Hüseyn bəy Şamlı (fars. حسین بیگ شاملو); d. ?, türk mənşəli Şamlı eli — ö. 1514, Çaldıran) — Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk əmir-əl-ümərası və vəkili. Hüseyn bəy Lələ Şamlı I Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni 1502–1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi. 1504-cü ildə Yəzdin idarəsi də ona tapşırılmışdı. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir əl-üməra vəzifəsindən azad edilmiş, ulka və nökərləri Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı.
Hüseyn bəy Şamlı | |
---|---|
| |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Məhəmməd bəy Ustaclı |
1501 – 1508 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Nəcməddin Məsud Gilani |
1503 – 1509 | |
Əvvəlki | İlyas bəy oğlu Xınıslı |
Sonrakı | Məhəmməd bəy Ustaclı |
Əvvəlki | Məhəmməd bəy Talış |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Çaldıran, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | hərbi lider[d] |
Dini | İslam (Şiə) |
Rütbəsi | general |
"Tarix-i Qızılbaşan" əsərinin müəllifi onun barədə yazır:
"Şamlı tayfasının böyük əmirlərindən biri Hüseyn bəy Lələdir. O, Lahicanda I Şah İsmayılın xidmətində idi. O həzrətin zühurundan sonra əmir əl-üməra oldu və Cihan çayı sahilində Sarı Qaplan tərəfindən məğlub edildikdə gözdən düşdü. Amma Şeybək xanın qətli və Xorasanın fəthindən sonra Herat hakimi oldu. Əmir Nəcmi Saninin məğlubiyyətindən sonra aləmin pənahı olan dərgaha gəldi və Çaldıran döyüşündə öldürlüdü." [1]
Mənbədə də qeyd edildiyi kimi, Hüseyn bəy Lələ Şamlı 1509-cu ildə Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə Herata vali göndərilmiş və 1514-cü ildə Çaldıran döyüşündə öldürülmüşdür.[2]
Şamlı tayfasının ən məşhur əmirlərindən biri olan Hüseyn bəy Şamlının adına mənbələrdə ilk dəfə 1488-ci il iyul ayının 9-da Şeyx Heydər ilə Şirvanşahlar arasında baş verən döyüşdə rast gəlinir. "Tarixi Cahanqoşayi Xaqan" əsərinin müəllifi yazır ki, o, bu döyüşdə Şeyx Heydərin ordusunun sol qanadına rəhbərlik etmişdi.[3] Bu döyüş barədə həmçinin İsgəndər bəy Münşi isə yazıb bilidirir ki, "Fütuhat-i Əmini" əsərinin müəllifi Təbərsəran adlanan bu döyüş haqqında topladığı məlumatları məhz Hüseyn bəy Lələ və Fərrux ağa kimi hərb meydanında olan şəxslərdən eşitmişdi.[4]
Hüseyn bəy Şamlı həmçinin 1492-ci ildə məğlub edilib öldürülən Baysunqurun qarşısında Sultan Əlinin ordusunda bir başqa Qızılbaş əmiri ilə birlikdə sağ qanada rəhbərlik edirdi.[5]
