Açehdə müsəlman cinayət hüququ

Açehin (qırmızı rəngdə) İndoneziya xəritəsində mövqeyi
2014-cü ildə Banda Açehdə qırmanclama cəzasına məruz qalan məhkum. Qırmanclama Açehdə müsəlman cinayət hüququnun ən mübahisəli müddəasıdır.

Müsəlman cinayət hüququnun müddəalarının tətbiq olunduğu yeganə İndoneziya əyaləti Açehdir. Açehdə müsəlman cinayət hüququ qısaca cinayət adlanır. Müvafiq qanunvericilik isə "İslam cinayət məcəlləsi" mənasını verən Qanun Cinayət və ya Hüküm Cinayət kimi adlandırılır.[1] İndoneziyanın əsas dünyəvi qanunlarının Açehdə tətbiq olunmasına baxmayaraq, İndoneziya əyalətlərə regional tənzimləmələr (perda) tətbiq etmək səlahiyyəti və İslam qanunvericiliyini həyata keçirmək üçün Açehə xüsusi muxtariyyət verdikdən sonra, Açeh əyalət hökuməti İslam cinayət hüququndan irəli gələn bəzi əlavə qaydalar qəbul etdi. Qanunvericiliklə qadağan edilmiş cinayətlərə alkoqollu içkilərin istehlakı, istehsalı və dövriyyəsi, qumar, zina, zorlama, nikahdankənar yaxınlıq və müəyyən homoseksual hərəkətlər daxildir. Cəzalar qırmanclama, cəriməazadlıqdan məhrumetmədən ibarətdir. Daşlama ilə bağlı müddəa nəzərdə tutulmamışdır: 2009-cu ildə həmin cəzanın qanunvericiliyə daxil edilməsi ilə bağlı təklifə qubernator İrvandi Yusuf tərəfindən veto verilmişdir. 2016-cı ildə Açehdə müsəlman cinayət hüququnun tətbiq olunduğu 324 birinci instansiya məkəmə işinə baxılmış və ən az 100 iş üzrə qırmanclama cəzası verilmişdir.

Müsəlman cinayət hüququnun tərəfdarları müvafiq hüququn tətbiq olunmasının qanuniliyini Açehə verilmiş xüsusi muxtariyyətlə izah edir və Açeh əhalisinin din azadlığı hüququ ilə əhatə olunduğunu bildirirlər. Amnesty International da daxil olmaqla bir çox tənqidçilər qırmanclamanın cəza kimi tətbiqinə, eləcə də nikahdankənar yaxınlığın kriminallaşdırılmasına etiraz edirlər.

Açehin xüsusi muxtariyyəti

[redaktə | mənbəni redaktə et]
Keçmiş Azad Açeh Hərəkatının əsgərləri (fotonun tarixi naməlumdur, ilk dəfə 1999-cu ildə dərc edilib). Açehdə iğtişaş sülh müqaviləsi və Açehə xüsusi muxtariyyətin verilməsi ilə nəticələnmişdir.

Açeh İndoneziyanın ucqar qərbində yerləşən əyalətdir. 2010-cu il siyahıyaalma göstəricilərinə əsasən, 4,49 milyon əhalisi var (bu da İndoneziyanın ümumi əhalisinin 1.8%-ni təşkil edir).[2] O, İndoneziyanın digər regionlarından özünün fərqli siyasi, dini və etnik mənsubiyyətinə görə fərqlənir. Əyalət hələ Açeh sultanlığı kimi müstəmləkədən əvvəl mövcud olmuş yerli dövlətlərin zamanında qurulmuşdur. Açehdəki müsəlmanlar ümumən İndoneziyanın digər ərazilərindən olan müsəlmanlardan daha dindardırlar və özlərinin müsəlman irsi ilə, əyalətə qazandırdıqları "Məkkənin verandası" (ind. serambi Mekkah) adı ilə qürur duyurlar.[3][4] Açeh əhalisinin 98%-dən çoxu müsəlmandır.[5]

