50000 manatlıq əsginas — Azərbaycanda 1996–2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yüksək nominala malik olanıdır. Cəmi 1 dəfə (1996-cı ildə) dövriyyəyə buraxılmışdır.
50000 manat | |
---|---|
Ölkə | Azərbaycan |
Dəyər | 50000 manat |
Eni | 132 mm |
Uzunluğu | 66 mm |
Nəşr illəri | 1996 |
Ön tərəf | |
Arxa tərəf | |
50000 manatlıq əsginaslar yalnız bir dəfə – 1996-cı ildə Azərbaycan Milli Bankı tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə dövriyyəyə buraxılmışdır. Bu əskinaslar İngiltərədə "De La Rue" şirkəti tərəfindən 1995-ci il tarixi ilə çap edilmişdir[1].
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1996-cı ildə dövriyyəyə buraxılmış 50000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[2].
Əsas rəngi yaşıl olmaqla, əsginasın ön tərəfində orijinal üslubda Naxçıvan memarlıq abidəsi olan Möminə Xatun türbəsinin ümumi görünüşü təsvir olunmuşdur[3]. Əsginasın arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə ifadəsi verilmişdir[3].
50000 manatlıq əsginasın ölçüləri 132×66 mm idi[4].
Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Belə ki, bu əsginasın dizaynında mürəkkəb su nişanı və bir sıra yeni mühafizə elementləri tətbiq edilmişdir[3]. Azərbaycan əsginaslarında ilk dəfə olaraq, 50000 manatlıq əsginasın seriyası və nömrəsi iki rəngdə verilmişdir[3].