Açe və ya Açeh (Aceh; əski adla Atjeh, Acheen) — XII əsrdə Sumatranın şimalında yaranan Müsəlman Sultanlığı. XVI əsrdən başlayaraq Açe Sumatra knyazlıqları arasında aparıcı mövqeyə sahiblənir və portuqal, ingilis və holland müstəmləkəçilərinə qarşı mübarizə aparır. Hollandiya Böyük Britaniya ilə Sumatra traktatı imzalayaraq, 1873-cü ildə Açeyə qarşı müharibəyə başladı. Müharibə 1904-cü ilə qədər davam etdi və Açehin işğalı ilə sona çatdı.
Sultanlıq | |||||
Açe sultanlığı | |||||
---|---|---|---|---|---|
سلطنة اتشيه | |||||
|
|||||
|
|||||
Paytaxt | Banda-Açeh | ||||
Rəsmi dilləri | Ərəb, malay, açex | ||||
Dövlət dini | İslam, süni məzhəbi | ||||
Ərazisi | 235 000 min kv km | ||||
İdarəetmə forması |
Monarxiya Osmanlı İmperiyasının protektoratı (1566—1873) |
||||
Vikianbarda əlaqəli mediafayllar |
Açe əhalisi Hollandiya istilası ilə barışmayaraq, müstəqil İndoneziya Respublikası elan olunana qədər azadlıq mübarizəsi apardı. Hal hazırda Açe İndoneziya Respublikasının tərkibində əyalətdir.
VIII əsrdən başlayaraq bölgədə İslam dininin yayılmasının mərkəzinə çevrilmişdir. XVI əsrin əvvəllərinə qədər bölgə Pasay Knyazlığının tərkibinə daxil idi. Portuqaliyalılar və Cohor Sultanlığana qarşı mübarizədə Açe Malakka boğazına nəzarəti ələ keçirdi. Sultanlar İsgəndər Muda (1607-1636) və İsgəndər Tani (1636-1641) bütün Sumatra və Malayanı (Pahanq Sultanlığını da daxil olmaqla) özlərinə tabe etdilər. Onların hakimiyyəti dövründə sultanlıq ən qüdrətli dövrünü yaşayır. Açe Məkkə, Osmanlı İmperiyası, Böyük Moğol İmperiyası və Çin ilə ticarət əlaqələri saxlayırdı. Sultanlıq indoneziya islamının böyük bir dini və mədəni mərkəzi kimi tanınırdı. Burada dini məktəblər özünün intibah dövrünü yaşayırdı (o, cümlədən İndoneziya sufizmi).
XVII əsrin ortalarında hollandların və ingilislərin bölgəyə gəlməsi ilə Açenin tənəzzülü başladı. XIX əsrin birinci yarısında və ortalarında sultanlıq taxt-tac varisliyi uğrunda aramsız müharibələr meydanına çevrildi. Eyni zamanda Açe Cənub-Şərqi Asiyadan Avropaya ilk bibər idxalı edən dövlət oldu. 1850-1860-cı illərdə mütəmadi olaraq hollandlarla toqquşmalar baş verirdi. 1873-cü ildə Açe müharibəsi başladı. İlk vaxtlarda general Verspeykin komandanlığı altında olan holland qoşunları uğursuzluğa düçar oldular. Ancaq tədricən vəziyyəti düzəltməyi bacardılar. Bu müharibə 1903-cü ildə sultanlığın ləğvinə gətirib çıxardı.[1]
Hollandiya ilə Sumatranın şimalındakı müstəqil Açe Sultanlığı arasındakı silahlı qarşıdurma 1873-1904 illər arasında davam etmişdir. Müharibə Hollandiyanın qələbəsi ilə sona çatmışdır. Belə ki, 1873-cü ildə Sumatrada hollan ağalığına qarşı kütləvi etirazlar baş qaldırdı. Üsyana Sultan II Mahmud Şah başçılıq edirdi. O, ümummilli lider kimi bütün məsuiyyəti üzərinə götürdü.