Suxarto hökumətinin süqutundan sonra keçirilən islahatların nəticəsində İndoneziya yerli hökumətlərə daha çox səlahiyyət verdi.[6] Səlahiyyətlərin desentralizasiyası əsasən 1999 və 2004-cü illərdə qəbul edilmiş iki qanunla tənzimlənirdi.[6] Bu qanunlar yerli icraedici və qanunverici orqanlara, qanunların iyerarxiyasında daha yüksək hüquqi qüvvəyə malik qanun və qaydalarla ziddiyyət təşkil etmədiyi təqdirdə, qanun qüvvəsinə malik regional qaydalar (peraturan daerah və ya perda) qəbul etmək səlahiyyəti verirdi.[6] Açehdə qəbul edilən regional qaydalar perda deyil, qanun adlanır.[7]

Bundan əlavə, Açehə qismən də 1976-2005-ci illərdə əyalətdə baş qaldırmış iğtişaşa cavab olaraq xüsusi muxtariyyət verilmişdir.[8] Açehdə xüsusi muxtariyyət haqqında 2001-ci il tarixli 18 saylı İndoneziya qanununa əsasən, İslam qanunvericiliyini rəsmi olaraq tətbiq etmək səlahiyyəti də daxil olmaqla, əyalətə geniş səlahiyyətlər verildi.[9] Açehin idarəetməsi haqqında 2006-cı il tarixli 11 saylı qanunda İslam qanunvericiliyinin tətbiq edilməsinin Açeh hökumətinin hüquqi öhdəliyinin olması aydın ifadə edilmişdir.[4]

İndoneziyada İslam hüququnun statusu

[redaktə | mənbəni redaktə et]

Milli səviyyədə İndoneziyada fəaliyyətdə olan hüququn üç sistemi mövcuddur: mülki hüquq, kommersiya hüququ və cinayət hüququ. Açehdən kənarda İslam hüququnun təsiri mülki hüquqda nikah, vərəsəlik və dini ianələr (ind. vaqaf), kommersiya hüququnda isə İslam bankçılığının müəyyən sahələri ilə məhdudlaşır.[10] Mülki və kommersiya hüququnun digər mənbələrini Avropa məcəllələri və adət hüququ təşkil edir.[11] Cinayət Məcəlləsi (ind. Kitab Undang-undang Hukum Pidana) əsasən Niderland Hindi Cinayət Məcəlləsinə əsaslanır. Həmin məcəllə 1945-ci ilədək İndoneziyada hakimiyyəti həyata keçirmiş Niderland tərəfindən tətbiq olunurdu. İndoneziya Respublikası müstəqillik əldə etdikdən sonra bu məcəlləyə müəyyən əlavə və dəyişikliklər edilmişdir.[11] Açeh cinayət işləri üzrə müsəlman qanunlarını tətbiq edən yeganə İndoneziya əyalətidir.[1][12]

Hüquqi statusu

[redaktə | mənbəni redaktə et]

Müsəlman hüququnun müddəaları Açehdə məxsusi olaraq qanunlar vasitəsilə tətbiq olunur. Həmin qanunlar perda, yəni regional qayda hüquqi qüvvəsinə malikdirlər.[7] Müsəlman hüququnun tətbiq edilməsinin hüquqi əsası qismində həm də 2006-cı il tarixli 11 saylı qanun çıxış edir.[13] Qanun normativ hüquqi akt olan qanun hüquqi qüvvəsini almaq üçün Açeh parlamenti (ind. Dewan Perwakilan Rakyat Aceh) və qubernator tərəfindən təsdiq olunmalıdır.[14] İndoneziyanın dünyəvi xarakterli milli qanunvericiliyi əsas etibarilə Açehdə tətbiq olunsa da, qanunlar milli qanunvercilikdə əks olunmayan hüquq pozuntularını da ehtiva edir və bəzən də fərqli cəza nəzərdə tutur.[15] Qanunlar İndoneziya konstitusiyasına və milli qanunlarına tabedir və Ali Məhkəmə və Konstitusiya Məhkəməsi tərəfindən üzərində konsitusion nəzarət həyata keçirilir.[13] Bu hüquqi struktur onu bildirir ki, Açehdə müsəlman hüququnun bütün müddəaları deyil, yalnız qanunla müəyyən edilmiş normaları tətbiq olunur.[16] Bu həm də o deməkdir ki, qanunvericilik hakimiyyəti üləma (İslam alimləri) tərəfindən deyil, seçilmiş parlament və qubernator tərəfindən həyata keçirilir.[14]

Qanunvericilik tarixi

[redaktə | mənbəni redaktə et]
Qubernator İrvandi Yusuf (2007-2012-ci illərdə vəzifədə olmuşdur) daşlama cəzasını nəzərdə tutan 2009-cu il qanununa veto qoymuşdur.