Hüseyn bəy, Şah İsmayılın lələsi idi. 1494-cü ildə Rüstəm Mirzə Sultan Əlinin qardaşları ilə birlikdə Təbrizi tərk etməsi xəbəri alınan kimi, onun ardınca qoşun dəstəsi göndərdi. Bu qoşun dəstəsinə rəhbərlik Aybə sultana tapşıırldı. Bu dəstə böyük sürətlə Səfəvi şeyxlərinin və müridlərinin ardınca hərəkət etdi və Ərdəbil yaxınlığında Sultan Əlinin dəstəsini yaxalamaq mümkün oldu. Rüstəm Mirzə tərəfindən belə bir tapşırıq verilmişdi ki, Sultan Əli Ərdəbilə daxil olmamış ələ keçirilsin. Rüstəm Mirzə tərəfindən göndərilən qoşun dəstəsinə müqavimət göstərilməsi aydın olanda Sultan Əli qardaşı İsmayıl Mirzəni (Şah İsmayılı) yanına çağırdı, təriqət mürşidliyini ona tapşırdı, Heydər tacını onun başına qoydu, kəmərini onun belinə bağladı və sonra da vəsiyyətini etdi. Bundan sonra Sultan Əli ətrafındakılardan 7 nəfər etibar qazanmış sərkərdələrin, o cümlədən Hüseyn bəy Lələnin müşaiəyti ilə Gilana yollanmalarını, orada Lahican hakiminə sığınmalarını və sonra da oradan hərəkata başlamalarını tövsiyə etdi. Hüseyn bəy Lələ Sultan Əlinin yanında qalmağı təkid etdi. Sultan Əli yenə qəbul etmədi və ona tapşırdı ki, qardaşlarının lələsi olsun. Onda Hüseyn bəy onun ayaqlarından öpdü və sonra da Sultan Əlinin qardaşlarını götürüb Ərdəbilə yollandı.[6]
Münşi yazır ki, bu döyüşdə öldürülən Sultan Əlini Hüseyn bəy Lələ və Xəlifətül-xüləfa kimi tanınan Dədə bəy Talış Ərdəbilə gətirərək,"Səfəviyyənin mübarək, nurlu məqbərəsində dəfn etdilər".[7]Aləmara-yi Şah İsmayıl əsərində yazır:
"Hüseyn bəy Lələ yoldaşları ilə birlikdə şeyxzadələri götürüb, Lahican Gilanına yollandı. Onlar Şeyx Səfi müridlərindən olan Əmir Kiyanın yanına gəldilər. Onların gəlişindən xəbər tutan Əmir Kiya böyük qonaqpərvərlik göstərdi və onları öz sarayında elə gizlətdi ki, yadlar onların əhvalından xəbər tutmasınlar". Yenə burada qeyd olunur ki, Şah İsmayıl bu zaman yaşca çox kiçik olduğundan Səfəvi hərəkatının idarə edilməsində Hüseyn bəy Lələnin də daxil olduğu "Yeddi nəfər pak etiqadı sufi" kimi xarakterizə edilən qızılbaş sərkərdələri qrupu mühüm rol oynadı.[8]
İsmayıl Mirzə Lahicanı tərk edib Taroma çatdıqda onun dəstəsi artıq formalaşmağa başlamışdı. Bu xəbər ətrafa yayıldıqda Tarom hakimi Hüseyn Sultan təşvişə düşdü və bölgədə Ağqoyunlu ilə düşmən bir qüvvənin toplanmasının qarşısını almaq üçün tədbirlər görməyə başladı. O, 700 nəfərlik bir dəstə ilə Taromun 4 fərsəxliyində İsmayıl Mirzənin qarşısına çıxdıqda Hüseyn bəy Lələ ona döyüşə girmədən uzaqlaşmağı məsləhət gördü. İsmayıl Mirzə isə bu təklifi qəbul etmədi və bildirdi ki, o artıq öz hərəkatına başlamışdır və yaxınlaşan təhlükədən üz çevirməsi yaxşı qarşılanmaz. Hüseyn Sultanın qardaşı irəli çıxaraq İsmayıl Mirzə ilə döyüşə başlamaq istədi. İsmayıl Mirzənin razılığı ilə onun qarşısına Hüseyn bəy Lələ çıxdı. Hüseyn bəy əvvəlcə onu fikrindən çəkindirməyə çalışdı. Görünür, Hüseyn Sultanın qardaşı İsmayıl Mirzənin asanlıqla ələ keçiriləcəyini güman etdiyindən heç bir təklifi qəbul etmədi. Belə olanda Hüseyn bəy Lələ qılınca əl atdı və Hüseyn Sultanın qardaşını qətlə yetirdi. Hüseyn Sultan bunu görüncə İsmayıl Mirzənin dərhal ələ keçirilməsinə işarə verdi. Lakin İsmayıl Mirzənin qılınc zərbəsi ilə döyüş meydanında öldürüldü. İlk döyüşdə uğur qazanan İsmayıl Mirzənin dəstəsi qələbə sevinci ilə yenidən Taroma qayıtdı.[9]
