Əruziyə Mustafa qızı Əlibəyova (29 mart 1914, Bakı – 10 yanvar 1981) — azərbaycanlı alim, iqtisad elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar iqtisadçısı.[1] O, "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adına layiq görülən ilk şəxslərdən biri, şərqdə iqtisadiyyat sahəsində professor elmi adı alan (1967) ilk qadın[1] və konkret iqtisadiyyat kafedrasına başçılıq edən ilk azərbaycanlı qadındır.[2]
Əruziyə Əlibəyova | |
---|---|
Doğum tarixi | 29 mart 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 1981 (66 yaşında) |
Atası | Mustafa bəy Əlibəyov |
Anası | Xədicə Əlibəyova |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Mükafatları |
|
Əruziyə Əlibəyova 1914-cü il martın 29-da Bakı şəhərində,[3] dövrün mütərəqqi ziyalılarından olan Mustafa bəy Əlibəyov və Xədicə Əlibəyovanın ailəsində anadan olmuşdur.[4] O, 1931-ci ildə Bakı Pedaqoloji Texnikumunu bitirdikdən sonra 1932-ci ilin mayına qədər Nuxanın Böyük Dəhnə kəndində müəllimlik etmişdir. Həmin il K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutuna daxil olan Əlibəyova 1936-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, komissiyanın qərarı ilə elmi-tədqiqat işləri aparmaq üçün institutda saxlanılmışdır. O həmçinin, 1936-cı ildə Azərbaycan Dövlət Universitetində "Sənayenin iqtisadiyyatı" fənnindən kurslar aparmışdır.[3]
1944-cü ildə "Azərbaycan xalq təsərrüfatında qadın əməyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edən Əlibəyovaya 1945-ci ildə dosent adı verilmişdir.[3]
Əlibəyova 1947-1951-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" kafedrasına rəhbərlik etmiş, 1951-ci ilin payızında Azərbaycan Politexnik İnstitututunda işə başlamış və 1955-ci ilə qədər "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasında dosent vəzifəsində çalışmışdır. O, 1955-1956-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda "Sənayenin iqtisadiyyatı və istehsalın təşkili" kafedrasına müdir seçilib. [3]
1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Şurasının təşki etdiyi iqtisadiyyat üzrə sahə elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri olan Əlibəyovanın başçılığı və bilavasitə iştirakı ilə 70-dən çox elmi tədqiqat işi həyata keçirilmişdir.[3] Bu işlərin böyük əksəriyyəti neftçıxarma, neft emalı, neft kimyası və maşınqayırma sənayesində tətbiq edilmişdir. Respublika sənayesinin yanacaq-energetika balansının işlənilməsi kimi mühüm elmi işlər, neftçıxarma, neft emalı və neft-kimya zavodlarında istehsalın iqtisadi səmərəliliyinin tədqiqi, əməyin elmi təşkili sahəsindəki işlər, sənaye-istehsal fondlarının vəziyyəti və ondan istifadə sahəsindəki tədqiqləri böyük əhəmiyyətə malikdir. Bu işlərin hamısı ictimai istehsalın səmərəliliyini yüksəltmək məqsədi daşıyır.[2]
Ə.Əlibəyova istehsalın iqtisadiyyatı və təşkili problemlərinə dair 100-ə qədər elmi işin müəllifidir.[3] Onun bir sıra elmi məqalələri, dərs vəsaitləri, habelə neft maşınqayırmasının iqtisadiyyatına dair monoqrafiyaları çap edilmişdir.[1][3]
1964-cü ildə Əlibəyovaya “Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı verilmişdir. O, Şərqdə iqtisadiyyat üzrə professor olan (1967) ilk qadın idi. Əlibəyova Frayberq Dağ Mədən Akademiyasının (ADR) fəxri doktoru olmuş, "Şərəf nişanı" ordeni (1961), müxtəlif medallar və fəxri fərmanlarla təltif edilmişdir.[1][3]
Əlibəyova bir sıra çağırışlarda Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı, Bakı Şəhər Partiya Komitəsinin istehsalın təşkilatları ali məktəbinin rektoru, "Bilik" cəmiyyəti Bakı şəhər təşkilati sədrinin müavini olmuşdur.[3][daha etibarlı mənbə lazımdır] O həmçinin Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin elmi-metodik şurasında konkret iqtisadiyyat bölməsinin sədri, SSRİ Ali Məktəblər Nazirliyində dağ, neft və metallurgiya sənayesinin iqtisadiyyatı və təşkili bölməsinin və SSRİ Ali Məktəblər Nazirliyinin "İzvestiə vısşix uçebnıx zavedeniy" jurnalının ("Neft və qaz" bölməsi) redaksiya heyətinin üzvü idi.[2] Əlibəyova ictimai xadim kimi Azərbaycan KP MK-nın mühazirəçisi olmuş, Azərbaycan EA nəzdində iqtisadiyyat üzrə respublika əlaqələndirmə şurasının, SSRİ və Azərbaycan Ali və Orta İxtisas Təhsili nazirliklərinin elmi-metodik şuralarının, dissertasiya müdafiəsi üzrə bir sıra Elmi Şuraların üzvü olmuş və onların fəaliyyətində iştirak etmişdir.[2]
Əruziyə Əlibəyova 1981-ci il yanvarın 10-da vəfat edib.[3]