1873-cü ilin martında hollandların üç minlik cəza korpusu adaya gələrək sultanlığın paytaxtı Banda Açehi ələ keçirdi. Hollandlar Açenin Niderlandın müstəmləkə mülklərinə daxil edilməsini elan etdilər. Lakin üsyançılar müqavimətini 1904-cü ilə qədər davam etdirdilər. Niderland istilaçıları buradakı qoşunların sayının o, cümlədən muzdlular hesabına vasitəsilə 50.000 min əsgərə qədər artırdılar. Yalnız say üstünlüyü və müasir silahlara malik olması hollandlara qələbə qazanmağa imkan verdi. Dağlarda gizlənən özünümüdafiə dəstələrinin müqavimətinin qırılması Sumatra adasının tamamilə işğalına səbəb oldu. Texnoloji cəhətdən üstün düşmənə qarşı mübarizə aparmaq üçün Açe sultanlığının sakinləri partizan müharibəsinə əl atdılar. Onlar düşmənə tələlər və pusqular qurur, bacardıqları qədər onlara ziyan vurmağa çalışırdılar. Hollandlar isə onlara bütün kəndləri məhv edərək həm məhbusları, həm də mülki insanları qətlə yetirərək cavab verirdi. Uləma Məhəmməd Saman və kənd ağsaqqalı Teuku Umar müharibənin əfsanəvi qəhrəmanları oldu.[2] Açe sultanının diplomatik manevrlərdən istifadə edərək müstəqilliyi qorumaq cəhdləri uğursuz oldu. Onun müraciət etdiyi Osmanlı, Rusiya, ABŞ bu çağırışlara müsbət cavab vermədi.[3]
Lokal toqquşmalar 1913-cü ilə qədər davam etdi, lakin bu bölgədəki vəziyyətə o qədər də təsir etmədi. Müxtəlif hesablamalara görə, müstəqillik mübarizəsində hərbi əməliyyatlar zamanı, həmçinin aclıq və xəstəlikdən vəfat edənlərin sayı 70 min ilə 100 min arasında dəyişir. Sultanlıq ərazisində həlak olan mülki şəxslərinin sayı dəqiq bilinmir.
Açe Sultanlığı ilə Osmanlı İmperiyası arasında qeyri-rəsmi əlaqələr 1530-cu illərdən mövcud olmuşdur. Portuqaliyalı admiral Fernan Mendes Pinto xatirələrində 1539-cu ildə təxminən 300 "türk"ün olduğu bir donanmanın gəlməsi ilə bağlı yazmışdır. Bu donanmanın tərkibi əsasən suahililər, afarlar, sindhilər və qucaratlılardan ibarət idi. Bura həmçinin Malabardan təxminən 200 dənizçidə daxil olmuşdur. Bu zaman Açedə hakimiyyətə gələn Sultan Əlauddin Riyat-şah əl-Kahar həm Sumatradaki öz gücünü gücləndirmək, həm də Portuqalları Malakkadan qovmaq üçün bu əlaqələri genişləndirmək niyyətində idi.
1560-cı illərin ilk yarısında Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi. O, Qanuni Sultan Süleymanı İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi.
Açeyə ekspedisiyaya hazırlıq 1565-ci ildə başlamışdır. I Süleymanın ölümündən sonra 1566-cı ildə onun yerinə keçən II Səlim atasının işini davam etdirdi və ekspedisiyanın göndərilməsini əmr etdi. Silah və sursatdan əlavə ekspedisiyanın tərkibinə əsgərlər, silah ustaları və mühəndislər də daxil idi. Artilleriya ilə silahlanmış 15 gəmidən ibarət ilk donanma Yəməndəki qiyamı yatırmaq üçün yönləndirilməli oldu. Lakin 1566-1567-ci illərdə ilk türk gəmiləri Açeyə gəldi. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır-rəis rəhbərlik edirdi. Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar.
Osmanlı silah açelilərə ağır silahlar (əsasən toplar) hazırlamağı öyrətdilər. Tədricən silahqayırma işi bütün Malay arxipelağına yayıldı. Lakin düzəldilən bu topların bir çoxu sonradan avropalılar tərəfindən ələ keçirildi. Türk hərdi-dəniz yürüşü Osmanlı İmperiyası ilə Açe Sultanlığı arasında hərbi, ticari, mədəni və dini əlaqələrin inkişafına və möhkəmlənməsinə gətirib çıxardı.
Osmanlı İmperiyası ilə Açe Sultanlığı arasında əlaqələrin qurulması portuqalların Hind okeanında ticarət üzərində monapoliya qurmasına imkan vermədi. Sultan İskəndər Mudanın (1607-1636) dövründə Açe əhəmiyyətli bir ticarət dövlətinə çevrildi. Açe gəmiləri Hindistana və hətta Qırmızı dəniz sahillərinə qədər üzürdü. Açeyə Məkkədən səfirliklər belə gəlirdi. Portuqaliyalılara isə Malakkada qalmaq böyük çətinliklər hesabına başa gəlirdi.
1873-cü ildə hollandlar Açeyə hücum edərkən onlar köhnə əlaqələrə güvənərək yenidən Osmanlı dövlətinə müraciət etdi. Ancaq Avropa dövlətləri türklərin köhnə müttəfiqinin köməyinə gəlməsinə icazə vermədi.
«История Востока» (в 6 томах). Том III «Восток на рубеже средневековья и нового времени. XVI—XVIII вв», — М.: Изд. «Восточная литература» РАН, 1999. — ISBN 5-02-017913-2