Açehdə müsəlman cinayət hüquq institutunun başlanğıcı olduqca simvolik xarakter daşıyan 2002-ci il tarixli 11 saylı Qanunla qoyulmuşdur.[9] 2003-cü ildə növbəti qanunlar qəbul edildi: 12 saylı Qanun alkoqollu içkilərin istehlakını, 13 saylı qumarı, 14 saylı isə xəlvəti (həyat yoldaşı və ya qohumu olmayan əks cinsin nümayəndəsi ilə təkbaşına qalmaq) qadağan edirdi.[9] 2009-cu ildə Açeh parlamenti müsəlman cinayət hüququnun tətbiq dairəsini genişləndirən yeni qanunu təsdiqləsə də, həmin dövrün qubernatoru İrvandi Yusuf Qanunda öz əksini tapmış daşlama cəzasının əleyhinə açıq-aşkar çıxış edərək yeni qanunun imzalanmasından imtina etdi.[17] Qanunvericilik həm parlament, həm də qubernator tərəfindən təsdiqlənməni tələb etdiyindən həmin qanun qüvvəyə minmədi.[18][19] 27 sentyabr 2014-cü ildə Açeh parlamenti rədd edilmiş 2009-cu il qanunununu yednidən nəzərdən keşirən və daşlama müddəasını çıxaran yeni 6 saylı Qanun qəbul etdi.[19][20] Qubernator Zaini Abdullah 23 oktyabr 2014-cü ildə qanunu imzaladı və qanun 23 oktyabr 2015-ci il tarixdən qüvvəyə mindi.[20] Yeni qanun 2003-cü il qanunlarını əvəz etmişdir; onlardan fərqli olaraq 6 saylı Qanun müsəlman hüququ ilə cəzalandırılacaq cinayətlərin sayını və cəzaların ağırlıq dərəcəsini artırmışdır.[8][20][21] 2003-cü il qanunlarına görə, qırmanclamanın maksimum sayı 40 müəyyən edilmişdi: bu rəqəm praktikada nadir hallarda 12-yə artırılırdı. Lakin 2014-cü il qanununda qırmancların minimum sayı 10, maksimum sayı isə 150 nəzərdə tutulmuşdu.[20]

2018-ci ilin martında Açehin şəriət və insan haqları bürosu, qəsdən adamöldürmə kimi ağır cinayətlərə görə cəza olaraq ölüm cəzasının, xüsusilə də başkəsmənin tətbiqi ilə əlaqədar araşdırmalara və ictimai rəy verməyə başladı.[22]

Müsəlman cinayət hüququnun Açehdə tətbiqi ilə əlaqədar sonuncu qanun 2014-cü il tarixli 6 saylı Qanun Cinayətdir. Bu qanun alkoqollu içkilərin istehlakını və istehsalını (qanunda xəmər adlanır), qumarı (maisir), həyat yoldaşı və ya qohumu olmayan əks cinsin nümayəndəsi ilə təkbaşına qalmağı (xəlvət), nikahdankənar cinsi yaxınlığı (ixtilat), zinanı, cinsi istismarı (pələcəhan seksual), zorlamanı (pemerkosaan), kimisə səhvən zinada günahlandırmağı (qadzaf), kişilər arasında cinsi əlaqəni (livat) və lezbiyanlığı (musahaqah) kriminallaşdırır.[1][23][24]