1499-cu ilin avqustunda, Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşdükdə yenə Hüseyn bəy Lələ başda olmaqla bu yeddi sərkərdə onu müşaiət elədi.[10]
1500-cü ildə Gülüstan qalası yaxınlığında,Cəbani adlı yerdə İsmayılla Şirvanşah arasında döyüş başlandı. Qızılbaş qoşununun sağ cinahında şamlı, solunda isə ustaclı tayfalarının üzvləri durmuşdular. Hüseyn bəy Lələ bu döyüşdə sağ cinaha rəhbərlik edirdi. Döyüş qızılbaşların üstünlüyü ilə davam edirdi. Şirvan qoşunu məğlub olub qaçmağa üz qoydu.[11] Tək qalan şirvanşah Fərrux Yəsar atını Buğurt qalası istiqamətində çapmağa baçladı. Onun şirvanşah olduğunu bilməyən bir dəstə qızılbaş, atlını təqib edərək Gülüstan qalasından bir qədər aralıda ona çatdılar. Fərrux Yəsar anonim tarixçinin Hüseyn bəy Lələnin "cilovdarı" adlandırdığı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salındı. O, şirvanşahın başını kəsərək İsmayıla gətirdi.[12]
Hüseyn bəy Lələ 1501-ci ildə baş verən Şərur döyüşündə də Şah İsmayılın yanında olan əmirlərdən biri idi. Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlidənin göndərdiyi çapar gəlib xəbər gətirdi ki, Əlvənd böyük bir qoşunla paytaxtdan çıxmışdır. İsmayıl Arazın cənub sahili boyunca hərəkət edərək, Naxçıvan bölgəsində çayı keçdi və düşməni qarşılamağa tələsdi. Tarixi qaynaqlarda ağqoyunluların ordusunun sayı 10.000–30.000, qızılbaşların isə 7 minlik ordusu var idi. Əlvənd Mirzə bu döyüşdə böyük bir məğlubiyyətə uğradıldı. Şərur döyüşündə qalib gələn İsmayıl Mirzə Təbrizə daxil olub özünü şah elan etdi.[13] Şah İsmayıl Təbrizi fəth edərkən Hüseyn bəy Lələ də onun yanında idi. O, Şah İsmayılın Təbrizdə qurduğu dövlətin ilk vəkili və əmir əl-ümərası oldu.[14][15][2]
Hüseyn bəy Lələ 20 iyun 1503-cü ildə Həmədan yaxınlığında Ağqoyunlu Murad Bayandur ilə baş verən döyüşdə Səfəvi ordusunda döyüşürdü. Ağqoyunlu hakimiyyətinin sonunda Yəzd şəhəri Murad bəy Bayandura məxsus idi. O qızılbaşların Şiraza yaxınlaşdığını eşidib dərhal şəhəri tərk edib Bağdada qaçmışdı. Nəticədə 1503-cü ildə Şah İsmayıl Şiraza daxil oldu. Fars vilayətindən olduğu müddət ərzində Şah İsmayıl ətraf vilayətlərin hakimiyyət altına gətirilməsi ilə məşğul oldu. Bu vilayətlərdən bəzilərinin hakimləri könüllü şəkildə öz itaətlərini bildirdilər və həmin hakimlər öz vəzifələrində saxlandılar. Yəzd hakimi də könüllü olaraq vilayəti təhvil verdi. Şah İsmayıl bu vilayətin hakimliyini Hüseyn bəy Lələyə tapşırdı. Hüseyn bəy Lələ isə Şah İsmayılın yaxın ətrafına daxil olduğu üçün o da bu vilayətin hakimliyini öz yaxınlarından olan Şöüb ağaya həvalə etdi.[15][16][17]Lakin Yezdin köhnə hakimi Əhməd bəy xəyanət edərək Şöüb ağanı öldürüb hakimiyyəti yenidən öz əlinə aldı.[18]
