Abdı bəy Şamlı və ya Əbdi bəy Şamlı (XIV əsr – 1524) — Şamlı tayfasına mənsub qızılbaş əmiri, Herat hakimi. Anonim müəllif tərəfindən qələmə alınan “Tarix-i Qızılbaşan” əsərində onun haqqında yazılır:
Abdı bəy Şamlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | 1524 |
Vəfat səbəbi | Şir Sarom ilə baş verən döyüşdə yaralanaraq vəfat etdi. |
Fəaliyyəti | hərbi lider[d] |
Uşağı |
Durmuş xan Şamlı Hüseyn xan Şamlı |
Hərbi xidmət | |
Döyüşlər |
Şərur döyüşü Almaqulağı döyüşü |
Rütbəsi | Təvaçi |
“Abidin bəy Sarıtərcandan Şam şəhərlərindən olan 200 cavanla I Şah İsmayılın hüzuruna gəldi və o, həzərətin diqqətini cəlb etdi. Bütün əmirlərdən seçildi və Əmir xandan sonra Herat hakimi oldu və 931-ci ildə dünyadan köçdü. Fərmana görə qardaşı Herat hakimi təyin edildi.” [1] Bəzi mənbələrdə isə Əbdi bəy Şamlının 1506-1507-ci ildə Mükri bölgəsinin hakimi Şir Sarom ilə olan döyüşdə öldürüldüyü haqqında məlumatlar öz əksini tapmışdır.
Şamlılardan Əbdi bəy ilk dəfə Sarıtərcanda Şam ərazilərindən 200 nəfərlik qoşunla I İsmayılın xidmətinə qoşulmuşdu.[1] “Tarix-i Cahaqoşayi Xaqan” əsərinin müəllifi isə onun 1500-1501-ci ildə İsmayıl Ərzincanda olarkən 300 Şamlı döyüşçü ilə gəlib onun dərgahına qoşulduğunu yazır. Sonuncu məlumat İsgəndər bəy Münşinin Tarix-i Aləmara-yi Abbasi əsərində də öz əksini tapır:[2]
“Hər gün iradət sahibləri Keyhan calallı orduya qoşulurdular. ...Göyçə-dənizə təşrif apardı və daha sonra Ərzincana getdi. Orada Şamdan, Diyarbəkrdən, Sivasdan, Bayburddan və o hüduddan üç-dörd min nəfərədək sufi və əqidə sahibləri ali taxtın ətəyinə gəldilər. O cümlədən Əbdi bəy Şamlu 300 nəfərlə və Xan Məhəmməd Ustaclu böyük dəstə ilə aləmin pənahı olan dərgahın qulluğuna hazır olub, xidmət göstərmək səadətinə nail oldular və İsmayılın razılığını qazandılar.”
İsmayıl Mirzə Ərdəbili tərk etmədən əvvəl ən yaxın əmirlərindən olan Əbdi bəy Şamlını və Hüseyn bəy Lələni yanına çağırıb onlarla məşvərət edir. Qızılbaş əmirləri də ona bildirirlər ki, İsmayıl Mirzə necə məsləhət bilsə və necə qərar qəbul etsə onlar da bu qərarla razılaşacaqlar. İsmayıl Mirzə də bir xeyli fikirləşdikdən sonra təklif edir ki, əvvəlcə Gürcüstan üzərinə hərəkət edilsin, oradakı kafirlərə qarşı mübarizə aparılsın. Qızılbaş əmirləri isə İsmayıl Mirzənin ətrafında olan hərbi qüvvələrin azlığını nəzərə alaraq belə təklif edirlər ki, əvvəlcə Sultan Heydər kimi yürüşdən qabaq ətraf bölgələrə müraciət edilsin, təriqət tərəfdarları mübarizəyə çağırılsın və onlar da mürşid ətrafında toplandıqdan sonra zalimlər üzərinə yürüş təşkil edilsin. İsmayıl Mirzə Əbdi bəylə Hüseyn bəyin bu təklifi ilə razılaşır və Azərbaycana eləcə də İraqa adamlar göndərib hər kəsi öz bayrağı altında toplanmağa çağırır. Nəticədə Qaradağ və Göyçə istiqamətində yürüşə başlayır.[3]
İsmayıl Mirzə Göyçə ətrafında olarkən burada Cahanşahın törəmələrindən biri olan Sultan Hüseyn Baraninin məskunlaşdığını, qoşun toplayıb Ağqoyunlu hakimiyyətini təhdid etdiyini eşitdi. Sultan Hüseyn Barani isə İsmayıl Mirzəni özünə müttəfiqliyə cəlb etmək istəyirdi. Belə ki, Sultan Hüseyn Barani Azərbaycan üzərində hakimiyyəti özünün haqqı sayırdı. Amma bu haqqın rəsmiləşdirilməsi üçün onun qüvvələri yetərincə deyildi və sərəncamında olan qüvvələrlə Əlvənd Mirzənin üzərinə qoşun çəkməyə cəsarət etmirdi. Ona görə Sultan Hüseyn Barani bölgədə talanlarla məşğul olmaqla yanaşı özünə müttəfiq də axtarırdı ki, qüvvələrini böyüdərək Əlvənd Mirzə üzərinə qoşun çəksin.