Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov

Əsgər ağa ŞəkibəyovAzərbaycanın el qəhrəmanı

Əsgər ağa Şəkibəyov
Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov
Bəy, mülkədar
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gədəbəy, Qızıl Kilis
Vəfat tarixi
Vəfat yeri Bakı
Atası Məşədi Sadıx ağa Yaqub ağa oğlu
Uşaqları İsrafil (1893), Mahmud (1898), Cəbrayıl (1905), Niftəli (1910), Gülüşən (1909)
Ailəsi

qardaşları:

Məmməd ağa, Hüseyn ağa, Ələkbər ağa
Dini İslam

Tarix[redaktə | mənbəni redaktə et]

Çar Rusiyasının 1873-cü il əhalinin kameral siyahıya almasına görə Qazaxın Ayrım kəndində Yaqublu nəslindən olan ağaların da adları qeyd olunmuşdur. Bunlardan biri Məşədi Sadıx ağa Yaqub ağa oğlu və onun ailə üzvləridir. Məşədi Sadıx ağanın ailə tərkibində onun oğulları Məmməd ağa- 41 yaş, Hüseyn ağa-37 yaş, Ələkbər ağa-29 yaş, Əsgər ağa-25 yaş olduğu qeyd olunmuşdur.

1886-cı il əhalinin kameral siyahıya almasına əsasən isə Məşədi Sadıx ağanın və ailəsinin artıq Gədəbəy rayonunun Yaqublu kəndində məskunlaşdığı görünür. Daha sonradan bu ailənin nümayəndələri Gədəbəy rayonunun Şah Talasında yurd salmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yaqublu nəslinin görkəmli nümayəndələrindən biri Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov tarixi sənədlərə əsasən 1840-cı ildə doğulmuşdur. Bəy nəslindən olan Əsgər ağa zəngin mülkədar olmuş, ömrünü müsavatçı olaraq milli hökumətin dəstəklənməsinə, erməni daşnakları və Qırmızı Orduya qarşı mübarizəyə həsr etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Xüsusən XX əsrin əvvəllərində Göyçəətrafı ərazilərdə məskunlaşan daşnaklar Gədəbəylə Şəmkirin sərhəd aralığında yığcam yaşayan ermənilərin vasitəçiliyi ilə gəlmə ruslarla "iş birliyinə" qoşularaq daha da fəallaşmışdılar. Müsəlman kəndlərinə basqınların, mal-qara talançılığının sayı artmışdı, erməni quldurları kəndləri yandırır, viranə qoyur, qadın və uşaqlar qaçqın düşürdülər… Qarət edilən kəndlilərin biri Gəncə qubernatorluğuna və ya Qəzanın Zəyəm Birliyinə şikayət edəndə məmurlar ermənilərin tərəfini saxlayırdılar. Məmməd ağa və Əsgər ağa Şəkibəyov qardaşları yaşadıqları Şahtalasını erməni basqınlarından qorumağa çalışırdılar.

Məmməd ağa çarın vergiyığanı olaraq kimin necə dolandığını, nə işlə məşğul olduğunu yaxşı bilirdi. Göyçə tərəflərə İrandanTürkiyədən köçürülən erməniləri, habelə Rusiyanın ucqarlarından gətirilib Gədəbəyin və Şəmkirin münbit torpaqlarında məskunlaşdırılanları görəndə çarın işğalçılıq siyasəti açıq-aydın məlum olurdu. Malakanlar yaşadıqları əraziyə müsəlmanları yaxın buraxmırdılar, amma ermənilərlə dostluq edir, kəndə gəlib-getmələrinə söz demirdilər.

Bunları qəbul etməyən Məmməd ağa ərki çatan dost-tanışı başına yığıb ermənilərə dəstək olanları, Novo-İvanovkada məskunlaşan gəlmələri bu yerlərdən köçürmək istəyir. "Daşnaksütyun"un Çardaxlı kəndi üzrə əlaqələndirmə mərkəzinin rəhbəri, keşiş Vahan bundan xəbər tutan kimi erməniləri Çardaxlıya və ətraf kəndlərə gəlib-getməyə həsrət qoyan Məmməd ağadan şikayət yazır. Məktublarında "məzlum erməniləri" incitmələrini, rusları gözümçıxdıya salmalarını və millətçi olmalarını xüsusi vurğulamaqla göstərirdi ki, Məmməd ağa çar II Nikolayın əmri ilə axtarışda olan Dəli AlınıQaçaq Kərəmi evində gizlədir, bölgədə əks-inqilabi mövqedə olan qaçaqlara himayədarlıq edir.

