250 manatlıq əsginas — Azərbaycanda 1992-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1992-ci ildə) dövriyyəyə buraxılmışdır.
250 manat | |
---|---|
Ölkə | Azərbaycan |
Dəyər | 250 manat |
Eni | 125 mm |
Uzunluğu | 63 mm |
Nəşr illəri | 1992 |
Ön tərəf | |
Arxa tərəf | |
250 manatlıq əsginaslar yalnız bir dəfə – 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 250 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[1][2]. 250 manatlıq əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[3][4]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[4].
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[5].
Əsginas sadə dizayna malik olmuş[6], ön tərəfində Qız qalası təsvir olunmuşdur. Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur[6].
250 manatlıq əsginasın ölçüləri 125×63 mm idi[7].
Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Bu əsginasda su nişanı - üç alov təsvir olunmuşdu[8].