[4] “Tarix-i Aləmara-yi Şah İsmayıl” əsərinin müəllifi yazır ki, Sultan Hüseyn Barani hərəkətə başlamadan əvvəl yaşlılarla məşvərət etdi. Ağsaqqallar da belə məsləhət verdilər ki, İsmayıl Mirzəni qarşılamaqla ona böyük mehribanlıq göstərilsin və sonra onu aldatmaqla ziyafətə qonaq çağırılsın. Təklif edilirdi ki bu ziyafət zamanı zəhər verməklə onun həyatına son qoyulsun və sonra da onun qoşunlarına rəhbərlik ələ keçirilsin. Güman edilirdi ki, qızılbaş qoşunlarına nəzarət ələ keçirilsə qarşıya qoyulan məqsədə də çatmaq mümkün olacaqdır. Lakin Əbdi bəy Şamlı da daxil olmaqla İsmayılın əmirləri Sultan Hüseyn Barani ilə eyni ərazidə qonaqlamağın xeyirlə nəticələnməyəcəyini anlayıb İsmayıl Mirzəyə məsləhət gördülər ki, gecə ilə qoşunlarını toplayıb ərazidən çəkilsin.[5] Hüseyn Barani əmin olanda ki, İsmayıl Mirzənin bölgəni tərk etməsinin qarşısını almaq mümkün deyildir, onda son xahiş kimi, İsmayıl Mirzəni, onun əmirlərini qonaqlığa dəvət etdi. Əbdi bəy Şamlı, Hüseyn bəy Lələ və bir digər əmirlər İsmayıl Mirzənin bu qonaqlığa getməsini məqsədəuyğun saymadılar. Nəticədə Əbdi bəy Şamlı, Xadim bəy Xüləfa, Hüseyn bəy Lələ və bir neə əmir İsmayıl Mirzənin yerinə bu qonaqlığa yollandılar. Adları çəkilən əmirlər İsmayıl Mirzənin xəstələndiyi üçün qonaqlığa gələ bilmədiyini çatdırdılar.[6] Sufi əmirləri bu qonaqlıqdan geri qayıdan kimi İsmayıl Mirzədən dərhal hərəkət edilməsinə hazırlıq üçün icazə istədilər. Görünür, onlar Sultan Hüseynin pis niyyətdə olmasına bir daha əmin olmuşdular. Həmin gecə İsmayıl Mirzə öz dəstəsi ilə bölgəni tərk etdi.[7]
Əbdi bəy Şamlı 1501-ci ildə baş verən Şərur döyüşündə də Şah İsmayılın yanında olan əmirlərdən biri idi. Əlvənd Mirzə bu döyüşdə böyük bir məğlubiyyətə uğradıldı. Şərur döyüşündə qalib gələn İsmayıl Mirzə Təbrizə daxil olub özünü şah elan etdi. Şah İsmayıl Təbrizi fəth edərkən Əbdi bəy Şamlı da onun yanında idi.[8]
Şah İsmayıl yeni bir dövlətin təməlini qoyandan sonra onun qarşısında bu dövlətin əsaslarının möhkəmləndirilməsi kimi bir vəzifə dayanırdı. Bəzi mənbələrdə Əbdi bəy Şamlının Şərur döyüşündən sonra Təvaçi (hərbi dəstələri əlaqələndirən məmur) vəzifəsinə təyin edildiyi qeyd olunub.[9]“Rövzətüs-Səfəviyyə” əsərinin müəllifi yazır ki, bu döyüşdən sonra Əbdi bəy Təvaçi dövlətin sipəhsaları vəzifəsinə layiq görüldü.[10]
Əbdi bəy Şamlı 20 iyun 1503-cü ildə Həmədan yaxınlığında Ağqoyunlu Murad Bayandur ilə baş verən döyüşdə Səfəvi ordusunda döyüşürdü.[11]O, Abdal bəy Dədəi ilə birlikdə sağ cinahda yerləşmişdi.[12]
1503-cü ilin sonlarında bəzi Ağqoyunlu əmirləri, Mazandarandakı Firuzkuh, Dəmavənd, Xəvar, Simnan və Rüstəmdar ərazilərinin hakimi Əmir Hüseyn Kiya Çəlavi yerli hakimlərə qarşı təhlükə törətməyə başlamışdı. Səfəvi hakimiyyətini tanımaqdan imtina edən Çəlavi, Şah İsmayıl üçün təkcə siyasi deyil, dini-ideoloji baxımdan da təhlükəli opponent idi.[13]
Çəlavinin açıq meydanda qızılbaş qoşunları üzərinə hücumu Firuzkuh dağ keçidində baş vermişdi. Həsən bəy Rumlu bu barədə yazır:[14]
“Adlısanlı əmirlərdən Əbdi bəy Təvaçı öz qoşununda olan bir dəstə şamlı ilə, divan əmiri (əmiri-divan) Bayram bəylə və Bəhram [kimi] intiqamçı olan digər dilavərlərlə birlikdə hərb və qırğın qılıncını kin qınından sıyırıb mərdlik və igidlik nümayiş etdirdilər. Dava zamanı Əbdi bəy ox yarası aldı. O dar yer qaniçən qılıncları işə salmaq üçün münasib meydan deyildi. Ona görə də dilavərlər məqsədlərinə nail ola bilmədilər və o mövqeyi azğınlar zümrəsindən azad etməyi bacarmadılar.”