Keşiş Vahanın Nikolay hökumətinə və digərlərinə yazdığı məktublar nəticəsiz qalmır. Məmməd ağa Yelizavetpol (Gəncə) Quberniya Jandarm İdarəsi tərəfindən həbs olunub 20 illiyə Sibirə sürgün edilir. Bundan incik düşən Əsgər ağanın çar hökumətinə mövqeyi tamam dəyişir.[1]

1918-ə daxil olandan Çar İmperiyasının faktiki dağılması müstəmləkələrdə münaqişə ocaqlarına səbəb olur. İmperiyaya aid olan bütün koloniyalarda, o cümlədən də, Zaqafqaziyada vəziyyət gərginləşir. 1918-ci ilin martından etibarən Azərbaycanda erməni-müsəlman savaşı başlanır. Azərbaycanın şimalı kimi elə Qərb zonaları da – Göyçə, Qarabağ, Zəngəzur, Naxçıvan əhalisi də erməni qırğın və talanlarına məruz qalır. Gədəbəydəə, xüsusən də, Göyçə ərazisində və rus kəndi Novo-İvanovkada Məcid ağanın idarəçiliyi və nüfuzu qaniçən ermənilərin qarşısında alınmaz qalaya çevrilir. Artıq 1918-ci ilin ortalarına yaxın erməni vəhşiliyinin coğrafiyası İrəvan Quberniyasına tərəf meyllənir və növbəti hədəf Göyçə torpaqları olur. Andronikin köməkçisi general Dro xaincəsinə silahsız, mülki əhaliyə hücum edir. Minlərlə insanın qəfil başlayan köçü yerli yaqublu ağalarını mübarizəyə qoşulmağa vadar edir. Həm inzibati vəzifəsindən (Məcid ağa artıq Musavat hökumətinin ərazi üzrə nümayəndəsi idi), həm də nüfuzundan istifadə edən Məcid ağa yaxınları Mustafa ağa və Şəmil ağayla birlikdə kiçik bir dəstə formalaşdırıb ermənilərə qarşı – Göyçəyə hücum edirlər. Məcid ağanın ermənilərə qarşı uğurlu döyüşlərinin sədası bütün Azərbaycana yayılır və öz qiymətini Milli Şuranın yığıncaqlarında alır. Təbii ki, bu halda Müsavata qarşı rəğbəti ilə seçilən Bağırov Məcid ağanın kimliyindən dostu Əlibəy Zizikski vasitəsilə tanış ola bilir.[2]

Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov, Məcid ağa Məmməd ağa oğlu Şəkibəyov, Cəbrayıl və Kərəm Söyün oğulları, Mustafa ağa Yaqub ağa oğlu Şəkibəyov, Niftalı ağa Əsgər ağa oğlu Sadıxov, Cəbrayıl ağa Əsgər ağa oğlu Sadıxov, Məşədi Mehralı, Qara Musa, Axund Zeynal, Mariyanın atası Abram Kandaurov, Miskinlidən Abuzər Axundov, Salman İmanquliyev, Alnavatdan Əsgər Qara oğlu, İlyas Əliyev, Arıqırandan İsmayıl Məmmədov və digərləri ermənilərə və yeni quruluşun haqsızlıqlarına qarşı Attıxdərə, Daryurd, Kiçik Qaramurad, Çətindərə, Şahtalası, 1920-ci ilin dekabrında və 1921-ci ilin yanvarında Xınnada baş verən silahlı üsyanların təşkilatçısı və iştirakçısı olmuşlar. "Yaqublu" silahlı dəstəsi adlanan dəstə əsasən Şəkibəyovlardan ibarət olmuşdur. Yeni quruluşa tabe olmadıqları üçün hamısının adı yaşadıqları kənddə "qara siyahı"ya salınmış, səsvermə hüququndan məhrum edilmişdilər. Özlərini də NKVD və QPU-nun əməkdaşları gecə-gündüz axtarırdılar.[3]

