200 manatlıq əsginas — Azərbaycanda buraxılan milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır.[1][2] 200 manat 20000 qəpiyə bərabərdir.
200 manat | |
---|---|
Ölkə | Azərbaycan |
Dəyər | 200 manat |
Eni | 70 mm |
Uzunluğu | 160 mm |
Təhlükəsizlik ünsürləri | gizli nominal, holoqram, mürəkkəbsiz çap, qabarıq çap, SPARK live, görmə qüsuru olanlar üçün tanıma elementi, su nişanı, seria nömrəsi, mühafizə sapı, sayrışan rəngli boyalar, xüsusi dəqiq cizgilər, mikromətn, surətçıxarmaya qarşı xətlər strukturu, rənglər bölgüsü |
Nəşr illəri | 2018 |
Ön tərəf | |
Dizayn | Heydər Əliyev Mərkəzi |
Dizayner | "Crane Currency" |
Dizayn tarixi | 2018 |
Arxa tərəf | |
Dizayn | Azərbaycan Respublikasının Xəritəsi, Azərbaycanın Avropaya inteqrasiyasını əks etdirən Avropanın xəritəsi və bir sıra milli xalça naxışları |
Dizayner | "Crane Currency" |
Dizayn tarixi | 2018 |
Əsginasın buraxılması haqqında qanun nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilmişdir. Yeni əsginasın buraxılması haqqında ilk fikirlər hələ 2017-ci ildə səsləndirilmişdi.[3] Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti olan "Crane Currency" tərəfindən təqdim olunan dizayn qalib seçilmişdir. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı Giesecke+Devrient şirkətində istehsal olunmuşdur.[1] 200 manatlıq əsginas 2018-ci ilin 24 mayından dövriyyədədir.[4] Bu əsginasa qədər Azərbaycanda işlədilən ən böyük nominala malik əsginas 100 manatlıq əsginas olmuşdur. Dövriyyəyə 200.000.000 milyon manat çap edilib.[1]
200 manatlıq əsginaslar müasir memarlıq mövzusuna həsr olunmuşdur.[4]
Əsginasın əsas rəngi göydür. Ön tərəfində 2012-ci ildə tikilmiş Heydər Əliyev Mərkəzinin təsviri yer alıb. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.[1]