Bu cinayətlərn törədilməsinə görə qırmanclama, cərimə və azadlıqdan məhrumetmə cəzaları tətbiq edilir.[23] Cəzanın ağırlıq dərəcəsi fərqlənir.[23] Ən yüngül cəza xəlvətə görə verilir: qırmanclama (maksimum 10 dəfə), 10 ay müddətinə azadlıqdan məhrumetmə və ya 100 qr qızıl miqdarında cərimə ilə cəzalandırılır.[25][26] Ən ağır cəza uşaqların cinsi istismarında təqsirləndirilən şəxslərə verilir: qırmanclama (150-200 dəfə), azadlıqdan məhrumetmə (150-200 ay) və ya cərimə (1,500–2,000 qr qızıl).[27][28] Hər bir iş üzrə hakimlər qırmanclama, azadlıqdan məhrumetmə və ya cərimə cəzalarını tətbiq etməkdə sərbəstdirlər.[28] Amnesty International-a görə, Qanun əsasında 2015-ci ildə 108, 2016-cı ilin oktyabr ayına qədər isə 100 qırmanclamanın tətbiq olunduğu cinayət işi olmuşdur.[1][25]

Qanun Açehdə müsəlmanlar və hüquqi şəxslər tərəfindən törədilən bütün cinayətlərə tətbiq olunur. Qeyri-müsəlmanlar tərəfindən törədilən cinayətlərə isə aşağıdakı halda tətbiq edilir: həmin hüquq pozuntuları İndoneziya Cinayət Məcəlləsi ilə tənzimlənmədikdə və ya müsəlmanın iştirakı ilə törədildikdə və qeyri-müsəlman könüllü olaraq müsəlman hüququnu seçdikdə.[23][29] 2016-cı ilin aprelində bir xristian qadın alkoqollu içki satdığına görə 28 dəfə qırmanclanmış və qanunla qırmanclama cəzası alan ilk qeyri-müsəlman kimi tarixə düşmüşdür.[1]

İslam hüququnun tətbiq olunduğu mülki və cinayət işlərinə baxan Açeh Şəriət məhkəmələri (ind. Mahkamah Syar'iyah)

Açehdə müsəlman cinayət hüququnu tətbiq edən əsas orqanlara üləma şurası (ind. Majelis Permusyawaratan Ulama), Vilayətül Hizbah (ingilis dilində ona şəriət polisi deyilir) və şəriət məhkəmələri (ind. Mahkamah Syar'iyah) daxildir.[30] Üləma şurası üləmalardan və "müsəlman alimləri"ndən təşkil olunub. Kağız üzərində üləma da hökumətlə birgə qanunvericiliyin hazırlanmasında iştirak etməkdə səlahiyyətlidir. Lakin o, bu səlahiyyətini həyata keçirə bilmir və əslində qanunvericilik Açeh parlamenti və qubernatorun ofisi tərəfindən hazırlanır.[31][14] Vilayətül Hizbah islam qanunvericiliyini pozan şəxsləri töhmət edir və onlara tövsiyə verir.[31] Bu qurumun şübhəliləri tutmaq və ittiham etmək səlahiyyəti olmadığından qanunu tətbiq etmək məqsədilə polis və prokurorluq orqanları ilə birgə işləməlidir.[31] Şəriət məhkəmələri həm İslam hüququ əsasında mülki işlər (boşanma, vərəsəlik kimi) üzrə, həm də qanunlar əsasında cinayət işi üzrə məhkəmə işlərinə baxır və qərar qəbul edir.[32] Bununla belə mülki işlər məhkəmələrdə ən çox baxılan işlər olaraq qalmaqda davam edir.[32] 2016-cı ildə məhkəmələrin icraatında birinci instansiya məhkəməsində baxılmaq üçün 324 cinayət işi və 15 apelyasiya şikayəti ilə müqayisədə 10,888 mülki iş üzrə birinci instansiya məhkəmə işi və 131 apelyasiya şikayəti mövcud idi.[33] Şəriət məhkəmələri geniş mənada İndoneziya hüquq sisteminin tərkib hissəsidir.[34] Onların qərarlarından Ali Məhkəməyə şikayət vermək olar. Məhkəmə sədri də daxil olmaqla, bütün hakimləri Ali Məhkəmə tərəfindən təyin olunur.[35]