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılandan sonra nə Məcid ağa, nə də Yaqublu dəstəsinin üzvləri bolşevik-erməni hökumətinə tabe oldu. Məcid ağanın Cümhuriyyətdən əvvəl Müsavat hökumətinin ərazi üzrə nümayəndəsi olduğunu hamı bilirdi. Bunu bəhanə edən Andronikin köməkçisi general Dro yeni quruluşu və bolşevikləri müdafiə adı ilə xaincəsinə dinc əhaliyə tez-tez hücum edir, "əks-inqilabçılar", "yeni quruluşun düşmənləri" adı altında azərbaycanlıları süngüdən keçirir, gözünü çıxarır, başını kəsir, ev-eşiyinə od vurur, mal-qarasını, ev əşyalarını yığıb aparırdılar. Şınıx ərazisində və Ağkilsədə Əsgər ağa Şəkibəyov, Məşədi Mehralı, Qara Musa, Dikdaşda Muqa Namaz, Ataxalda Qara Bayram öz dəstəsi ilə dağda-dərədə gizlənərək daşnak silahlı birləşmələrilə ölüm-dirim savaşına çıxırdılar.

1929-cu ilin dekabrında Məcid ağanın yerini müəyyənləşdirən bolşeviklər 1930-cu ilin qarlı-çovğunlu fevral günlərində Şahtalasına qoşun yeridir. Hökumət qüvvələri ilə Məcid ağa arasında danışıqlar gedir, silahı könüllü yerə qoyarsa, ona yaxşı vəzifə verəcəkləri vədilə diri tutmağa çalışırdılar, amma Məcid ağa 20 illik Sibir sürgünündən qayıdan qoca atasının Cümhuriyyətin süqutundan sonra, evinin kəndarında güllələnməsini heç cürə bağışlaya bilmir və barışıq təklifinə rədd cavabı verir. Bolşeviklərin təkliflərini qəbul etmədiyindən Məcid ağa və onun silahdaşlarının üzərinə ordu qüvvələri yeridilir. Hücuma və danışıqlar prosesinə rəhbərlik ordu birləşmələrinin başçısı peşəkar hərbçi Arbuzova həvalə edilir.

Ordu fevralın 6-da Əlnabad kəndinə hücuma keçir. Gədəbəylilər ərazinin bolşeviklər tərəfindən işğalı ilə heç cürə barışmayaraq Məcid ağanın müdafiəsinə qalxır, müqavimət hərəkatına qoşulurlar. Dörd gün davam edən döyüşlərdən sonra Əsgər ağa əlavə qüvvə gətirmək üçün indi Ermənistan adlanan ərazidə azərbaycanlılar yaşayan Cilli kəndinə gedir. Fevralın 10-da QPU-nun Gəncə dairəsinin əməkdaşları Əsgər ağanı orada həbs edirlər. Ordu Əlnabadda qırdığını qırandan sonra Qaçaq Pirverdinin dəstəsini məhv etmək üçün Çətindərəyə istiqamət götürür, burada da istədiklərinə nail olan əsgərlər fevralın 12-də Yaqublulara qarşı hücuma keçirlər. Atışma iyirmi gündən çox davam edir, nə Yaqublular təslim olur, nə də onların üstünə yeriyən əsgərlərin ardı-arası kəsilir. Sonda silah-sursatının tükəndiyini görən ağa ölümü təslimçilikdən uca tutaraq, tüfənginin qundağına "Məcidi Məcid vurdu" sözlərini yazıb, son iki gülləsini özünə vurur.

Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov isə NKVD zirzəmilərində bir il işgəncələrə məruz qaldıqdan sonra – 85–90 yaşlarında Fövqəladə üçlüyün Gəncə dairəsinin 20 fevral 1931-ci il tarixli qərarı ilə "Yaqublu dəstəsində aktiv iştirak və rəhbərlik, gizli anti-sovet təbliğatı, 3 həftə ərzində Qırmızı Orduya qarşı silahlı müqavimət"də ittiham olunaraq güllələnmə cəzasına məhkum edilmişdir. Əsgər ağaya əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Baş Prokurorluğunun 21 oktyabr 1993-cü il tarixli qərarına əsasən bəraət verilib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Əsgər ağa Şəkibəyov 10.02.1930-cu ildə həbs edilərkən ailə tərkibi aşağıdakı kimi olmuşdur:

Həyat yoldaşı- 75 yaşında;

oğlu – İsrafil,37 yaşında;

oğlu – Mahmud,32 yaşında;

oğlu – Cəbrayıl,25 yaşında;

oğlu – Niftəli,20 yaşında;

qızı — Gülüşən,22 yaşında;

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]