Kürd üsyanı və ya Şir Sarom xanın üsyanı - Səfəvi hakimiyyətinə qarşı Mükri tayfası hakimi Sarom xan Mükri tərəfindən hicri 911-912 (miladi 1505-1506) illərdə baş verən üsyan.
Kürd üsyanı | |||
---|---|---|---|
Səfəvilər dövləti | |||
Tarix | 1505-1506-cı il | ||
Yeri | Təbriz ətrafı, Urmiya qalası | ||
Nəticəsi | Sarom xan Mükri məğlub edildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Məhabad şəhərinin 3 km şimalında “Kələki bə-gəzadan” adlı bir təpə yerləşir. Əsrlər boyu bu ərazi Bayandur əmirləri tərəfindən idarə edilirdi. Ağqoyunlu dövlətinin süqutundan sonra Kürd əmirləri birləşərək bölgədədi türkmənləri buradan sürgün edib, ərazinin idarəsini öz əllərinə aldılar. Əmir Seyfəddin Mükri bir neçə əyalətin dəstəyi ilə Türkmən Çubuqlu tayfası ilə qarşı-qarşıya gəldi. Nəticədə türkmənləri məğlub edərək Dülbəriq, Ağtac, İltəmur, Salduz əyalətlərini ələ keçirən Əmir Seyfəddin Mükri kürdlərinin ərazisini genişləndirdi. Əmir Seyfəddinin ölümündən sonra iki oğlu, Sarom və Baba Ömər hakimiyyəti öz aralarında böldülər. Sarom xan haqqında Səfəvi qaynaqlarında bir sıra məlumatlar var. Xandəmir, Yəhya Qəzvini, Qaffari Kaşani, Həsən bəy Rumlu və bir sıra müəlliflər ondan Sarom-u Kürd kimi bəhs ediblər.[1] Aləmara-yi Səfəvi əsərində isə Sarom xanın Yezidi kürdü olduğu qeyd edilir.
Yeni yaranmış Səfəvi dövlətinin daxilində bir sıra itaətsizlik, Şah İsmayıl hakimiyyətinə qarşı üsya halları baş verirdi. 1504-cü ilin sonları-1505-ci ilin əvvələrində Şah İsmayıl Yəzd şəhərini zəbt etmiş qiyamçı Əbərqu hakimi və 10 minlik kərhi tayfasının başçısı Rəis Məhəmməd Kərhini məğlubiyyətə uğradır.[2] Şah onu və 7 nəfərə yaxın silahdaşını əsir alaraq İsfahanda edam etdirir. Bu zaman Məhəmməd Kərhinin başqaldırdığı xəbərini eşidən Sarom xan Şah İsmayılın Yəzdin cənubuna yürüşündən istifadə edib 40 minlik ordu ilə Təbrizə hücum etmək məqsədilə Şah İsmayılın qardaşı İbrahim Mirzənin üzərinə Urmiya elinə doğru yeriyir. Şir Saromun Təbriz üzərinə yürüş xəbəri alınan kimi Sultan İbrahim məktub yazıb Şah İsmayıla göndərdi və ondan bu hücumun qarşısının alınması üçün kömək istədi. Şah Sarom xanın Urmiya qalasını mühasirə aldığını eşidəndə 3000 nəfərlik ordunu Sarı Hüseyn Şamlı ilə birlikdə Təbrizə göndərir. Bu ərəfədə Sarom xan artıq 1 ay idi ki, qalanı mühasirədə saxlayırdı. Qala Qaragünə sultanın başçılığı ilə 300 nəfər tərəfindən müdafiə olunurdu.