Afad Qurbanov

Afad Qurbanov (azərb. Afad Məmməd oğlu Qurbanov‎; 10 yanvar 1929, Cücəkənd, Aleksandropol qəzası26 sentyabr 2009, Bakı) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991).[1]

Afad Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1929(1929-01-10)
Doğum yeri
Vəfat tarixi 26 sentyabr 2009(2009-09-26) (80 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti alim
Uşaqları
Elmi fəaliyyəti
Elm sahəsi Dilçilik
Elmi dərəcəsi Professor, Filologiya elmləri doktoru, Akademik
Elmi adı Professor, AMEA-nın üzvü
İş yeri V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun Rektoru, Azərbaycan Əlifba Komissiyasının Sədri

Təltifləri Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar elm xadimi
afadgurbanov.az/?lang=az

Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981–1989-cu illərdə APİ-nin rektoru olub. 1990–1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.

XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.

Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.

XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M. F. Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.[2]

Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi, məşhur dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A. Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə "Səməd Vurğunun "Vaqif pyesinin dili və üslubu" mövzusunda namizədlik, 1968-ci ildə isə "Müasir Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan dilçiliyində fonetika Ə. Dəmirçizadə və A. Axundovun, leksikologiya S. Cəfərovun, dialektologiya M. Şirəliyevin, morfologiya M. Hüseynzadənin, sintaksis Ə. Abdullayevin, dil tarixi H. Mirzəzadə, Ə. Dəmirçizadə və T. Hacıyevin, morfologiya F. Cəlilovun, onomalogiya isə A. Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi "Azərbaycan onomastikası" (1986), "Azərbaycan onomalogiyası məsələləri" (1986), "Poetik onomastika" (1988), "Azərbaycan dilinin onomalogiyası" (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir.[3] Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A. Qurbanovdur.

Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə" (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında "Dilçiliyin sistemi" (1976), "Dilçiliyin tarixi" (1976), "Müasir Azərbaycan ədəbi dili" (1967, 1985), "Bədii mətnin linqvistik təhlili" (1986), "Azərbaycan onomastikası" (1986), "Azərbaycan dilinin onomalogiyası" (1988), "Ümumi dilçilik", I–II cildlər (1989–1993), "Dünyanın dil ailələri" (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur[4].

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A. Qurbanovun 1967-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A. N. Kononovun fikri maraqlıdır: "A. M. Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır".

A. Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981–1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.

Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.

  1. "Qurbanov Afad Məmməd oğlu". 2018-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  2. ATV. "Alim türkoloq və ictimai xadim Afad Qurbanovun doğum günüdür" (az.). Youtube.com. 10.01.2021. İstifadə tarixi: 2021-01-11.
  3. İctimai TV. "Əlifba islahatının aparılmasında rolu olan Afad Qurbanovun 95 illik yubileyidir" (az.). Youtube.com. 10.01.2024. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  4. Şöhrətli xalq dilçisi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]