Ramin Qurbanov (Qaraqurbanlı) (tam adı: Ramin Afad oğlu Qurbanov, 10 may 1974, Bakı) — Azərbaycan alimi, hüquqşünas, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti. Bakı Apelyasiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü[1]. Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun "Beynəlxalq hüquq" şöbəsinin müdiri (2018-ci ildən), hüquq elmləri doktoru, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin mülki-hüquq fənləri kafedrasının professorudur[2].
Ramin Qurbanov | |
---|---|
Doğum tarixi | 10 may 1974 (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Afad Qurbanov |
Elm sahələri | beynəlxalq hüquq, cinayət hüququ, Avropa hüququ və insan hüquqları |
Elmi dərəcəsi | hüquq elmləri doktoru |
Elmi adı | |
İş yerləri | CEPEJ-in rəhbəri, hakim |
Təhsili | BDU Beynəlxalq hüquq fakültəsi, ABŞ Norsvestern Universiteti Hüquq institutu, RF Rusiya Hüquq Akademiyası Hüquq Fakültəsi, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası İnzibati idarəetmə fakültəsi |
Üzvlüyü | Beynəlxalq hüquq üzrə Rusiya Assosiasiyası, Amerika Hüquqşunaslar Assosiasiyası |
Mükafatları | Avropa Şurası, AMEA, Məhkəmə-hüquq Şurası, Ədliyyə Nazirliyi tərəfindən dəfələrlə mükəfatlandırılmışdır |
Vikianbarda əlaqəli mediafayllar |
Ramin Qurbanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Avropa dövlətlərinin məhkəmə sistemlərinin təşkili və qiymətləndirilməsinə dair beynəlxalq tədqiqat layihələrinin ekspertidir[3], Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə apardığı məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində layihələrin koordinatoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq Elmləri üzrə Ekspert Şurasının üzvüdür.
Ramin Qurbanov 10 may 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Atası akademik Afad Qurbanov — görkəmli Azərbaycan dilçi-alimi, müasir Azərbaycan əlifbasının müəllifi və anası Zöhrəxanım Qurbanova tibb elmləri namizədidir. Ramin Qurbanovun, həmçinin, iki qardaşı və iki bacısı vardır: Rəşad Qurbanov — hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası; Fuad Qurbanov — tibb elmləri doktoru; Fərəh Qurbanova — tibb elmləri doktoru, dosent; Fidan Qurbanova — filologiya elmləri doktoru, professor.
Evlidir, 3 övladı var
1990-cı ildə Ramin Qurbanov Bakı şəhərinin 134 nömrəli orta məktəbini medalla bitirmişdir. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir[1][4]. 1996-cı ildən 1998-ci ilədək Bakı Dövlət Universitetində aspiranturada oxumuşdur. 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin hərbi fakültəsində təhsilini davam etdirmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsini, 2006-cı ildə isə Rusiya Hüquq Akademiyasının (hazırda Ümumrusiya Dövlət Ədliyyə Universiteti) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir[2].
2002-ci ildə R. Qurbanov ABŞ-nin Norsvestern Universitetinin Hüquq İnstitutunun Beynəlxalq İnsan Hüquqları üzrə Mərkəzində "Məhkəmə müstəqilliyi və insan hüquqlarının məhkəmə təminatı" və ABŞ-nin Ədliyyə Nazirliyinin Mülki Hüquqlar İdarəsində"İnsan hüquqlarının qorunmasında Ədliyyə Nazirliyinin rolu" mövzusunda elmi tədqiqatlarını aparmışdır. Eyni zamanda, o, ABŞ-nin federal hakimlərinin ixtisasartırması üzrə elmi-tədris təşkilatında — Federal Məhkəmə Mərkəzində "Hakimlərin təhsili onların müstəqilliyinin əsas elementi" mövzusunda elmi tədqiqatının uğurla aparmasına müvəffəq olmuşdur[3].
Eyni zamanda, R.Qurbanov Sinqapur Məhkəmə İnstitutunda "Məhkəmələrin elektron idarəolunması: zamanın tələbləri, həlli yolları, yeniliklər" mövzusunda ixtisasartırma kurslarını, habelə Beynəlxalq Hüquq İnstitutunun ABŞ-nin Corctaun Universiteti ilə birgə təşkil etdiyi "Məhkəmə idarəçiliyi, məhkəmələrdə işin təşkili və elektron sənəd dövriyyəsi" mövzusunda ixtisaslaşdırılmış kursları müvəffəqiyyətlə bitirmişdir[1].
Ramin Qurbanov ingilis, rus, fransız və alman dillərində danışır.