1506-cı ildə Sultan Muradla Əlaüddövlənin ittifaqı xəbərini eşidən Şah İsmayıl qəti hərəkətə keçməyə məcbur oldu. 913 / 1507-ci ilin yayın əvvəllərində qızılbaş ordusu yürüşə başladı. Şah İsmayılın gəlişindən xəbər tutan Əlaüddövlə və Murad Ceyhan çayını keçərək, Durna dağına sığındılar. İsmayıl Hüseyn bəy Lələni 4 minlik qoşunla çayın sahilində mövqe tutmağa göndərdi.[19]Mövcud məlumatlara görə, qızılbaş qoşunları Əlbistan çayı kənarına çatanda düşərgə saldılar. Əlaüddövlə də öz oğlu Sarı Aslanın qüvvələrini çayın digər sahilində yerləşdirdi.[20]Bundan sonra döyüşçülərə imkan verildi ki, atlar üçün yem ehtiyatı yaratsınlar. Bu məqsədlə döyüşçülər ətrafa səpələndilər. Elə bu vaxt Əlaüddövlənin böyük oğlu Qasım bəy (Sarı Qaplan) öz dəstəsi ilə Hüseyn bəy Lələnin dəstəsinin üzərinə qəfil hücum təşkil etdi. Hücumun gözlənilməz olması və qızılbaşların da dağınıq olması döyüşün gedişinə təsir göstərdi. Hüseyn bəy Lələnin göstərdiyi bütün cəhdlərə baxmayaraq, bu hücumun qarşısını almaq mümkün olmadı və qızılbaş dəstəsinə ağır zərbə vuruldu. Hətta Hüseyn bəy Lələ ağır vəziyyətlə qarşılaşdı və onu vurub atdan yerə saldılar. Onu təhlükədən xilas etmək üçün qızılbaşlardan biri atını ona verdi və Hüseyn bəy Lələ bu atı minərək özünü çaya vurdu və o biri sahilə adladı. Həsən bəy Rumlu bu hadisəni belə təsvir edir:[19]
"O əsnada Əlaüddövlə Zülqədərin oğlu Sarı Qaplan cövşən geymiş igidlərdən [ibarət] bir dəstə ilə göründü. Lələ bəy az adamla onların qarşısına çıxdı. İki tərəf arasında qarşıdurma oldu və döyüş atəşi alovlandı. Zülqədər dilavərləri çox olduqları üçün qazilərə qalib gələrək Lələ bəyi atdan saldılar. O əsnada Xəlil ağa öz dəyərli canından əl çəkib öz atını Hüseyn bəy Lələyə verdi. Lələ bəy ata minib, özünü suya vuraraq çoxlu məşəqqətlə o coşqun dəryadan nicat sahilinə çıxmağı bacardı. Zülqədərlilər Xəlil ağanı üç yüz nəfər qazi ilə birlikdə qətlə yetirib geri döndülər."
Bütünlükdə isə qızılbaş dəstəsi ağır itki verdi və onlardan 300 nəfəri qətlə yetirildi.[21]Nəhayət, bu barədə Şah İsmayıla da xəbər çatdı. Şah İsmayıl dərhal bir dəstə ilə Hüseyn bəyin köməyinə yollandı və Durmuş xana da göstəriş verdi ki, o da öz dəstəsi ilə onun arxasınca hərəkətə başlasın. Sarı Qaplan bu zaman hiylə işlədərək arxadan Şah İsmayıla yaxınlaşmaq və onu qətlə yetirmək istədi. Amma Şah İsmayıl bundan xəbər tutanda Sarı Qaplanın geri çəkilmək imkanı qalmadı və Şah İsmayılın zərbəsindən dünyasını dəyişməli oldu.[22]
Bəzi mənbələr yazır ki, bu hadisədən sonra Hüseyn bəy Lələ etibarını itirdiyi üçün 1508–1509-cu ildə şahın qərarı ilə vəkil vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə Əmir Nəcmi gətirildi. Hüseyn bəy isə şahın bu qərarına heç bir etiraz bildirmədi. Buna səbəb Şamlı tayfasının mənsublarının şaha olan dərin hörməti və bağlılığı idi.[23]