Məhkəmə nəzarəti

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Cinayət Ədalət Mühakiməsi İslahatları İnstitutu tərəfindən 2014-cü il Qanunu ilə əlaqədar İndoneziya Ali Məhkəməsi qarşısında məhkəmə nəzarəti icraatı üzrə iş qaldırılmışdır. Şikayətçiyə görə Qanun daha yüksək hüquqi qüvvəyə malik sənədlərə uyğun deyil: belə ki, Milli Cinayət Məcəlləsində mümkün cəzaların içərisində qırmanclama nəzərdə tutulmur; 1999-cu il İnsan Hüquqları Qanunu və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt qırmanclamanı işgəncə forması və ya qəddar, qeyri-insani və alçaldıcı rəftar kimi qəbul edir; eləcə də Cinayət Prosessual Məcəllə cinayətin törədilməsinin sübuta yetirilməsi vəzifəsini təqsirləndirilən şəxsdən deyil, polisdən tələb edir və həmin Məcəllədə Allaha and içmək mötəbər sübut hesab olunmur. Bundan əlavə, şikayətçi iddia edirdi ki, Normayaratma haqqında Qanunun 7(1)-ci maddəsi əsasında Qanun "qanunların iyerarxiyası"na ziddir. Daha sonra iddia edilirdi ki, Qanun milli qanunlara bərabər tutulduğuna və buna görə də hüquq qaydasına və hüquqi müəyyənliyə zərbə vurduğuna görə Normayaratma haqqında 2011-ci il tarixli Qanunun 6(1)(i) maddəsini pozur.[36] Lakin şikayətin verildiyi dövrdə İndoneziya Konstitusiya Məhkəməsi sözügedən 7(1) maddəsi ilə bağlı sorğuya baxdığına görə, Ali Məhkəmə Konstitusiya Məhkəməsi haqqında Qanunun 55-ci maddəsin əsaslanaraq müvafiq şikayəti baxılmamış saxlamışdı.[37] Lakin bu qərar İndoneziyanın hüquq üzrə mütəxəssisi Saymon Butt tərəfindən tənqid edilmişdir: o hesab edirdi ki, Ali Məhkəmə şikayətə Qanunun digər yüksək hüquqi qüvvəsi olan sənədlərlə ziddiyyət təşkil etməsi hissəsində baxa bilərdi.[38]

Amnesty International qanunun icrasından "ciddi narahat olduqlarını" söyləmiş və onun bəzi müddəalarının ləğvinə çağırmışdır.[1] Təşkilat bildirir ki, qırmanclama işgəncə hesab edilə bilər və İndoneziya Konstitusiyasınabeynəlxalq insan hüquqları hüququna ziddir, həmçinin uzunmüddətli fiziki və əqli zədələrə səbəb ola bilər.[1] Bundan əlavə, təşkilat, şəxsi həyata olan hüququ əsas götürərək, nikahdankənar cinsi münasibətlərin kriminallaşdırılmasına da etiraz edir.[1] İndoneziya qadın hüquqları təşkilatı "Solidaritas Perempuan" iddia edirdi ki, qanunun müddəaları qadınların əleyhinə hazırlanıb və zorlama ittihamlarında mötəbər sübutun tələb olunması o deməkdir ki, zorlama cinayətini törədənlərin əksəriyyətinə bəraət verilir.[39]

Açehin Malikussaleh Universitetinin hüquqşünas müəllimi Həmdani qeyd edir ki, Açeh əhalisinin müsəlman qanunlarını din azadlığı kimi qəbul etmək hüququ var və Həmdani onun qanuniliyini Açehə İslam hüququnu qəbul etmək səlahiyyətini verən İndoneziya qanunları ilə əsaslandıraraq müdafiə edir.[40] Açeh İslam Şəriəti Agentliyinin sədr müavini Münəvər Cəlil qanunun müddəalarının insan hüquqlarını və Açehdə və İndoneziyada qüvvədə olan qanunvericiliyi pozması barədə tənqidləri qəbul etmir və əgər əksini iddia edirlərsə, tənqidçiləri məhkəmə nəzarəti icraatı qaydasında sorğu verməyə dəvət edir.[23]

