Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
5 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. 3 dəfə (1992, 2005 və 2009-cu illərdə) dövriyyəyə buraxılmışdır.
5 manat | |
---|---|
Ölkə | Azərbaycan |
Dəyər | 5 manat |
Eni | 127 mm |
Uzunluğu | 70 mm |
Təhlükəsizlik ünsürləri | gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər |
Nəşr illəri | 1992, 2005, 2009 |
Ön tərəf | |
Dizayn | ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça |
Arxa tərəf | |
Dizayn | Azərbaycan Respublikasının Xəritəsi, Azərbaycanın Avropaya inteqrasiyasını əks etdirən Avropanın xəritəsi; Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon-Yenisey əlifbası və müasir Azərbaycan yazısı |
5 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin dekabr ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1][2]. 5 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[3][4]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[4].
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1992-ci ildə dövriyyəyə buraxılmış 5 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış[5], 2005-ci ildə yeni 5 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 5 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
Hazırda dövriyyədə olan 5 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur[6].
İlk 5 manatlıq əsginasın ön tərəfinə Qız qalasının təsviri ilə yanaşı arxa fon təsvirləri də verilmişdir[2]. Əsginasın arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üst tərəfində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuş, nominalın adı ortada sözlə verilmişdir[2].
Ağ kağızda, əsas rəngi narıncı olmaqla 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların ön tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça verilmişdir[6]. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.
Bu əsginasların arxa fonunda isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon-Yenisey əlifbası və müasir Azərbaycan yazısı verilmişdir[6].
Bu iki əsginasın əsas fərqi belədir: 2005 buraxılışının ön tərəfində "Azərbaycan Milli Bankı", 2009 buraxılışının ön tərəfində isə "Azərbaycan Mərkəzi Bankı" yazılmışdır. 2009-cu ildə bu əsginasların yenidən buraxılmasının əsas səbəbi elə həmin il Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər olmuşdur. Belə ki, 2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavələr və dəyişikliklərlə bağlı olaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddənin II hissəsində "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilmişdir[7]. Hansı ki, bu Azərbaycan Milli Bankının adının dəyişdirilərək Azərbaycan Mərkəzi Bankı adlandırılması deməkdir.
İlk 5 manatlıq əsginasın ölçüləri 125×63 mm idi[1].
2005 və 2009-cu illərdə dövriyyəyə buraxılmış 5 manatlıq əsginasların ölçüləri isə 127×70 mm-dir[6].
Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 5 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşdu[8]. 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır[6].