914 / 1508-ci ildə Şah İsmayıl Həmədan yaylaqlarında olarkən öz elçisi Xəlil bəyi hədiyyələrlə Bağdad hakimi Barik (Bayrək) bəy Pornakın yanına göndərərək, ondan itaət tələb etdi. Barik bəy təklifi yaxşı qarşıladı, hətta qızılbaş tacı örtərək, Səfəvilərin tərəfinə keçdiyini bildirdi və öz adamlarından Əbu-İshaq Şirəçini Xəlil bəylə birgə Şah İsmayılın hüzuruna yolladı. Lakin İsmayıl Barikin səmimiliyinə inanmayaraq, onun itaət etmək üçün şəxsən özünün dərgaha gəlməsinin zəruriliyini bildirdi. Bu tələbə rədd cavabı verən Barik müdafiə hazırlıqlarına başladı. Şah İsmayıl Bağdad üzərinə yürüşə çıxdı. O, Mahidəşt adlı yerə çatdıqda Hüseyn bəy Lələnin komandanlığı ilə 5–6 minlik qoşunu irəli göndərərək, özü də əsas qüvvələrlə onların ardınca hərəkət etdi. Qarapu adlı mövqeyə gələn Hüseyn bəy Lələ şahın adından Barikə daha bir müraciət edərək, onu əlverişli şərtlə tabe olmağa çağırdı. Bu təklifin müqabilində Barikdən yenə də rədd cavabı alındı. Hüseyn bəy Lələnin başçılıq etdiyi ön dəstələrə zərbə vurmaq üçün şəhərdən çıxan Barik Şah İsmayılın ordusunun yaxınlaşdığını gördükdə müqavimətin mənasız olduğunu anlayıb aradan çıxdı.[24]
"Tarix-i aləmara-yi Abbasi" əsərində hələ Şah İsmayıl yetişməmişdən Bağdadın Hüseyn bəy Lələ tərəfindən ələ keçirildiyi bildirilir. Bu barədə məlumat Şah İsmayıla çatdırılandan sonra o da qoşun dəstəsi ilə Bağdada gəldi və yerli əhalinin böyük sevinci ilə qarşılandı.
"Şah İsmayıl Hüseyn bəy Lələni mənqəlay təyin edərək, onu qabaqca yola saldı. Hüseyn bəy Bağdadın iki mənzilliyinə çatdıqda Barik özünü itirdi və o vilayətin əyanlarının əksəriyyətinin şah sarayının xadimlərinə itaət etmək meyilini görəndə özündə müqavimət və qalanı saxlamaq qüvvəti olmadığını bildi. Bir gecə o, Dəcləni gizli keçərək, sərsəm halda, Sultan Muradla bərabər, sonsuz əziyyətlə Hələb tərəfə qaçdı, oradan da, yuxarıda yazıldığı kimi, zülqədər tayfasının arasına getdi. Ertəsi gün şəhərin əhalisi və əyanları Nəcəf seyidlərinin böyüklərindən və o vilayətin ixtiyar sahiblərindən olan və şahın şərəfli dövlətinə tərəfdar olması şübhəsi ilə Barik tərəfindən tutulub qaranlıq quyuda həbs edilən Seyid Məhəmməd bəy Kəmunəni quyudan çıxarıb, öz şahısevənliklərini izhar etdirdilər. Seyid Məhəmməd Kəmunə cümə günü came məscidinə gedib, şahın ləqəbləri ilə on iki imam ("isna-əşəri") xütbəsini oxudu. Hüseyn bəy Lələni qarşılayaraq, Mirzə Pirbudaq bağında yerbəyer etdilər. Hüseyn bəy Bağdadın fəth edilməsi həqiqətini xilafət məkanlı taxtın kölgəsinə çatdırdı."[25]
1508-ci ilin sonlarında İsmayılın ordusu İraqdan İranın cənub-qərb bölgələrinə daxil oldu. Həmin regionda Səfəvi hakimiyyətini tanımayan iki müstəqil əmirlik mövcud idi: Məlikşah Rüstəmin başçılığı ilə mərkəzi Xürrəmabad olan Luristan əmirliyi və paytaxtı Hüveyzədə yerləşən, Sultan Fəyyaz tərəfindən idarə olunan Xuzistandakı Müşəşə əmirliyi.[26]