Bu zaman Çəlavinin bacısı oğlu Kiya Şərəfin başçılığı ilə qorunan Övlad qalası Əbdi bəy Şamlı və Bayram bəy Qaramanlı rəhbərliyində qoşun tərəfindən mühasirəyə alınmışdı.[15]1504-cü ilin payızında Şah İsmayıl Savucbulağ yaylağından İsfahana gəldikdən sonra məlumat aldı ki, bir il öncə Səfəvi hakimiyyəti altına keçən Əbərqu hakimi və İranın kərrəhi tayfasının başçısı Rəis Məhəmməd Kərrə qiyam qaldırmışdır. 1504-cü ilin dekabr ayında Əbdi bəy Şamlının oğlu Durmuş xan Şamlı Yəzd şəhərini ələ keçirdi. Yəzdin fəthindən sonra Əbdi bəy Şamlının başçılıq etdiyi qızılbaş qoşunu Əbərqunu zəbt etdi. Məhəmməd Kərrənin oradakı canişini Rəis Qeybi qətlə yetirildi.[16]
"Aləmara-yi Səfəvi" və "Aləmara-yi Şah İsmayıl" əsərlərində Mükri tayfası hakimi Sarom xan Mükrinin üsyanı zamanı tərəflər arasında baş verən döyüşdə Durmuş xan və atası Əbdi bəy Şamlı haqqında məlumatlara rast gəlmək mümkündür.[17]Döyüşün ilk günü qızılbaş qoşunlarının qalibiyyəti ilə sona çatır. Buna baxmayaraq şahzadə İbrahim Mirzə yaralanır. Döyüşün gedişatı Şah İsmayıl tərəfindən izlənilirdi və Səlmas ətrafında nə baş verməsindən onun xəbəri var idi. Burada qızılbaş qoşunlarının mürəkkəb vəziyyətlə qarşılaşdığını bildiyindən Şah İsmayıl sonradan Əbdi bəy və oğlu Durmuş xan Şamlının rəhbərliyi altında 6 min nəfərlik bir qoşun dəstəsini də Sultan İbrahimin köməyinə yolladı.[18]İkinci gün Sarom xan yenidən döyüş meydanına enir və tərəflər öz yerlərini tuturlar. Sarom xanın oğlu Ərduvan bəy atasından icazə alıb meydana çıxır və qarşısına adam tələb edir. Şahzadə İbrahim Mirzə yaralı olduğu üçün onun qarşısına Əbdi bəy Şamlı çıxır.[19] Qarşılıqlı mübarizədə Şir Saromun oğlu Hüseyn bəyin atdığı ox Əbdi bəyi ağır yaraladı və onu atdan yerə saldı. Ərduvan bəy onun başını kəsmək üçün əyildikdə oğlu Durmuş xan atasının köməyinə tələsdi və Hüseyn bəyi yaxında gördükdə qılıncının zərbəsi ilə onu qətlə yetirdi. Bu döyüşdə yaralanan Əbdi bəy Şamlı 1526-cı ildə vəfat edir. Lakin “Tarix-i Qızılbaşan” adlı əsərin müəllifi yazır ki, o, Əmir xanın ardınca Herat hakimi olmuş, 1525-ci ildə vəfat etmişdi. Bu məlumatı təsdiqləyən başqa bir mənbə olmadığı üçün doğruluq payı şübhəlidir.[20]
Abdı bəyin soyu Abdılı adlanırdı.
Oğlanları