.
  5. "eMoviePoster.com". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.