Aşıq Mahmud Məmmədov

Mahmud Qasım oğlu Məmmədov (22 may 1935, Ağbulaq30 iyul 2020, Bakı) — Əməkdar mədəniyyət işçisi, yaradıcı və ifaçı aşıq, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü (2007-2020), Prezident təqaüdçüsü (2008-2020).[1]

Aşıq Mahmud Məmmədov
Mahmud Qasım oğlu Məmmədov
Təxəllüsü Aşıq Mahmud Qasımoğlu
Doğum tarixi 22 may 1935(1935-05-22)
Doğum yeri
Vəfat tarixi 30 iyul 2020(2020-07-30) (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, aşıq
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Aşıq Mahmud Məmmədov 22 may 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb.[2] 1946-cı ildə ailəliklə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüblər və hazırda öz övladları, qohumları ilə həmin kənddə yaşayır.[3]

Mahmud Qasım oğlu Tovuzda 7 illik təhsilini başa vurandan sonra aşıq sənətinə ciddi maraq göstərib və o vaxtlar Tovuz-Gəncəbasar bölgəsində böyük nüfuzu olan ustad aşıq Vəli Qaraxanlının yanına şəyirdliyə verilib. Bir il ustadın yanında qalandan sonra 1950-ci ildən əmisi oğlu Aşıq İmran Həsənovdan təxminən 12 ilə yaxın sənət dərsi alıb.

1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Elə həmin ildə gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və ümumdünya festivallarında laureat adını qazanıb.

Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadi çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi “Abbas-Gülgəz” dastanı ona böyük şöhrət gətirib.[4]

Aşıq Mahmud dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən incəsənət görüşlərində fəal iştirak etmiş, ifaçılığına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur (1975). Aşıqların III, IV, V və VI qurultaylarının iştirakçısı olmuşdur. Onun söylədiyi “Koroğlu” və “Abbas və Gülgəz” dastanları Azərbaycan Televiziyasının “qızıl fondu”nda saxlanılır.[5]

Aşıq Mahmud 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında Atatürk qızıl medalına layiq görülüb. Prezident təqaüdçüsüdür. 2007-ci ildə “Hörmət olan yerdə, məhəbbət olar” adlı şeirlər kitabı çap olunub. Kitabda aşığın müxtəlif illərdə qələmə aldığı divanilər, gəraylılar, qoşmalar, deyişmələr, müxəmməslər, xatirə-rəvayətlər və aşığa həsr olunan şeirlər toplanıb.

Dəfələrlə beynəlxalq folklor və aşıq festivallarının laureatı olmuşdur (1959, 1978, 2010, 2014). Fransa, Avstriya, Rusiya, Türkiyə, İran və başqa ölkələrdə qastrol səfərlərində olmuş və Azərbaycan aşıq sənətini ləyaqətlə təmsil etmişdir.

2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü idi.

Anadan olmasının 70, 75 və 80 illiyi təntənəli şəkildə qeyd edilmişdir.

  • “Hörmət olan yerdə, məhəbbət olar”, Bakı, “Nurlan”, 2007-ci il.
  • “Allah qəlbə görə verir”. Bakı, “Şur” 2011, 184 səhifə + 8 səhifə şəkil.
  1. DÖVLƏTİN VƏ XALQIN BÖYÜK QİYMƏT VERDİYİ USTAD AŞIQ[ölü keçid]. "Ozan dünyası" jurnalı, №2(23). 2015.
  2. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  3. Hüseynov, F. Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi qeyd olundu: [Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında] //Mədəniyyət.- 2015.- 29 aprel.- S.2.
  4. "Aşıq Mahmud. 12.07.2010". 2011-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-03.
  5. Ustad aşıq Mahmud Məmmədov vəfat edib Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine 30-07-2020