[3] Qaragünə sultan artıq mübarizəni davam etdirə bilməyəcəyini anlayıb, Sarom xanın yanına elçi göndərir və qaladan çıxıb Təbrizə getəmək üçün yol verməsini tələb edir. Sarom xan ona ailəsi ilə birgə getməyə icazə verəcəyinə söz verir. Lakin Qaragünə sultan və ailəsi qaladan çıxdıqları anda qətlə yetirilir. Sarom xanın Urmiya qalasını tutması xəbərini eşidən Sultan İbrahim Mirzə Təbrizə doğru hərəkət edir. Şahzadə burada Sarı Əli bəy Möhrdar ilə görüşür. Sarı Əli bəy Möhrdar qərara gəlir ki, Sarom xanı və qoşunlarını Təbrizdə deyil şəhərdən kənarda, başqa bir ərazidə qarşılasın. Əks təqdirdə şəhərə böyük ziyan dəyə bilərdi. Çünki Təbriz ətrafında möhkəm qala divarları yoxidi. Nəticədə, Sarı Əlinin sərəncamında olan 3 min nəfərlik dəstə, Sultan İbrahimin sərəncamında olan 4 min nəfərlik dəstə döyüşə hazır vəziyyətə gətirildi. Bundan başqa Sarı Əli ilə Sultan İbrahimin qərarına əsasən 3 min nəfərlik başqa bir qoşun dəstəsi də Təbriz sakinlərindən toplandı. Bütünlükdə, 10 min nəfərlik qoşun dəstəsi Təbrizi tərk edərək Səlmasa istiqamət götürdü.[4]
Mənbələrin yazdığı məlumatlara əsasən Kürd qoşunları tərəfindən meydana Şir Saromun övladları çıxdılar və onlar qızılbaşların igidləri ilə qarşılaşdılar. Bu qarşılaşmada Sultan İbrahimin özünün də xüsusi şücaər göstərdiyi və Şir Saromun iki övladının məhz onun tərəfindən qətlə yetirildiyi bildirilir. “Aləmara-yi Səfəvi” və “Aləmara-yi Şah İsmayıl” əsərlərində müəyyən fərqli məqamları olmaqla bu qarşılaşmanın geniş təsviri verilmişdir. Aləmara-yi Səfəviyə görə oğlunun qətlini eşidən Sarom xan Sultan İbrahimə “səni öldürüb qardaşının ürəyini yandıracam, çünki sən də mənim ürəyimi övlad ağrısı ilə yandırdın” deyir.[5] Tərəflər arasında uzun çəkən mübarizə nəticəsində Sultan İbrahim yaralanır. Bunu görən qızılbaşlar döyüş meydanına hücum çəkir. Döyüş günorta vaxtlarına qədər davam edir. Nəticədə Sarom xanın rəhbərliyində kürd qoşunları məğlub olur. Qızılbaşlar şahzadəni də götürüb Təbrizin cənubuna yola düşürlər. “Aləmara-yi Səfəvi”də Sarom xanın məğlubiyyəti belə təsvir olunur:[6]
“Sarom xan oradakı kürdlərə sitəm edib - “Ey namərd sürüsü, sizin dörddə biriniz qədər olan bir neçə Qızılbaş sizdən 3000 nəfəri öldürdü. Onların qarşısını kəsmədiniz, oğlumun qisasını almadınız.” Onlar isə cavabında - “Qızılbaşlar insan deyil onların bədənləri polad üzərinə nəqş edilib. Görmədiniz mi necə and içərək qılınc oynadırlar?””