Luristana yetişdikdən sonra Şah İsmayıl qoşunlarını iki yerə böldü. On min nəfərdən ibarət olan bir dəstə Hüseyn bəy Lələnin, Əmir Nəcm Gilaninin və Bayram bəy Qaramanlının rəhbərliyi altında Luristan hakimi Məlik Rüstəmin üzərinə göndərdi. Qoşun dəstəsi yolda ikən Əmir Nəcm Gilani Şah İsmayıl tərəfindən geri çağırıldı və Məlik Rüstəmin itaət altına gətirilməsi Hüseyn bəy Lələ ilə Bayram bəy Qaramanlının üzərində qaldı.[26][27]Səfəvilərlə mübarizə apara bilməyəcəyini anlayıb qalaya sığınan Məlik Rüstəm Luristanın nüfuzlu şəxslərini Şah İsmayılın yanına göndərib əfv dilədi.[23] Səfəvilər dövrünə aid olan bir sıra mənbələrə görə, Şah İsmayıl Luristan istiqamətinə hərəkət etməmişdi və Məlik Rüstəm məhz Hüseyn bəylə Lələ bəy tərəfindən itaət altına gətirilmişdi.[28]Şah İsmayıl Hüveyzə üzərinə gedərkən Hüseyn bəy Lələnin başçılığı ilə 10 minlik qoşun göndərib Müşəşə ordusunu məğlub edib, Hüveyzəni tutdu.[28]
1510-cu ilin əvvəllərində Şah İsmayıl yenidən Şirvana hərbi yürüş etmək haqqında qərar verdi. Mövcud məlumatlara görə, Şirvanşah Şeyx Zəhirəddin İbrahim (Şeyxşah) Osmanlı sarayının təhriki və dəstəyi ilə Səfəvilər hakimiyyətinə vergi verməkdən imtina etmişdi. Şeyxşah bununla yenidən müstəqil olmaq iddialarının həyata keçirilməsinə nail olmaq istəyirdi. Şirvanşah Şeyxşahın Səfəvilər hakimiyyətinə itaətdən boyun qaçırması Şah İsmayılın böyük qəzəbi ilə qarşılaşdı və ona görə də baxmayaraq ki, havalar hələ istiləşməmişdi, 1510-cu ilin əvvəllərində, havaların çox soyuq və yağmurlu olduğu bir vaxtda Şirvan üzərinə hücum etmək göstərişi verdi. Hüseyn bəy Lələnin də rəhbərlik etdiyi Səfəvi qoşunu Bakı ətrafında müqavimətə rastlaşmadı. Bakı yenidən Səfəvi hakimiyyətinə düşdü.[29] Şah buradan Dərbəndə irəlilədi. Dərbəndin hakimləri olan Əhməd ağa ilə Məhəmməd bəy əvvəlcə müqavimət yolunu tutsalar da, nəqəbçilərin fəaliyyətini gördükdən sonra şəhərin çox tezliklə ələ keçiriləcəyinə şübhə etmədilər. Beləliklə Şirvanı tutan şah buranın hakimliyini Hüseyn bəy Lələyə tapşırdı. Hüseyn bəy Lələ Səfəvi sarayındakı Əmir ül-üməra vəsifəsindən azad edildi və həmin vəzifəyə Məhəmməd bəy Ustaclı təyin edildi.[28][30]
1510-cu ildə Şah İsmayıl Hüseyn bəy Lələni yanına çağırıb ona tapşırdı ki, 400 nəfərlik bir dəstə ilə pusquda dayansın və Şeybək xan 30 min nəfərlik qoşun dəstəsi ilə Səfəvi qoşunlarını təqib etmək üçün Mahmudabad çayı üzərindəki körpünü adladıqdan sonra həmin körpünü xarab etsin.[31][32]Özbək qoşunlarının geri çəkilmə yolu bağlanandan sonra Hüseyn bəy Lələ də yenidən Səfəvi qoşunlarına qoşulmalı idi. Hüseyn bəy Lələ də bu tapşırığı icra etdi. O biri gün səhərə yaxın özbək qoşunlarının Səfəvi qoşunlarının ardınca hərəkətə başlanması müşahidə olundu. Bu qoşunlar Mahmudabad körpüsünü adlayıb yarım fərsəx də irəliləyəndən sonra Hüseyn bəy Lələ öz dəstəsi ilə körpünü dağıdıb Səfəvi qoşunlarına tərəf yola düşdü.[31]Məhz burada, Mərvdən üç fərsəx cənubda yerləşən Mahmudabad adlı yerin yaxınlığında Səfəvi və Şeybani orduları arasında həlledici vuruşma baş verdi. Döyüşdə Hüseyn bəy Lələ də iştirak edirdi. Mərv döyüşündə qalibiyyət əldən edəndən sonra o yenidən şahın etibarını qazanmışdı. Nəticədə Şah İsmayıl yeni fəth olunan ərazilərdən Heratı Hüseyn bəy Lələyə, Mərvi Abdal bəy Dədəyə, Bəlxi öz yeznəsi Bayram xan Qaramanlıya verdi.[33]
