Aşur Hüseynov

Aşur Hüseynov (1920, Ağdam) — 1945-ci ildə "Bunker" əməliyyatında SSRİ xüsusi təyinatlı zəbt qrupunun tərkibində döyüşmüş ilk azərbaycanlı.

Aşur Hüseynov
Doğum tarixi 1920
Doğum yeri

Bir günlük tələbə

[redaktə | mənbəni redaktə et]

Aşur Hüseynov 1920-ci ildə Ağdam rayonunda anadan olub.

Ailələri 1930-cu ildə o vaxtkı Karyagin – indiki Füzuli rayonuna köçüb.

Füzulidə orta təhsil alıb və 1941-ci ildə Bakı Dövlət Universitetinə daxil olub.

Universitetə daxil olduğu xəbərini valideynlərinə çatdırar-çatdırmaz Almaniyanın SSRİ-yə hücum etdiyi və müharibənin başlanıldığı rəsmən elan edilir. A. Hüseynov universitetə yalnız bir gün gedə bilir. Onu və yoldaşlarını hərbi komissarlıq Bakıdan Uzaq Şərqə göndərir. Orta məktəbi malakanların məktəbində oxumuş Aşur Hüseynov rus dilində sərbəst danışa bildiyindən yoldaşlarından fərqli olaraq əsgərliyin ilk günləri onun üçün problemsiz ötüşür. İlkin təlimlərdən sonra gənclər müxtəlif qoşunlara bölürlər. Canlı-cüssəli və savadlı olması, eyni zamanda rus dilini yaxşı bilməsi nəzərə alınaraq, A. Hüseynov və bir neçə əsgər Uzaq Şərqdən Qazaxıstana göndərilir. Burada onlar xüsusi təyinatlı batalyonun tərkibinə verilir. Bir müddət səhra və dağ şəraitində ağır təlimlər keçirlər: "Təlimlər çox ağır idi. Təlimlərimizi Baş Qərargahın yüksək rütbəli zabitləri özləri bilavasitə izləyir, nəzarətdə saxlayırdılar. Mənimlə bir yerdə olan iki azərbaycanlıdan biri özünə silahdan atəş açaraq intihar etmək istədi. Ancaq ölmədi. Onu yaralı halda komandir şəxsi heyətin qarşısında güllələdi. Təlimlərə dözə bilməyib qaçanlar da olurdu. Təbii ki onlar da müharibə şərtlərinə uyğun mühakimə olunur və güllələnirdilər".

A. Hüseynov səhra təlimlərindən əlavə alman dilini də az zamanda öyrənir. 1943-cü ilin yayında onları öncə Moskvaya gətirirlər. Burada xüsusi təyinatlılar dəstələrə bölünür və cəbhənin müxtəlif istiqamətlərində diversiya əməliyyatlarının təşkilinə cəlb olunurlar. A. Hüseynovun daxil olduğu dəstə ilk dəfə döyüş üçün təyyarə vasitəsilə Ukraynanın qərbinə atılır. Burada indiki Ukrayna və Belarusun bəzi rayonları ərazisində infrastrukturu sıradan çıxarır, almanların cəbhəyə əsgər və texnika daşıyan eşelonlarını partladırlar. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, baş serjant A. Hüseynov xüsusi təyinatlı dəstənin komandiri təyin olunur, ona vaxtından əvvəl zabit rütbəsi verilir. Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) tərkibinə daxil olun bu dəstələrdən birinə komandirlik edən A. Hüseynova DTK sədri Lavrenti Beriya tərəfindən xüsusi təşəkkür təqdim olunur.

1944-cü ilin noyabrında A. Hüseynovun dəstəsi də daxil olmaqla 17 "otryad" yenidən formalaşdırılır. İtkilərin yeri doldurulur, dəstələrə öncə 15 gün istirahət verilir. Daha sonra Şimali Qafqazda onlar yenidən, şəhər döyüşləri üçün təlimlər keçməyə başlayırlar. 1945-ci ilin fevral ayında xüsusi təyinatlı bir neçə batalyon artıq mühasirə vəziyyətində olan Berlin civarına dislokasiya olunur.