Mənbələrdə bu döyüşdən sonra tərəflər arasında ikinci bir qarşıdurmanın olduğu barədə məlumatlar öz əksini tapır. Döyüş meydanındakı hadisələrdən xəbər tutan Şah İsmayıl narahatçılıq içərisində Təbrizə doğru hərəkətə etməyi qərara alır. Qəzvinə çatanda Şah İsmayıl xəbər tutur ki, Gilanda da qarışıqlıq yaranmışdır. Belə ki, Ağqoyunlu Əlvənd Mirzə ilə döyüşdən qaçan 4000 nəfər türkmən Gilana doğru yola çıxmışdı. Məhz bu vaxt Şah İsmayıl qərara aldı ki, hələlik Sultan İbrahimin köməyinə Əbdi bəy Şamlının rəhbərliyi altında 6 min nəfərlik dəstə göndərsin, özü isə Gilana yollansın və orada vəziyyəti sabitləşdirsin.[7]
İkinci gün Sarom xan yenidən döyüş meydanına enir və tərəflər öz yerlərini tuturlar. Sarom xanın digər oğlu Ərduvan bəy atasından icazə alıb meydana çıxır və qarşısına adam tələb edir. Şahzadə yaralı olduğu üçün onun qarşısına Əbdi bəy Şamlı çıxır. Qarşılıqlı mübarizədə Əbdi bəy yaralanır. Ərduvan bəy onun başını kəsmək üçün əyildikdə oğlu Durmuş xan döyüş meydanına atılır. Qılınc zərbəsi ilə Ərduvan bəyi qətlə yetirir. Sarom xan oğlunun öldürüldüyünü gördükdə özünü Durmuş xanın üstünə atdı, bütün qəzəbini toplayaraq qılıncının zərbəsini Durmuş xanın üstünə yönəltdi.[7] Bu zərbə o qədər ağır idi ki, Durmuş xanın müdafiə olunmağa çalışdığı qalxanını parçalayaraq onu yaraladı. Bununla belə, Durmuş xan döyüş meydanını tərk etmədi və bütün qızılbaşları da döyüşə ruhlandırmaq üçün yarasını sarıtdırıb özünü yenidən meydana atdı. Bu zaman döyüş kürd ordusunun üstünlüyü ilə davam edirdi. Şah İsmayıl Gilanda işləri qaydasına qoyduqdan sonra Ərdəbilə buradan isə Təbrizə tərəf yola düşür. Təbrizə gəldikdə qızılbaşların döyüşdə çətin vəziyyətə düşdüklərini öyrənir. Şah İsmayıl öz dəstəsi ilə qızılbaşların köməyinə çatır. Şah İsmayılın qoşun dəstəsinin yetişməsi döyüş meydanındakı vəziyyəti tamamilə dəyişdi və hərbi təşəbbüs qızılbaşların əlinə keçdi. Döyüş Sarom xanın rəhbərliyində kürd qoşunun məğlubiyyəti ilə nəticələndi.[8]
İsgəndər bəy Münşi “Tarix-i aləmara-yi Abbasi” əsərində isə Kürd qoşunlarının Təbriz üzərinə yürüşü müxtəsər olaraq aşağıdakı kimi təsvir edilmişdir: “O biri ilin baharında Şah İsmayıl Həmədan yaylağına getdi. Qışı Xoy və Səlmasda keçirdi. Urumi vilayətinə gəlmiş və məmləkətin kənarlarına əl uzatmış kürd Şər Saromun fitnəsi Bayram bəy Qaramanlunun və Xəlifətülxüləfa adı ilə məşhur olan Xadim bəyin səyləri ilə aradan qalxdı. Onlar Saromun iki qardaşını, oğlunu və sərdarlarının çoxusunu ələ keçirib, ağır əzablarla cəzalandırdılar, onun bütün eli-ülusu hadisələrin taracına getdi. Durmuş xanın atası Əbdi bəy Şamlu və Sarı Əli Möhürdar Təkəlü bu səfərdə həlak oldular.”[9]
Aləmara-yi Səfəvi əsərində Sarom xanın döyüş meydanında Şah İsmayıl tərəfindən öldürüldüyü bildirilsə də, mənbələrdə bu haqda məlumatlar müxtəlifdir. Şərəf xan Bitlisi Sarom xanın digər kürd hakimlərlə birlikdə Osmanlı torpaqlarına Sultan Səlimin yanına qaçdığını yazır.[10] Müəllif qeyd edir ki, Sultan Süleyman Osmanlı taxtına çıxdığı zaman Sarom xan ona da öz sədaqətini təqdim edir və xahiş edir ki, atasına mənsub torpaqlar iqta kimi ona verilsin. Lakin əmr imzalandıqdan bir müddət sonra Sarom xan vəfat edir.[1] Başqa bir mənbədə isə qızılbaşların Sarom xanın düşərgəsinə hücum edib, onu və tərəfdarlarını əsir götürdükləri və daha sonra işgəncə edilib öldürüldüyü qeyd olunub.[11]
Şah İsmayıl, ehtimal ki, Sarom xan Mükri ilə döyüşdükdən bir il sonra Kürdüstana doğru yola çıxır. Buradan Maraş üzərinə yürüş edib və Maraş hökmdarı Əlaüddövlə Zülqədiri məğlub etdikdən sonra Diyarbəkirə tərəf gedir.