1512-ci ildə Şah İsmayıl özbək xanlarının qiyamını yatırmaq və bölgədəki Səfəvi hakimiyyətini möhkəmləndirmək məqsədilə Səfəvi qoşunlarını yenidən Türküstan istiqamətinə göndərdi. Şah İsmayıl Bəlx hakimi olan Bayram bəy Qaramanlıya və Herat hakimi Hüseyn bəy Lələyə göstəriş verdi ki, onlar da Əmir Nəcmin tabeliyində olaraq özbək qoşunların qarşı döyüşlərdə iştirak etsinlər. Əmir Nəcmin rəhbərliyi altına 12 min nəfərlik qoşun dəstəsi verilmişdi və bu dəstə 1512-ci ilin yazında Xorasana doğru hərəkətə başladı. Xorasanda ikən bu dəstəyə Hüseyn bəy Lələnin rəhbərliyi altında olan qoşun dəstəsi, sonra isə Bayram bəy Qaramanlının dəstəsi Əmir Nəcmin dəstəsinə qoşuldular. Aləmara-yi Şah İsmayıl əsərinin müəllifi yazır ki, Şah İsmayıl Əmir Nəcmə tapırmşdı ki, Hüseyn bəy Lələ və Bayram bəy Qaramanlının köməkliyi ilə Ceyhun çayından başlayaraq Dəşti-Qıpşaq və Dəşti-Bağlana kimi olan ərazilərdə Səfəvi hakimiyyətini gücləndirsin, həmin əraziləri itaət altına gətirsin.[34][35]Hərbi əməliyyatlar davam edərkən Dədə bəy Qorçubaşı rəhbərliyindəki Səfəvi qoşunu Qərşi qalasının mühasirəsi zamanı böyük məğlubiyyətə uğradıldı. Əmir Nəcm Dədə bəy Qorçubaşının buraxdığı səhvlərə görə edam edilməsinə qərar verəndə əmir və əyanlar Hüseyn bəy Lələyə üz tutub ondan xahiş etdilər ki, nüfuzundan istifadə edərək onu dar ağacından xilas etsin. Lakin Hüseyn bəy Lələ bu xahişdən imtina etdi. Bu dəfə qala qoşunları Hüseyn bəy Lələnin rəhbərlik etdiyi dəstəni hücum obyekti seçdi. Onun dəstəsi özbək dəstəsinin qəfil hücumunu döyüşə hazır vəziyyətdə qarşıladı və görülən çevik tədbirlər nəticəsində özbək dəstəsinə ciddi müqavimət göstərildi. Əmir Nəcm isə Hüseyn bəy Lələnin bu uğuru haqqında məlumat alan kimi onun dayandığı mövqeyə yollandı, vəziyyətlə yerində tanış oldu, qətlə yetirilmiş özbəklərin meyitlərini gördükdə uğurun doğruluğuna əmin oldu. Əmir Nəcm ona təşəkkürünü çatdırdı və pulla mükafatlandırdı. Eyni zamanda bütün dəstə üçün böyük miqdarda pul mükafatı ayırdı və göstəriş verdi ki, bu puldan şəhid olanlar üçün də pay nəzərdə tutulsun.[36][37]
Qrəşi qalasının fəthindən sonra 1512-ci ilin oktyabrında qızılbaş ordusu Buxara üərinə hücum edib Gicduvan qalanı mühasirəyə aldı. 1512-ci il noyabr ayının 12-də Əmir Nəcmin rəhbərliyi altında olan Səfəvi qoşunları ilə özbək qoşunları arasında böyük bir döyüş baş verdi. Hüseyn bəy Lələ bu döyüşdə Səfəvi qoşunun cinahlarından birinə rəhbərlik edirdi. Mənbələr yazır ki, Hüseyn bəy Lələ, Əhməd bəy Sufioğlu kimi bəzi əmirlər döyüş meydanını tərk edib kənara çəkildilər. Nəticədə Səfəvi ordusu məğlub edildi və Əmir Nəcm öldürüldü.[38][39]