Ramin Qurbanov öz əmək fəaliyyətini 1995-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsində hüquq məsələləri üzrə məsləhətçi qismində başlamışdır[1]. Sonradan 1998-ci ildən 2013-cü ilədək Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən qanunvericilik aktlarının hazırlanması, məhkəmə fəaliyyətinin təşkili, məhkəmələr və ədliyyə orqanları ilə işin qurulması sahəsində mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin islahatlar üzrə qrupunun rəhbəri olmuşdur.
Eyni zamanda, R. Qurbanov Ədliyyə Nazirliyinin fəaliyyətini tənzimləyən normativ aktların hazırlanması üzrə İşçi Qrupu və ədliyyə orqanlarında informasiya texnologiyalarının tətbiqi üzrə İşçi Qrupunun üzvü olmuşdur.
2013–2020-ci illərdə Ramin Qurbanov Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi işləmiş[3] və fəaliyyəti dövründə tərəfindən ölkədə ən çox sayda bəraət hökmü çıxarılmışdır[5][6]. 2020-ci ildən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsində çalışır[7].
2014-cü ildən R. Qurbanov Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması və tətbiqi üzrə İşçi Qrupunun rəhbəridir[1]. Bu müddət ərzində beynəlxalq mükafatlara layiq görülmüş "Elektron məhkəmə" və "Elektron icra" sistemləri yaradılmışdır. Bu sistemlərin altkomponentində məhkəmə sistemində ilk dəfə olaraq əmr icraatında hakim əvəzinə məhkəmə qərarlarını çıxaran süni intellektdən istifadə olunmuşdur[8]. Bununla yanaşı, "Elektron məhkəmə" sisteminin mobil tətbiqi istifadəyə verilmiş, kommersiya mübahisələrində tam kagızsız mübadilə tətbiq olunmuş, proses iştirakçısının şəxsi kabineti və vahid məhkəmə portalı istifadəyə verilmişdir. 2017-ci ildə həmin işçi qrupu tərəfindən hazırlanmış "Elektron məhkəmə" sisteminin analitik modulu ilk dəfə olaraq Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsi çərçivəsində mükafata layiq görülmüşdür[9][10].
2005-ci ildən Ramin Qurbanov Azərbaycan Respublikasının Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (SEPEJ/CEPEJ) nümayəndəsidir. Həmin komissiya Avropa Şurasının ədalət mühakiməsi, məhkəmə sistemi, prokurorluq, vəkillik və ədliyyə sistemi sahəsində ixtisaslaşan məşvərətçi və qiymətləndirmə qurumudur[4].
Bu müddət ərzində o İsveçrə, Estoniya, Kipr, Slovakiya, Gürcüstanın məhkəmə sistemilərinin qiymətləndirilməsində iştirak etmiş, habelə Litva, Latviya[11], Qazaxıstan[12], Çexiya[13], Şimali Makedoniya[3] və Moldaviyaya göndərilən qruplara rəhbərlik etmişdir[1]. Səyi nəticəsində 2014-cü ildə Avropa Şurasının tarixində ilk dəfə olaraq Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının plenar iclası Strasburqdan kənarda, məhz Bakıda keçirilmişdir[14].
2014–2018-ci illərdə R. Qurbanov Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının ali idarəetmə orqanı olan Bürosunun dörd üzvündən biri[4], sonradan isə vitse-prezidenti vəzifəsində işləmişdir[15]. 4 dekabr 2018-ci ildə Ramin Qurbanov həmin qurumun prezidenti vəzifəsinə seçkilərdə iştirak etmiş[14] və bu Komissiyanın Qərbi Avropadan olmayan ilk rəhbəri kimi Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilmişdir[16][17].
2008-ci ildən R. Qurbanov Dünya Bankının Azərbaycan Hökuməti ilə birgə həyata keçirdiyi məhkəmə sisteminin müasirləşdirilməsinə dair layihələrin koordinatorudur[18]. Bu layihələr çərçivəsində məhkəmə infrastrukturuna dair vahid standartlar hazırlanmış, müasir məhkəmə binaları və komplekslərin ölkə başçısının iştirakı ilə açılış mərasimləri müvəffəqiyyətlə keçirilmiş, "Elektron məhkəmə" və "Elektron icra"informasiya sistemləri yaradılmış, mediasiya pilot mərkəzləri tətbiq edilmiş, CEPEJ-lə birgə mediasiya haqqında qanun layihəsi hazırlanmış, vəkillik institutunun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra edən özəl qurumların yaradılması, ədliyyə sahəsində gender siyasəti, yuvenal ədliyyə, məhkəmə qərarlarının keyfiyyəti və s. mövzular üzrə tədqiqatlar aparılmışdır[19].
Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlığının 20 illiyi və 25 illiyinin qeyd olunması ərəfəsində həmin layihələr Azərbaycanda həyata keçirilən bütün digər layihələr sırasında ən qabaqcıl olduğu üçün mükafatlara layiq görülmüşdür[19].
