14-cü Meyci ili böhranı

Okuma Şiqenobu.

1881-ci il böhranı və ya 14-cü Meyci ili böhranı (明治十四年の政変, Meyci cuyonen no seyhen?) – 1881-ci ildə Yaponiyada Okuma Şiqenobunun hökumətdən göndərilməsi ilə baş vermiş siyasi böhran.[1] Böhran nəticəsində keçmiş SatsumaÇoşu domenlərindən olan müşavirlər arasında həmrəklik güclənmiş və 10 il ərzində konstitusiyanın tərtib olunması qərarı verilmişdi.[1] Böhran siyasi müxalifəti gücləndirərək Meyci hökumətinin avtoritar rejimini zəiflətmişdir.[1]

1877-ci ildə Kyuşuda baş verən Satsuma üsyanının yatırılmasından sonra Yaponiyada vəziyyət stabilləşmişdi.[1] Meyci hökumətinin siyasəti sayəsində fermerlərin vəziyyəti daha yaxşı idi, sənaye inkişaf edirdi və vergi islahatından sonra dövlətin gəlir mənbəyi möhkəmlənmişdi.[1] Xarici siyasətdə isə Yaponiya Ryukyu adalarını Çinin əlindən almaq üzrə idi, Koreyada dayaq nöqtəsi əldə etmişdi və Rusiya ilə şimaldakı adalarla bağlı mübahisələri həll etmişdi.[1]

Bunların fonunda daxili işlər naziri Okubo Toşimiçinin hökumətdə çox böyük təsiri var idi və ölkənin de fakto diktatoruna çevrilmişdi.[1] Okubo ətrafına keçmiş ÇoşuSatsuma domenlərindən olan həmkarlarından ibarət heyət toplamışdı.[1] 1878-ci ilin ortasında Okubo siyasətinə qarşı olan bir qrup samuray tərəfindən qətlə yetirilmişdir.[1] Onun həmkarları bir müddət harmoniya içərisində fəaliyyət göstərməyə davam etsələr da, hökumət əvvəlki effektivliyini itirməyə başlamışdı.[1] Buna görə də Okubonu əvəz edəcək liderə ehtiyac var idi.[1] Okubo satsumalı olsa da, hökumətdə ən çox etibar etdiyi şəxslərdən biri İto Hirobumi idi və tezliklə İto daxili işlər naziri vəzifəsini tutmuşdur.[1] Lakin Okubonun digər etibar etdiyi şəxslərdən biri olan Okuma Şiqenobu İtodan 3 yaş böyük idi və daha təcrübəli idi.[1] Okuma maliyyə naziri kimi hökumət və biznes dairələrində güclü əlaqələr qurmuşdu.[1] Okubonun bir çox satsumalı həmkarı yuxarı vəzifələri tuturdu və hökumət liderliyinə can atırdı.[1]

İto Hirobumi.

Hadisələrin gedişi liderlik məsələsinin həll olunmasını məcbur edirdi.[1] Satsuma üsyanı ölkədə inflyasiyaya səbəb olmuşdu, gəliri azalmış narazı samuraylar fermerlərlə birləşərək konstitusiyanın və qanunverici orqanın yaradılmasını istəyirdi.[1] 1880-ci ildə azadlıq və xalq hərəkatları baş qaldırmışdı.[1] Bir çox nümayəndə Tokioya gələrək milli qanunvericiliyin yaradılması üçün petisiya imzalayırdı.[1] Xarici siyasətdə isə Çin Koreyada təsirini artıraraq Yaponiyanın maraqlarına zərbə vururdu və ölkənin Çinlə mübarizə aparacaq güclü orduya ehtiyacı var idi.[1]

