İqtisadiyyat (elm)

İqtisadiyyat ("ekonomika") – yunanca "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birincisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məcmusu, cəmiyyətin iqtisadi bazisi; ikincisi isə cəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsi; üçüncüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür.

İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir:

  • I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri;
  • II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını;
  • III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir;
  • IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını;
  • V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini.

İqtisadiyyata aşağıdakı təriflər vermək olar:

  1. İqtisadiyyat — ev təsərrüfatını idarə etmək qabiliyyətidir;
  2. İqtisadiyyat — tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məcmuudur, cəmiyyətin iqtisadi bazisidir;
  3. İqtisadiyyat — ölkə ərazisində ictimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır.
  4. İqtisadiyyat — mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir.

Nemət: məzmunu və növləri. Təbii və iqtisadi nemətlər

[redaktə | mənbəni redaktə et]

Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə cavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Müxtəlif cür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və asacların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nəticəsində yaranır. Bundan əlavə, bir çox ədəbiyyatlarda nemət anlayışı fərqli bölünmüşdür.

İqtisadi nəzəriyyədə insan modeli

[redaktə | mənbəni redaktə et]

İnsan – ictimai varlıqdır və əməyin sayəsində formalaşmışdır. O, ailədə və cəmiyyətdə, bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, bir-biri üçün işləyir və birgə səyin nəticəsində tələbatlarını ödəyə bilirlər.

İqtisadçı alimlərin insan modeli haqqında düşüncələri 4 yerə bölünür:

  1. İngilis klassik məktəbi, marjinalistlər və neoklassiklər. Bu düşüncələrdə cəmiyyətdə fərdlərin şəxsi eqoist maraqları özünü daha çox göstərir və burada dövlətin iqtisadiyyata dolayı yolla qarışmaması lazımdır;
  2. Keynsçi məktəbi, institusionistlər və tarixi məktəb. Bu düşüncə tərzi birinci qeyd etdiyimiz düşüncə tərzi ilə eynidir. Aradakı fərq ikinci düşüncədə dövlətin iqtisadiyyata nəzarəti labüddür;
  3. Yeni iqtisadi insan modeli;
  4. İnzibati insan modeli. Başqa adla Azərbaycan insanına tanış olan sovet insan modeli.

İstehsal, bölgü, mübadilə, istehlak

[redaktə | mənbəni redaktə et]

İqtisadi nəzəriyyə təsərrüfat fəaliyyətini öyrənir. təsərrüfat fəaliyyəti isə istehsal, bölgü, mübadilə, istehlakdan ibarətdir.

  • İstehsal bütövlükdə iqtisadiyyat üçün həlledici mərhələdir. Əvvəlcə bir şey istehsal olunmalıdır ki, sonra da bölgü, mübadilə və istehlak prosesləri baş versin.

İstehsal olunmuş məhsulun miqdarı nə qədər çox olarsa əhalinin yaşayış səviyyəsi də bir o qədər yüksək olar. Çox istehsal edən ölkə varlı və güclü olur. Bunu müəyyən etmək üçün ÜDM – i ölkə əhalisinin sayına bölürlər.

  • Bölgü – yaradılmış sərvətin cəmiyyət üzvləri arasında bölünməsi prosesidir. Bu zaman hər bir adamın yaranmış sərvətdən alacası payın miqdarı müəyyən olunur. Payın miqdarı isə ilk növbədə yaradılmış məhsulun bölünməli olan hissəsinin həcmindən asılıdır. Bəzən belə də olur ki, əldə olan məhsul norma üzrə bölünür (müharibə vaxtı, təbii fəlakətlər olduqda və s.), məqsəd çətin şəraitdə əhalini ərzaqla təmin etməkdir.
  • Mübadilə. Bölgü zamanı müəyyən bir məhsuldan pay almış hər kəs, digər məhsullara olan tələbatını ödəmək üçün, məhsulun müəyyən bir hissəsini başqa məhsullara dəyişir, yəni mübadilə edir. Məsələn, buğdanı verib əvəzində parça alır.
  • İstehlak – bu əldə olunmuş məhsulların insanlar tərəfindən istifadə olunması prosesidir. İstehlak zamanı faydalı şeylər yox olur: çörək yeyilir, neft yandırılır və s. İstehlak prosesində yox olmuş şeylərin yeri doldurulmalıdır, yəni təkrar istehsal edilməlidir.