Ramin Qurbanov Azərbaycan Respublikasının Dünya Bankının "Doing Business" hesabatı üzrə məruzəçisidir (müqavilələrin icrası üzrə indikatoru) və məhz "Elektron məhkəmə" sisteminin müasir imkanlarına görə "Doing Business — 2020" Hesabatında Azərbaycan 190 dövlət sırasında 40-cı yerdən 28-ci yerə yüksəlmişdir[1].
1996-cı ildən başlayaraq Ramin Qurbanov hüququn müxtəlif sahələri üzrə elmi tədqiqatlar aparır. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin aspirantı, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı, doktorantı, kiçik elmi işçisi, aparıcı elmi işçisi olmuşdur[1]. R. Qurbanov 2002-ci ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda hüquq elmləri namizədi elmi dərəcəsi üzrə "Suların cinayətkarcasına çirkləndiriməsinə qarşı mübarizə: Kür və Araz çaylarının materialı əsasında" mövzusunda dissertasiya işini müdafiə etmişdir[4]. 2016-cı ildə ona hüquq elmləri doktoru elmi dərəcəsi verilmiş və doktorluq dissertasiya işinin mövzusu: "Avropa məkanında məhkəmə orqalarının qarşılıqlı fəaliyyəti: nəzəri və təcrübi məsələlər" olmuşdur[4].
O, beynəlxalq hüquq, cinayət hüququ, Avropa hüququ və insan hüquqları sahəsində ixtisaslaşır[3].
2011–2016-cı illərdə R. Qurbanov AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Beynəlxalq münasibətlər və beynəlxalq hüquq" şöbəsinin böyük elmi işçisi, aparıcı elmi işçisi olmuşdur[4]. O, 2017-ci ildən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Beynəlxalq hüquq" şöbəsinin baş elmi işçisi vəzifəsində çalışmış, hazırda isə həmin şöbənin müdiridır[1].
Ramin Qurbanov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvüdür[2].
2004-cü ildən başlayaraq R. Qurbanov pedaqoji fəaliyyət göstərir. 2004-cü ildən 2005-ci ilədək "Odlar Yurdu" Universitetinin hüquq fakültəsinin mülki-prosessual hüquq kafedrasında müəllim işləmişdir. Sonradan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının hakimlər və dövlət ittihamçılarının tədrisi sektorunun mühazirəçisi olmuşdur. 2009-cu ildən hal-hazıradək Ədliyyə Akademiyasının mühazirəçisidir və 2018-ci ildə həmin akademiyanın prorektoru vəzifəsini müvəqqəti icra etmişdir[1].
R. Qurbanov müxtəlif beynəlxalq təşkilatların — Amerika Hüquqşünasları Assosiasiyası (Çikaqo bölməsi), Beynəlxalq Hüquq üzrə Rusiya Akademiyası və Azərbaycan Hakimləri Assosiasiyasının İttifaqının üzvü olmuşdur[2].
Azərbaycan Respublikası Ədliyyə Nazirinin əmrləri ilə ədliyyə orqanlarında səmərəli fəaliyyətə görə müxtəlif tarixlərdə mükafatlandırma qaydasında qiymətli hədiyyə, fəxri fərmanlar, döş nişanı və vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının qərarı əsasında Dünya Bankı ilə birgə aparılan məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində layihələri uğurla icra etdiyinə və ölkəni Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında layiqincə təmsil etdiyinəgörə təşəkkür elan olunmuşdur. Habelə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsi çərçivəsində qalib gəldiyi "Elektron məhkəmə" sistemini hazırladığına görə qiymətli hədiyyə ilə təltif edilmişdir[2].
2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AMEA-nın elmi və elmi-ictimai həyatında fərqləndiyinə, elmi məhsuldarlığına, Azərbaycan elmini beynəlxalq aləmdə layiqincə təmsil etdiyinə, süni intellekt məsələlərinə dair ölkədə ilk beynəlxalq konfransın yüksək səviyyədə təşkil etdiyinə[20] və məhkəmə sistemlərinə dair ilk üçcildlik beynəlxalq ensiklopedik nəşri hazırladığına görə Ramin Qurbanova təşəkkür elan olunmuş, habelə o Fəxri Fərmanla təltif edilmişdir[2].
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) yaradılmasının 15 illiyinin qeyd olunması ərəfəsində Avropada ədliyyənin səmərəliliyi və keyfiyyətinin artırılması sahəsində CEPEJ-in işinə verdiyi töhfəsinə görə təşəkkür elan olunmuşdur[2].
2018-ci ilin dekabr ayında R. Qurbanov professor Rövşən Mustafayev adına medal ilə təltif olunmuşdur[21].