Okuma bu cür situasiyalarla üzləşmiş siyasətçi olsa da, Okubonun ölümündən sonra satsumalı və çoşulu siyasətçilər artıq ona rəqib kimi baxırdılar.[1] 1880-ci ildə Okuma konservativ liderləri tənqid edərək inflyasiyanı azaltmaq üçün plan təklif etmişdir.[1] Okumanın tənqidçiləri hesab edirdi ki, bu plandan sonra Yaponiya borca görə xarici ölkələrdən asılı olacaq.[1] 1881-ci ilin martında Okuma ingilis modeli əsasında konstitusiyanın bir versiyasını təqdim etmişdir.[1] Plana görə 1883-cü ildəki seçkilərdən sonra milli parlamentin aşağı palatasındakı siyasi partiya liderləri kabinet formalaşdıracaqdılar.[1] Nəhayət 1881-ci ildə Okuma və bir neçə hökumət lideri bir satsumalı müşavirin təklifini rədd edərək hökumətin Hokkaydodakı mülklərininin satsumalı və çoşulu rəsmilərin başçılıq etdiyi biznesmenlər konsorsumuna satılmasının qarşısını almışdılar.[1] Okuma müxalifətin böyük dəstəyini qazanmışdır.[1]

1881-ci ilin avqustunda satsumalı və çoşulu müşavirlər görüşərək üzləşdikləri siyasi problemləri müzakirə etmişdirlər.[1] Onlar Okuma və təqibçilərinin hökumətdən çıxarılmasını tələb etmək barədə razılığa gəlmişdirlər.[1] Onlar bu danışıqları Okumanın paytaxtda olmadığı vaxtda gizli şəkildə aparmışdılar.[1] Okuma sentyabrda Tokioya qayıdanda şura görüşlərinə buraxılmamışdır.[2] Okuma şikayətini bildirmək üçün Şahzadə Arisuqavanın iqamətgahına getsə də, darvazanın bağlı olduğunu görmüşdür.[2] Okumanın təkliflərindən narazı qalan İto satsumalı müşaviri ilə onunla görüşməyə getmiş və onun vəzifələrindən istefa verməsini istəmişdir.[2] Həm Sağ nazir İvakura Tomomi, həm də imperator Meyci Okumanın istefası barədə tərəddüd edirdilər, lakin satsumalı və çoşulu müşavirlərin həmrəyliyinə görə bunu qəbul etməli olmuşdurlar.[2] Növbəti günlərdə Okumaya yaxın olan bir çox vəzifəli şəxs istefa etmiş və ya azad edilmişdir.[2]

Okumanın buraxılmasından sonra satsumalı və çoşulu müşavirlər vəziyyəti sakitləşdirmək üçün növbəti 10 il ərzində konstitusiyanın hazır olacağını bildirmişdirlər.[2] Əldə olunan razılığa əsasən İto konstitusiyanı tərtib etməli və İngiltərə əvəzinə Prussiya modelindən istifadə etməli idi.[2] Eyni zamanda satsumalı müşavir Matsukata Masayoşi maliyyə naziri təyin olmuşdur.[2] Matsukata hökumətin maliyyə problemlərini həll etmək üçün deflyasiya və qənaət siyasəti yürütmüş, ölkə iqtisadiyatına ciddi nəzarət etmək üçün Yaponiya Bankını qurmuşdur.[2] Eləcə də, hökumət ordu və donanmayı gücləndirmək üçün 10 illik plan qurulmuşdur.[2]

Böhrandan sonra Okuma və təqibçiləri 1882-ci ildə Konstitusional İslahat Partiyasını qurmuşdurlar.[2] Okuma hökumətdən kənarlaşdırılsa da hələ də milli fiqur hesab edilirdi və siyasət, təhsil, biznes sahələrində nüfuzlu şəxs kimi qalmağa davam etmişdir.[2] Rəqibi Liberal Partiya ilə birlikdə Konstitusional İslahat Partiyası ölkənin konstitusional inkişafını istəyən iki partiyasından biri idi.[2] 1889-cu ildə konstitusiya qəbul ediləndə iki partiya hökumətdə yerləri bölüşmüşdür.[2]

Okuma 1888-1889-cu illərdə xarici işlər naziri kimi yenidən dövlət vəzifəsinə qayıtmışdır.[2] O, 1898-ci ildə və 1914-16-cı illərdə Yaponiyanın baş naziri seçilmişdir.[2] 1881-ci il böhranı siyasi müxalifəti gücləndirərək Meyci hökumətinin avtoritar rejimini zəiflətmişdir.[2]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild. Tokio: Kodansha. 1983. səh. 202-203. ISBN 0-87011-626-6. İstifadə tarixi: 22 may 2022.