  1. 1 2 3 4 5 6 7 8 Amnesty International. "Indonesia: Criminalization of consensual intimacy or sexual activity for unmarried couples in Aceh must end" (PDF). 2016-10-27. 2017-01-13 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-10-13.
  2. Hasil Sensus Penduduk 2010 Arxivləşdirilib 2020-10-20 at the Wayback Machine, Badan Pusat Statistik
  3. Uddin, 2010. səh. 615
  4. 1 2 Ichwan, 2011. səh. 184
  5. "Sensus Penduduk 2010, Penduduk Menurut Wilayah dan Agama yang Dianut, Provinsi Aceh" (indoneziya). Badan Pusat Statistik. 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-13.
  6. 1 2 3 Cammack, Feener, 2012. səh. 36
  7. 1 2 "Dasar Hukum Pelaksanaan Pemerintahan di Aceh" (indoneziya). Hukumonline. 2015-11-06. 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  8. 1 2 "Indonesia's Aceh province: Laying down God's law". The Economist. 2014-02-15. 2017-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  9. 1 2 3 Cammack, Feener, 2012. səh. 38
  10. Cammack, Feener, 2012. səh. 28–29
  11. 1 2 "Legal System" (PDF). ASEAN Law Association. 2016-03-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13.
  12. Munawir, Reza. "Indonesia's Aceh province enacts Islamic criminal code". Reuters. 2015-10-23. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-13.
  13. 1 2 "Keabsahan Ketentuan Pidana dalam Qanun Pemerintah Aceh" (indoneziya). Hukumonline. 2013-05-06. 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  14. 1 2 3 Ichwan, 2011. səh. 212
  15. "Pluralisme Sistem Hukum di Aceh". hukumonline.com/klinik. 25 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2019.
  16. Ichwan, 2011. səh. 199
  17. Ichwan, 2011. səh. 211
  18. Ichwan, 2011. səh. 183–184, 211
  19. 1 2 "Aceh fully enforces sharia". The Jakarta Post. 2014-02-07. 2018-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  20. 1 2 3 4 Warsidi, Adi. "Qanun Jinayat Kini Berlaku, Hukuman Cambuk Lebih Berat" (indoneziya). Tempo. 2015-10-23. 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  21. "Qanun Hukum Jinayah, Kitab Pidana ala Serambi Mekkah" (indoneziya). Hukumonline. 2015-02-09. 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  22. B, Associated Press in; Aceh, a. "Indonesian province considers beheading as murder punishment". the Guardian (ingilis). 2018-03-14. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-14.
  23. 1 2 3 4 5 Simajuntak, Hotli. "'Qanun Jinayat' becomes official for all people in Aceh". The Jakarta Post. 2015-10-13. 2019-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
  24. Qanun Aceh No. 6 of 2014, Arts 1 and 3
  25. 1 2 "Perda Jinayat Aceh terus dikecam" (indoneziya). BBC Indonesia. 2015-10-23. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
  26. Qanun Aceh No. 6 of 2014, Art 23
  27. Qanun Aceh No. 6 of 2014, Art 50
  28. 1 2 Warsidi, Adi. "Qanun Jinayat: Hukuman Pemerkosa Anak, Cambuk 200 Kali" (indoneziya). Tempo. 2015-10-27. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-15.
  29. Qanun Aceh No. 6 of 2014, Art 5
  30. Cammack, Feener, 2012. səh. 39
  31. 1 2 3 Cammack, Feener, 2012. səh. 40
  32. 1 2 Cammack, Feener, 2012. səh. 42
  33. Mahkamah Syar'iyah Aceh, 2017. səh. 34–36
  34. Cammack, Feener, 2012. səh. 41
  35. Cammack, Feener, 2012. səh. 41–42
  36. Butt, 2019. səh. 15
  37. Butt, 2019. səh. 15-16
  38. Butt, 2019. səh. 17
  39. "Setahun Diberlakukan, Qanun Jinayat Aceh Diminta Dikaji Ulang" (indoneziya). Kompas. 2016-10-23. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-16.
  40. Hamdani, 2013. səh. 89

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]