A. Hüseynov deyir ki, onların batalyonunda ən aşağı rütbəli döyüşçü serjant olub. Batalyona Moskvadan xüsusi göstəriş olmadan cəbhədə vəziyyət necə olur-olsun döyüşə girməmək tapşırığı verilir. Buna görə də batalyon ön cəbhədəki hissələrdən bir qədər arxada saxlanılır, yalnız hər gün zabit heyəti kəşfiyyat məlumatları əsasında xəritə üzərində təlimatlandırılır: "Burada biz sovet ordusunun itkilərinin şahidi idik. Berlin güclü müdafiə olunurdu. Stalinqraddan da güclü müdafiə təşkil olunmuş, istehkamlar, DOT-lar yaradılmışdı. Müttəfiqlərimiz olan ingilis və amerikanlar almanları əsasən artilleriya və aviasiya atəşi ilə yormaq, itkiləri artırmaqla təslimçiliyə sövq etmək istəyirdilər. Buna görə də onlar açıq döyüşə girmirdilər. Lakin sovet qoşunlarına hər nə bahasına olursa-olsun, Berlini tezliklə almaq tapşırığı verilmişdi. Əslində Berlində hər bina, hər küçə, hər metr torpaq uğrunda qanlı döyüş gedirdi. Almanlar sona qədər döyüşür, təslim olmamaq üçün hətta özlərini öldürürdülər. Artıq bizdə olan məlumata görə, onlar 12–15 yaşlı uşaqları da döyüşlərə cəlb edirdilər. Bu uşaqlar sovet ordusuna çox ağır zərbə vururdular. Aprel ayının 14-də almanlar bizim ordunun bir batalyonunu aldadıb Berlin metrosunun tunelinə salmış, sonra da giriş-çıxışı bağlayıb, onları zəhərli tüstü ilə məhv etmişdilər. Amma əmr əmr idi. Geri çəkilmək olmazdı".

Aprelin 19-da Hitlerin uşaqlardan yaratdığı bölük bunkerin yaxınlığındakı bağda sovet ordusunun motoatıcı rotalarından ikisini tam şəkildə məhv edir.

Aprelin 26-da A. Hüseynovgilin iki batalyonunun zabitləri qərargaha çağırılır. Moskvadan gəlmiş Popov familiyalı polkovnik onları təlimatlandırır və sabahı "Bunker" əməliyyatına start verilir.

"Bunker" əməliyyatı

[redaktə | mənbəni redaktə et]

A. Hüseynovun sözlərinə görə, əməliyyata cəlb olunan bütün dəstələrdə hər manqaya DTK-nın Moskvadan gəlmiş bir zabiti daxil edilir. Əməliyyat planı barədə dəstə komandirlərinə yalnız belə məlumat verilir ki, faşist komandirlərinin gizləndiyi bunker zəbt olunmalı, oradakı heyət mümkün olduğu qədər əsir götürülməlidir: "Bizə həmin bunkerlərdə Hitlerin olub-olmaması barədə heç nə deyilməmişdi. Orada müdafiə naziri Rozenberqin, Göbbelsin, həkimlərin, kəşfiyyat nazirinin və bir neçə yüksək rütbəli generalın, xüsusilə də ordu komandanı Keytelin olduğunu deyirdilər. Eyni zamanda, tapşırılmışdı ki, bunker zəbt olunduqda dərhal sənədlər və avadanlıqlar oradan çıxarılmalıdır. Bunkerə bizim dəstələrdən başqa girən həm sovet əsgərləri, həm də xarici kəşfiyyat bölmələri də məhv edilməli idi".

Xüsusi təyinatlı dəstələrin ilk əməliyyatları uğursuz olur. Onlar bunkerin xəritə üzərindəki girişlərini tapmaqda çətinlik çəkirlər. Şəhərin mərkəzi bombardman nəticəsində uçub dağıldığından bu girişlər dağıntılar altında qalır. Hücuma keçən sovet ordusunun bir taqımı təsadüfdən almanların bir zirzəmiyə girib-çıxdığıı görüb ora hücum etsə də taqım tam məhv edilir. Sovet qoşunlarının iki tankı da vurulur.