Bütün Mavərəünnəhr özbəklərin hakimiyyəti altına düşdükdən sonra özbək xanları Xorasan üzərinə də hücum etdilər. Xorasan və Herat hakimi Hüseyn bəy Lələ Gicduvan ətrafındakı döyüşdən sonra Herata gələrək onun müdafiəsinin möhkəmləndirilməsi üçün müəyyən tədbirlər görməyə başladı.[39]1513-cü ilin fevral ayında ilk əvvəl Canı bəy daha sonra Übeydulla xan Heratı mühasirəyə aldı. Məhəmməd Teymur xan isə öz qoşun dəstəsi ilə Xorasan üzərinə hücum çəkdi. Übeydulla xan Herat ətrafından geri çəkilərkən Mürğabda Məhəmməd Teymur xanla qarşılaşdı və onunla birlikdə Xorasan üzərinə yürüşdə iştirak etməyə razı oldu. Heratda olan Hüseyn bəy Lələ özbək xanlarının bu yürüşlərinin qarşısının alınmasının çətin olduğunu görəndə şəhəri tərk etdi və Təbəsdən keçməklə Şah İsmayılın düşərgəsinə yollandı.[40] Hüseyn bəy Lələnin qaçması xəbərini eşidəndən sonra Məhəmməd Teymur xan Herat üzərinə, Übeydulla xan isə Məşhəd üzərinə hücum etdilər və onlar həmin şəhərləri ələ keçirdilər.[39][33]Hüseyn bəy Lələ Şah İsmayılın hüzuruna çıxıb ondan döyüş meydanını tərk etdiyinə görə üzr istədi və baş verən hadisələri şaha şərh etdi. Hüseyn bəy onu da əlavə etdi ki, Babur padşahın dəstəsi qaçmasaydı, özbək qoşunları qızılbaşların qarşısında bir iş görə bilməzdilər.[41]Şah İsmayıl Xorasana hücum çəkib Mavəraünnəhri yenidən Səfəvi dövlətinə tabe etdikdən sonra döyüş meydanını tərk etdiyi üçün Hüseyn bəy Lələni Herat hakimi vəzifəsindən uzaqlaşdırdı və onun yeniə Zeynəl bəy Şamlı yeni Herat hakimi oldu.[42]
Hüseyn bəy Lələnin iştirak etdiyi son döyüş Çaldıran döyüşüdür. Səfəvi qoşunlarının döyüşqabağı düzülüşündə ənənəvi formadan istifadə edilmişdi. Qoşunlar üç taktiki dəstəyə bölünmüş və ehtiyat saxlanmışdı. Həsən bəy Rumlu yazır ki, Şah İsmayıl sağ cinahı Hüseyn bəy Lələ, Durmuş xan Şamlu, Xəlil sultan Zülqədər, Nurəli xəlifə Rumlu və Xüləfa bəy kimi adlı-sanlı əmirlərə tapşırmışdı.[43] İsgəndər bəy Münşinin "Tarix-i aləmara-yi Abbasi" adlı əsərində də Səfəvi qoşunlarının döyüş düzülüşü haqqında qeydlər var. Münşi yazır:
"Böyük əmirlərdən Durmuş xan Şamlu, Nurəli xəlifə Rumlu, Xüləfa bəy, Hüseyn bəy Lələ və Xəlil sultan Zülqədər sağ cinaha, ustaclu sultanları və xanları, Baba İlyas Çavuşlunun oğlanları və bir başqa dəstə sol cinaha yerləşdirildi."[44]
Səfəvi ordusunun məğlubiyyəti ilə başa çatan döyüşdə Hüseyn bəy Lələ öldürüldü. Münşi bu barədə də yazır:[44]
"Döyüşün qızışıb alovlanmasından, saysız top və zərbzən atəşindən mərkəzdəki qoşun bir-birinə qarışdı. Seyid Məhəmməd Kəmunə, Mir Əbdülbaqi və sədr Mir Seyid Şərif — hər üçü mərkəzdə şəhidlik şərəfinə çatdılar. Böyük əmirlərdən Sarı Pirə Qorçubaşı Ustaclu, Hüseyn bəy Lələ, Xan Məhəmməd, Baba İlyas Çavuşlunun oğlanları və başqaları bu müharibədə öldürüldülər."
Bəzi qaynaqlara görə Hüseyn bəy bu zaman Diyarbəkir hakimi imiş. Başqa mənbələrdə isə o Xorasan hakimi kimi qeyd edilib.[45]