Bundan sonra, mayın 1-də xüsusi təyinatlı dəstələr həmin ərazi üzərində girişlərin yerini təyin edir və bir girişdən bunkerə daxil olurlar: "Bunker əslində metro tunelinə bənzər, betonlanmış yeraltı yaşayış məskəni idi. Elektriklə işıqlandırılırdı. Burada bayırda atılan bombaların yalnız zəif titrəyişini duymaq olurdu. Biz elə girişdəcə ciddi müqavimətlə üzləşdik. Alman əsgər və zabitləri bunkerin girişində barrikada düzəldib atışmaya başlayır. İlk arakəsmənin götürülməsi çox ağır oldu. Mən orada 31 nəfərlik dəstəmdən 12 nəfəri itirdim. Orada polkovnik-leytenant və kapitan rütbəli 18 alman zabiti vardı. Aralarında qadınlar da vardı. İkisi yaralı idi. Əsir götürmək istədik amma özlərini vurdular. Sonradan bunkerlə bağlı kinolara baxanda mənə gülməli göründü. Guya bunker müqavimətsiz təhvil alınıb. Əslində elə olmadı. Bunker mayın 1-dən 5-dək müqavimət göstərdi. Yerin altında bunun nə olduğunu düşünmək lazımdır. Hansı ki bu döyüşlər demək olar ki zabitlər arasında getdi. Əsasən avtomat və qumbaralardan istifadə edilirdi".

Sonrakı günlərdə ciddi müqavimətlər qarşısında sovet xüsusi təyinatlıları bunkerin otaqlarını zəbt etməyə başlayır. A. Hüseynov deyir ki, bu zaman almanlar ələ keçməsin deyə əksər sənədləri məhv etməyə başlayırlar. Eyni zamanda bəzi otaqlara daxil olduqda oradakı zabitlərin sianid içərək intihar etdikləri məlum olur.

"Bunkerin bəzi hissələrində otaqlardan bir-birinə qapılar açılırdı, labirintə bənzəyirdi. Bu yerdə bizim iki dəstə qaranlıqda bir-biri ilə qarşılaşıb atışmış və çoxlu itki vermişdilər. Bir dəstənin komandiri vardı. Milliyyətcə kalmık idi. O da ölmüşdü. Amma sonradan o biri dəstənin komandiri təltif olundu və heç kim cəzalandırılmadı. Belə bir şey bizim təlimatlarımızda nəzərə alınmışdı. Artıq mayın 3-də mənim dəstəmdə cəmi 6 nəfər qalmışdı. Biz milliyyətcə tatar olan Xubanov soyadlı bir mayorun dəstəsinə birləşdik. Həmin gün bunkerin əsas sənədlər saxlanılan otağını zəbt etmişdik. Orada müasir rabitə avadanlığı da vardı. Radist müqavimət göstərə bilməyib, təslim oldu. Qərargahdan gələn zabitlər oradakı seyfləri bayıra daşıyıb, harasa apardılar. Həmin gün bunkerdən qaçmağa cəhd göstərən 8 faşist generalını həbs etməyə nail olduq. Onlardan biri elə əlimizdə ikən saxladığı zəhəri içib özünü öldürdü. Qalanlarını isə müharibədən çox sonralar, Nrünberq məhkəməsinə dair çəkilmiş sənədli filmdə gördüm".

A. Hüseynov nə bunkerdə, nə də bayırda Hitlerin və həyat yoldaşının meyitinə rast gəlmədiklərini deyir: "Bayırda bomba çalasının içində qismən yanmış bir kişi və qadın meyiti vardı. Onu da bizim dəstə götürüb tabuta qoydu və həmin cəsədlər Moskvaya yola salındı. Yadımdadır, əsir götürdüyümüz bir alman həkim meyitlərin Göbbels və həyat yoldaşı olduğunu deyirdi. Hitler və yoldaşının intihar etdikləri desələr də, mən şəxsən onların meyitlərinə və ya cəsədlərinin qalıqlarına rastlaşmadım. Biz bunkerdə təxminən 70 alman zabitini əsir götürdük. Onların arasında ordu generalları ilə yanaşı, SS generalları da vardı. O generallardan bayaq dediyim də daxil olmaqla, 4–5 nəfər intihar etdi. Amma qalanları xüsusi istintaq qrupuna verildi. Bunkerdə ölən almanların sayı isə 150-dən çox idi. Onlar ya müqavimət göstərib həlak olmuşdular, ya da zəhər içərək. Onların hamısı ümumi əsgəri qəbiristanlıqda, elə bizim əsgərlərlə bir məzarda dəfn edildilər".

Müttəfiqlər haradan peyda oldu

[redaktə | mənbəni redaktə et]

Sovet xüsusi təyinatlıları Hitlerin bunkerində döyüş apardıqları vaxt müttəfiq kəşfiyyatı bunkeri ələ keçirmək üçün xüsusi əməliyyata başlayır. Lakin bu, gecikmiş əməliyyat olur. Amerikan və ingilis xüsusi təyinatlıları bir alman zabitinin bələdçiliyi ilə bunkerə daxil olduqda artıq sovet xüsusi təyinatlıları 6 otaqlı və 4 zallı bunkeri cəmi 4 otağı istisna olunmaqla demək olar ki zəbt etmişdi. Ayrılıqda fəaliyyət göstərən müttəfiqlərin dəstələri isə mayın 4-də bir zalda üz-üzə gəlir və bu atışmada hər iki tərəf ağır itkilər verir. Lakin sovet qüvvələri üstünlük qazanaraq, bir ingilis zabitini əsir götürdükdən sonra vəziyyət aydın olur: "Mən o döyüşdə iki yerdən yüngül yaralandım. Biz müttəfiqlərin zəbt etdiyi zallara daxil olanda orada güllə izləri və partlayış nişanələri istisna olunmaqla nə ingilislərin öldürdükləri almanların meyitlərinə, nə də digər əşyalara rast gəlmədik. Müttəfiqlərimiz bütün sənədləri və avadanlıqları bizim kimi oradan çıxarmışdılar. Orada nə baş verdiyini bu günə qədər anlaya bilmirəm. Bu bölmədə dəmir və arasına qum doldurulmuş qapılı iki yataq otağı və iş kabineti vardı. Həmin otaqları ingilislərdən və bizimkilərdən təşkil olunmuş bir qrupun mühafizəsinə verdilər. Otaqlarda nə vardı, bilmirəm. Amma sonrakı günlərdə amerikanlar, ingilislər və bizim zabitlər o otaqlarda xeyli araşdırmalar apardılar. Maraqlısı odur ki həmin mühafizə qrupunun əsgərləri araşdırmalar başa çatandan sonra elə bunkerdəcə kimlərinsə tərəfindən öldürülmüşdülər".

Müharibə başa çatandan sonra, A. Hüseynov 1945-ci ilin noyabr ayında ordudan tərxis olunub. Artıq bu zaman o, 9 orden və medalla, Beriya və Stalindən üst-üstə 7 təşəkkürlə təltif olunmuşdu. Öncə ona DTK sıralarında qalıb işləmək təklif olunsa da, qardaşının müharibədə həlak olması, atasının dünyasını dəyişməsi, kənddə anası və bacısının tənha qalması səbəbindən Azərbaycana qayıdır. Bu zaman ona xidmət dövründə, xüsusilə də "Bunker əməliyyatı" ilə bağlı hadisələri heç bir yerdə danışmamaq barədə öhdəçiliyə imza atdırılır. Azərbaycana qayıtdıqdan bir il sonra ali təhsilini davam etdirib. Hüquq-mühafizə orqanlarında və partiya strukturlarında çalışıb.